Interposta.Info

Hərbi attaşelər və xarici jurnalistlər Alxanlıda oldular

Siyasət
 7-07-2017, 11:01     682


Onlar balaca Zəhra və nənəsinin məzarını ziyarət etdilər, növbəti erməni vəhşiliyinin nəticələrini öz gözləri ilə gördülər

Dünən Azərbaycan Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub.

Musavat.com-a XİN-dən verilən məlumata görə, səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, Amerikanın Səsi, “İnterfax”, “BBC” və digər xarici KİV nümayəndələri iştirak edirlər. Səfərdə habelə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edib. O sıradan ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatı iştirak ediblər.

Səfər çərçivəsində qonaqlar iyulun 4-də Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində həlak olmuş 50 yaşlı Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduqları hadisə yeri ilə tanış olublar və əraziyə baxış keçiriblər. Onlara baş vermiş hadisə barədə yerindəcə ətraflı məlumat verilib. Həmçinin qonaqlar Füzuli hospitalında yaralı Quliyeva Sərvinaza baş çəkib, yas mərasimində iştirak ediblər. Onlar həlak olanların ailələrinə başsağlığı verib, dərdlərinə şərik olduqlarını bildiriblər.
Hərbi attaşelər və xarici jurnalistlər Alxanlıda oldular



AzərTAc xəbər verir ki, kənd sakinləri beynəlxalq təşkilatlardan haqq-ədalətin təmin olunmasını, xarici KİV nümayəndələrindən isə erməni silahlı bölmələri tərəfindən dinc insanların öldürülməsi faktının dünya ictimaiyyətinə çatdırılmasını istəyiblər. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin ardıcıl və davamlı şəkildə ağır silahlardan açdığı atəş nəticəsində 2 yaşlı uşağın qətlə yetirilməsi Ermənistan hökumətinin Xocalı faciəsində törətdiyi amansız qətliamın davamı və eyni qaniçən zehniyyətin növbəti nəticəsidir. 2016-cı il aprel ayının əvvəlində Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdəki mövqelərindən qoşunların təmas xəttinə yaxın ərazilərdə sıx yaşayan mülki əhalini ağır silahlardan hədəfə almış, nəticə olaraq Azərbaycanın 34 yaşayış məntəqəsi və kəndi artilleriya atəşinə məruz qalmışdı. Törədilən vandalizm aktı nəticəsində aralarında uşaqlar da olmaqla, 6 nəfər həlak olmuş və 33 nəfər ağır yaralanmışdı.

Bu arada Fransanın Xarici İşlər Nazirliyi Alxanlı faciəsi ilə bağlı başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibinin bəyanatında deyilir. Bəyanatda Fransanın tərəfləri atəşkəsə hörmət etməyə çağırdığı, eləcə də münaqişənin regiona sabitlik və çiçəklənmə gətirəcək şəkildə ardıcıl, uzunmüddətli həllinə tam sadiq olduğu vurğulanıb.

Öz növbəsində Fransa-Qafqaz Dostluq Qrupunun sədri, senator Andre Reyşar növbəti erməni vəhşiliyi ilə bağlı bəyanat verib. APA-nın məlumatına görə, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin sorğusuna cavab olaraq verilən bəyanatda deyilir: “Bu münaqişə ilə heç bir əlaqəsi olmayan günahsız dinc sakinlərin qətlə yetirilməsi barədə xəbər məni çox kədərləndirdi. Azyaşlı uşağın qətlə yetirilməsi xəbəri isə mənə xüsusi təsir elədi. Mən Azərbaycan ailələri və hakimiyyətinə dərin hüznlə başsağlığı verirəm. Bu dramatik hadisə Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş olmadığını bir daha sübut edir. Qarabağ münaqişəsi sülh yolu ilə ədalətli və təxirəsalınmaz şəkildə həll olunmalıdır. Təsadüfi deyil ki, prezident Emanuel Makron bu məsələni hər zaman diqqət mərkəzində saxlayır. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Rusiya və ABŞ-la birlikdə, Fransa bu münaqişənin sülh yolu ilə həllinin sürətləndirilməsinin tərəfdarıdır və bunun üçün öz töhfələrini verməkdədir. Münaqişə ərazisindən Ermənistan silahlı qüvvələrinin çıxarılması münaqişənin sülh yolu ilə həll edilməsinin əsas şərtidir. Mən Azərbaycan ordusunun qisas almaq niyyətindən və bunun yeni hərbi toqquşmalara səbəb olacağından qorxuram”.

Alxanlıdakı faciəyə beynəlxalq reaksiyalar gəlməkdə davam edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26