Interposta.Info

Lavrovun Qarabağ bəyanatı -

Siyasət
 8-06-2017, 11:21     1 076

Rusiyanın baş diplomatının yenidən sülhün alternativinin olmadığını xatırlatması ətrafında ilginc şərhlər; Moskva həmsədrlərin səfəri ərəfəsində müharibə riskinin artmasından ehtiyatlanır...

Müəyyən fasilədən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov yenidən Qarabağ məsələsi ilə bağlı açıqlaması ilə diqqət çəkdi. Rusiyanın baş diplomatı İ.Kant adına Baltik Federal Universitetinin tələbələri qarşısında çıxışı zamanı Qarabağ münaqişəsinin həllinin sülhdən başqa alternativinin olmadığını bildirib.

“Yalnız danışıqlar, başqa yol yoxdur. Bir neçə dəfə problemin danışıqlar yolu ilə həlli yaxın olub, lakin sonra tərəflər arasında müəyyən inamsızlıqlar baş verdi. Amma işlər davam etdirilməlidir”- Lavrov deyib. Rusiya XİN rəhbəri qeyd edib ki, danışıqlar prosesi zamanı müəyyən prinsiplər işlənib hazırlansa da, bir sıra ciddi detalların razılaşdırılması vacibdir: “Amma biz səylərimizi davam etdiririk. Bildiyiniz kimi, Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridir və biz münaqişə tərəfləri ilə mütəmadi olaraq görüşürük və bu çərçivədə onlar arasında hələ də razılaşdırılmayan xırda, lakin çox ciddi detalları həll etməyə çalışırıq”.

Xatırladaq ki, bu ilin əvvəlində S.Lavrov “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” bəyanatını səsləndirməsi ilə ölkəmizdə ciddi etirazlar qazanmışdı. Azərbaycanın ərazi bütövlüyünün qəsdinə hesablanmış bu bəyanata etirazların qarşılığında rus diplomat dediklərinə hər hansı izahat verməsə də, sonrakı aylarda mövqeyində müəyyən korrektələr etmişdi.

“Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi həll oluna bilər. Bunu uzun müddət davam edən danışıqların nəticələri göstərir. Lakin bir sıra maddələr üzrə razılıq əldə olunmalıdır. Bura təhlükəsizlik, humanitar yardım, Qarabağ ətrafı rayonların geri qaytarılması və Qarabağın statusu məsələsi daxildir”, - deyə S.Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə Moskvada keçirdiyi mətbuat konfransında bildirmişdi. O zaman da Lavrov demişdi ki, qeyd edilən bəndlərin böyük əksəriyyətinə dair razılıq əldə olunub, lakin “biri-iki bənd üzrə danışıqlar gedir”. XİN başçısı o zaman da demişdi ki, hazırkı şərtlərdə danışıqları bərpa etmək üçün cəbhə və təmas xəttində gərginlik azaldılmalıdır. Prinsipcə S.Lavrovun mart ayında səsləndirdiyi bəyanatla sonuncu arasında ciddi fərq yoxdur. Lakin S.Lavrovun sülhün alternativinin olmadığı haqda açıqlamasının məhz indiki-Qarabağ cəbhəsində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin artdığı dövrə təsadüf edir. May ayında işğalçı ölkənin davamlı təxribatlarının cavabında Azərbaycan ordusu bir neçə sarsıdıcı zərbələr endirdi ki, bu da Ermənistanın himayədarlarını açıq şəkildə narahat etdi. Hətta ordumuzun “OSA” kompleksini məhv etməsinə Moskvadan aşkar etirazın ardınca həmsədrlərin Azərbaycanı günahlandıran bəyanatı da oldu. Paralel olaraq Ermənistan tərəfin Madrid prinsiplərindən imtinaya istiqamətlənmiş açıqlamalarının ardınca savaş varinatının ciddi şəkildə gündəmə gəlməsi və Bakının prinsipial mövqeyi bəzi dairələri hərəkətə keçməyə vadar etdi. Elə ATƏT-in baş katibinin məhz belə gərgin günlərdə İrəvana səfər etməsi, daha sonra isə həmsədrlərin bölgəyə səfərinin planlaşdırılması təsadüfi deyildi. Görünən budur ki, Rusiyanın baş diplomatı da proseslərin nəzarətdən çıxa biləcəyindən ehtiyatlandığı üçün danışıqların bərpasına yönəlik çağırış edir.

Bəs ekspertlər nə düşünür, Lavrovun Qarabağ açıqlaması hansı anlamı verir? Nazir kimə xəbərdarlıq edir: düşmənə cavab zərbələri endirən Azərbaycana, yoxsa son vaxtlar təxribatlarını artıran Ermənistana? Minsk Qrupu həmsədrlərinin səfərləri ərəfəsində Rusiya diplomatının ənənəvi olsa da, amma belə bir açıqlama verməsinin səbəbi nə ola bilər? Rusiya yenə də “Qarabağ mənlikdir” deməkmi istəyir, yoxsa hərbi əməliyyatların başlaya biləcəyi xəbərdarlıqlarını ciddiyə alır? Yeri gəlmişkən, bu bəyanat S.Sərkisyanın Azərbaycanla sərhəd bölgələrə gəldiyi gün səslənib.

Hərbi ekspert Üzeyir Cəfərov dedi ki, Lavrov əvvəllər söylədiyi sözləri təkrar edib: “Dəfələrlə eyni fikri söyləyən rus diplomatı, görəsən, bizi nə sayır? Nədən o bircə dəfə də olsun işğalçını beynəlxalq hüquqa və normalara hörmətlə yanaşmağa dəvət etmir? Axı Azərbaycan kifayət qədər səbr və dözüm nümayiş etdirib. Bu illər ərzində sonsuz sayda danışıqlar prosesinin şahidi olmuşuq. Və hər dəfə də guya hansısa ”uğurun bir addımlığında" işlər pozulub. Və ümumi söz yığnağı və yenə hansısa mücərrəd fikirlər. Bu arada isə biz Rusiyanın Ermənistanı aktiv şəkildə silahlandırdığının şahidi olmuşuq və oluruq. Demək olar ki, son illər işğalçıya o qədər silah-sursat təslim edilib ki, Allah göstərməsin, bu dəfə cəbhədə baş verə biləcək hadisələr çox ağır nəticələrə gətirib çıxaracaq".

Ü.Cəfərov həmsədrlərin gözlənilən səfərindən heç bir müsbət nəticə gözləmədiyini də vurğuladı: “Ona görə ki, bu üçlükdən daha çox Rusiya canfəşanlıq edir və onların da ”canıyananlığının" necə olması haqqında bir qədər yuxarıda danışdıq. Bunlar vaxt uzatmaqla, Ermənistanın maraqlarını təmin etməklə məşğuldurlar. Bunu demək olar ki, artıq hər kəs bilir və bu zərərli addımlarının fərqindədirlər. Bütün baş verənlər, sadəcə, görüntü üçün və ATƏT-in bivec Minsk Qrupu üçün hesabat tərtib etməkdən ötəri növbəti hiyləgərlikdir. Bunu anlamaq üçün heç də böyük siyasi savada malik olmaq lazım deyil. Biz onlarla məsələmizi konkretləşdirməliyik. Yoxsa bunlar hələ çox hoqqalardan çıxmaq istəyirlər".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Sergey Lavrovun xəbərdarlılqarı Azərbaycana ünvanlanıb: “Çünki Ermənistan status-kvonu uzatmağa, Azərbaycan isə status-kvonu ortadan qaldırmağa çalışır. Status-kvonu dəyişməyin yolu isə cəbhə bölgəsində işğalçıya təzyiqin artırılmasından keçir. Bu isə Kremlin və onun təmsilçisi Sergey Lavrovun xoşuna gəlmir. Kreml Azərbaycanın güc yolu ilə torpaqlarını azad etməsində maraqlı deyil. Lavrov ondan qorxur ki, isti aylarda Azərbaycan işğalçıya qarşı hərbi təzyiqlərini artıra bilər. Ona görə də ad çəkmədən Azərbaycanı xəbərdar edir ki, biz müharibəyə başlamayaq”.

Bu arada, E.Şahinoğlu Ermənistan saytlarının xəbərlərinə ehtiyatla yanaşmağı məsləhət gördü: “Ermənistanın hansısa saytına istinadən belə xəbər yayılıb ki, guya Rusiya erməni maraqlarını düşünmür, rus agentlər Dağlıq Qarabağa gedərək bölgənin Azərbaycana qaytarılmasıyla bağlı təbliğat aparırlar. Bu, Azərbaycan cəmiyyətinin rahatlanmasına və Rusiyaya inamının artmasına hesablanmış dezinformasiyaya oxşayır və həm işğalçı Ermənistanın, həm də Rusiyanın maraqlarına xidmət edir. Bizə aşılamaq istəyirlər ki, guya Rusiya Azərbaycanın dostudur və münaqişəni Azərbaycanın xeyrinə həll etməyə hazırlaşır”.

Düşmənin son zamanlar iki dövlət sərhədində fəallaşmasına gəldikdə, E.Şahinoğlu bunu səbəbsiz saymır: “Ermənistan bunu ona görə edir ki, biz işğal altındakı torpaqları azad etmək üçün hərbi əməliyyata başlamayaq”.

ATƏT-in Minsk Qrupunun həmsədrləri isə yaxın günlərdə İrəvana gələcəklər. Onlar bu dəfə də Qarabağa Ermənistan yolu ilə gedəcəklər. Bu isə haqlı narazılıq və suallar doğurur. Təəccüblüsü həm də odur ki, həmsədrlərin İrəvan və Xankəndinə səfərindən bir həftə sonra Bakıya səfəri planlaşdırılıb. Diplomatlar bununla Azərbaycanın ərazi bütövlüyünə qəsd etmirlərmi? Hələlik rəsmi Bakı məsələyə hər hansı reaksiya verməyib. Üstəlik, bu barədə ilk olaraq erməni nazir Edvard Nalbəndyan xəbər verib. Məntiqlə Azərbaycan onun ərazisinə kimlərin gələcəyindən ilk xəbər tutmalı idi. Bakı həmsədrlərdən tələb edə bilərmi ki, təmas xəttini keçib Qarabağa getsinlər? Bu, nə deməkdir, həmsədrlər de-fakto Qarabağı Ermənistanla bir yerdəmi görürlər? Bunun cavabı nə olmalıdır?

Politoloq Arzu Nağıyev öncə dedi ki, bugünkü şəraitdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərlərindən müsbətə doğru hər hansı dönüş gözləmək düzgün olmaz: “Məlumdur ki, münaqişə demək olar ki, öz kulminasiya nöqtəsinə çatıb. Azərbaycan tərəfi bütün beynəlxalq norma və prinsiplərə uyğun olaraq öz təkliflərini irəli sürüb və cavab gözləyir. Məlumdur ki, atəşkəsin pozulması bəhanəsi ilə ermənilər danışıqlar prosesini uzadırlar və bununla da status-kvonun saxlanmasına nail olurlar. Əgər Minsk Qrupunun təmsil edildiyi dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlərsə, problem nə ola bilər ki? Ortada Madrid prinsipləri və digər konkret sənədlər varsa, nə üçün qərar verilmir? Düşünürəm ki, Minsk Qrupu bu suallara cavab verməlidir və ermənilərdən bunu sorğu etməlidirlər. Təbii ki, yenə Rusiya öz aktiv siyasətini yeritməli və Ermənistana təzyiq etməlidir. Əlbəttə, bunu gözləmək özü diletantlıq olardı, lakin bunu etməsi vacibdir. Əks halda, regionu bürüyə biləcək lokal hərbi əməliyyatlarla üz-üzə gələ bilərlər. Burada isə bütün regiondan söhbət gedir. Fransada yeni seçilən prezident Makron seçkiqabağı Dağlıq Qarabağla bağlı verdiyi vədləri yerinə yetirməlidir, ABŞ da onun kimi”.

Digər məqama gəldikdə, A.Nağıyev bildirdi ki, həmsədrlərin Dağlıq Qarabağ ərazisinə hansı dövlətin ərazisindən getməsi elə bir əhəmiyyət kəsb etmir: “Yəni bu, heç də Azərbaycanın ərazi bütövlüyünün inkar edilməsi və ya BMT tərəfindən qəbul edilən sərhədlərin pozulması və ya qəbul edilməməsi kimi də şərh edilə bilməz. Hazırda səfərin Ermənistandan başlaması düşünürəm ki, məhz Ermənistanın yaranmış suallara cavab verməli olduğu ilə bağlı ola bilər. Azərbaycan tərəfi cavab gözləyən, diktə edən tərəfdir. Erməni tərəfi bu suallara cavab verdikdən sonra Dağlıq Qarabağ separatçıları öz fikir və mövqelərini ortaya qoymalıdırlar və təbii ki, həmsədrlər bu cavablarla Azərbaycana gəlməlidir. Yəni bizim fikirlərimiz tam şəkildə aydındır, istər Madrid prinsipləri olsun, istərsə də digər formatlar və protokollar. Bundan başqa, Ermənistanda keçirilən seçkilərdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri vəziyyətə aydınlıq gətirmək üçün də bu addımları ata bilərlər. Bir sözlə, elə bir əhəmiyyət kəsb etməyən məsələlər o qədər də vacib deyil, əsas məsələ bu qrupun hansı cavabla gəlməsidir”.

****

“BMT Qarabağ münaqişəsini 22 ildir həll edə bilmir”. “Report” “Yeniakit”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) səfirlər üçün təşkil etdiyi 10-cu ənənəvi iftar süfrəsindəki çıxışında bildirib. “BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var. Bu istiqamətdə dəyişikliyi bir çox ölkə gözləyir. Bütün problemlərin həlli 5 dövlətin iki dodağının arasından çıxan kəlmədən asılıdır. Suriya, İraq probleminin həll edə bildilərmi? Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 22 ildir həll olunmur. Həll edə bilməzlər. Çünki biri ”yox" desə, məsələ həll edilməyəcək", - deyə Ərdoğan vurğulayıb.

Həmsədrlər məhz belə bir ərəfədə, hər yerdə özlərinə inamı itirdikdən sonra gəlirlər. İnamı bərpa etmək üçün, yoxsa sadəcə, öz varlıqlarını nümayiş etdirməyə, bu sualın cavabı səfərdən sonra veriləcək...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26