“Tramp bunu düz üzümə dedi...” -
ABŞ cırtdan bir ölkənin nüvə silahına malik olmasına imkan verməyəcək.
interposta.info xəbər verir ki, bu sözləri Teleqraf.com-a yeni dünya və ya nüvə müharibəsinin mümkünlüyü haqda danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Şimali Koreya təhlükəli dövlətdir, ona qarşı ciddi ölçülər götürüləcək.
Politoloqun sözlərinə görə, hadisələr faciəvi ssenari üzrə inkişaf edir:
“Şimali Koreyanın rəhbəri sülalə hakimiyyətinin nümayəndəsidir. Onun hərəkətləri məntiqdən uzaq, məzmunsuz hərəkətlərdir. ABŞ cırtdan bir ölkənin nüvə silahına malik olmasına imkan verməyəcək. Üstəlik, Pxenyanı ABŞ-a rəqib Rusiya və Çinin dəstəkləməsi, iqtisadi əlaqələrin genişliyi Vaşinqtonu ciddi narahat edir”.
Mütəxəssis hesab edir ki, Şimali Koreya ilə bağlı məsələ ABŞ-da təkcə prezident Trampın rəyi ilə formalaşmayacaq: “Konqres və Senatda böyük əksəriyyət Şimali Koreyada təcili dəyişikliklərin olmasının tərəfdarıdır. Bunun üzərinə Yaponiya və Cənubi Koreyanın da Pxenyanın indiki rəhbərliyindən xilas olmaq düşüncəsini əlavə etsək, mənzərə aydın görünər.
Cənubi Koreya sərhəd boyu ciddi hazırlıqlar həyata keçirir. Burada Seulun hərbi imkanları ilə yanaşı, ABŞ-dan göndərilən raket əleyhinə müdafiə sistemləri, müasir avadanlıqlar da mövqe tutur. Qənaətimcə, Şimali Koreya ətrafında gedən prosesləri daha çıx qızışdıran Pxenyanın özüdür. Mən inanmıram ki, Pxenyanın əlində ABŞ-a çatacaq ballistik raket olsun. Hələlik söhbət sınaqlardan gedir.
Şimali Koreyanın indiyə qədər ən uzun mənzilli raketləri 850 kilometrlikdir. Bu özü də sınaqdır, seriya istehsalı deyil. Nəzərə alsaq ki, ABŞ-ın raketdən müdafiə sistemi müasir və həssasdır, deməli, onlar anında Pxenyandan gələn raketləri zərərləşdirə bilər.
Lakin Cənubi Koreya üçün bunu demək çətindir. Mənim zənnimcə, Pxenyan süni görüntü yaratmağa daha çox üstünlük verir. Hazırda Şimali Koreya məsələsi yetişmiş kimi görünür. Söhbət Pxenyanın zərərləşdirilməsindən gedir və bu, mütləq baş verəcək.
Fikrimcə, ABŞ hərbi arsenalına görə, Yaponiya və Cənubi Koreyadan üstündür. Lakin digər iki dövlət də inkişaf etmiş ölkələrdir. Hesab edirəm ki, bu üç ölkənin hərbi potensialı hesabına çox az itki ilə Şimali Koreya probleminin həlli baş tutacaq”.
Xatırladaq ki, respublikaçı senator Lindsi Qrem yeni dünya müharibəsi ilə bağlı ciddi mesaj verib.
Senator müharibə anonsunu verərkən ABŞ prezidentinin mövqeyini də elan edib. O deyib ki, Donald Tramp Pxenyanın ABŞ-a çata bilən nüvə başlıqlı ballistik raketlə silahlanmasına imkan verməyəcək.
“Əgər Kim Çen İni dayandırmaq üçün müharibə lazım gələcəksə, deməli, müharibə olacaq. Minlərlə ölən olacaqsa, orada öləcəklər, Amerikada yox. Tramp bunu düz üzümə dedi”, - senator bildirib.
Qeyd edək ki, Pxenyan son dövrlər fasiləsiz ballistik raket sınaqları keçirir. Şimali Koreya rəhbərliyi bəyan edib ki, artıq “Xvason-14” adlı raket Amerikaya qədər uça və nüvə başlığı daşıya bilər.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26