Interposta.Info

Əməliyyat başlasa:

Siyasət
 5-06-2017, 11:17     539

Azərbaycan üçün şans: ABŞ-Rusiya qarşıdurmasından Bakı yararlana bilər; ABŞ-la Rusiya arasında ziddiyyətlərin Donald Trampın prezident seçilməsi ilə aradan qalxacağı ilə bağlı gözləntilər artıq tamamilə heçə çıxmış sayılır. Trampın hakimiyyətə gəlişi Rusiya ilə münasibətləri nəinki düzəltmədi, ziddiyyətlər get-gedə dərinləşməkdədir. Hər iki nəhəng dövlətlə Azərbaycanın sıx əlaqələri var və bu dövlətlərin Azərbaycana təsir imkanları da mövcuddur.

Bəs, Azərbaycana ABŞ-la Rusiya arasında ziddiyyətin dərinləşməsi sərf edirmi? Azərbaycan yaranmış vəziyyətdən tutaq ki, erməni işğalı altındakı torpaqlarımızın güc yolu ilə azad olunması üçün, lokal əməliyyatlar üçün istifadə edə bilərmi? Buna cəhd olsa mümkündürmü ki, Rusiya və ABŞ Azərbaycanı itirməmək üçün ən azından göz yumsunlar?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirdi ki, bir neçə il əvvəl gərginləşən Rusiya-Türkiyə münasibətləri Azərbaycanın maraqlarına cavab vermədiyi kimi, ABŞ-Rusiya münasibətlərinin gərginləşməsi də bizim maraqlara cavab vermir: “Münasibətlərdəki sualların sayının çox olmasına baxmayaraq, Rusiya və ABŞ Azərbaycana tərəfdaş ölkələr sayılır. Amerika Azərbaycanı seçim qarşısında qoymaz, məsələn, deməz ki, ”ya biz, ya Rusiya". Ancaq Rusiya bizi belə bir seçim qarşısında qoya bilər. Bu, Moskvanın ənənəvi siyasətinin ruhuna uyğundur. Məsələn, ötən ilin aprelində biz işğal altındakı torpaqlarda Ermənistan ordusuna qarşı hərbi əməliyyata başladıqda rusiyalı rəsmilər və ekspertlər bir ağızdan deyirdilər ki, guya Cənubi Qafqazda vəziyyətin gərginləşməsi Türkiyənin planıdır və Azərbaycanı da müharibəyə guya Ankara təhrik edib. Çünki o dövrdə Rusiya-Türkiyə münasibətləri hələ normallaşmamışdı və prezidentlər hələ barışmamışdılar. Ona görə də Türkiyəni hədəf götürmək üçün istənilən bəhanədən istifadə edirdilər. Eləcə də növbəti müharibə başlasa Moskva bu dəfə də Amerikanı hədəf seçərək deyəcək ki, Azərbaycanı müharibəyə Vaşinqton təhrik edib".

Politoloq qeyd edib ki, Amerika Azərbaycanın enerji resurslarının dünya bazarlarına çatdırılmasında maraqlıdır, bu isə Rusiyadakı müxtəlif mərkəzlərin maraqlarına cavab vermir: “Hazırda Amerika prezidenti Donald Tramp Azərbaycanın ünvanına xeyli isti mesajlar göndərib. Bu rəsmi Bakının da ürəyincədir. Azərbaycan prezidenti İlham Əliyev Trampın Səudiyyə Ərəbistanındakı çıxışını yüksək qiymətləndirib. Çünki Tramp həmin çıxışında vurğulayıb ki, Amerika başqa ölkələrin daxili işlərinə qarışmayacaq. Rəsmi Bakı isə hər zaman məhz bu məsələdən şikayətlənib, Vaşinqtona işarə edərək Amerikanın Azərbaycanın daxili işlərinə qarışmasından narahat idi. Rəsmi Bakı Barak Obama administrasiyasının bu siyasətindən narazı idi. İndi isə rəsmi Bakı durumun dəyişəcəyinə ümid edir.

Bu ümidləri Donald Trampın İlham Əliyevə göndərdiyi son iki məktub əsas göstərilir. Amerika prezidenti ilk məktubunu 28 may Respublika Günü münasibətilə göndərdi. Həmin məktubda bu cümlələr yer alırdı: ”Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır", “Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik” və “Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”. Donald Tramp təxminən bir həftə sonra İlham Əliyevə yenidən məktub göndərdi. Trampın Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar ünvanladığı məktubda da oxşar cümlələr yer almışdı: “ABŞ Cənub Qaz Dəhlizini dəstəkləyir”, “ ABŞ sizinlə işləməyə hazırdır” və “ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir” və “Azərbaycanın inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəkləyirəm”. Bu da son dərəcə isti mesajlardır. Bu cümlələr nədən xəbər verir? Bütün respublikaçı prezidentlər kimi Donald Tramp da geosiyasi maraqları ön plana çəkir. Bu maraqlar baxımından Vaşinqton Azərbaycanın bölgədə oynadığı rola müsbət qiymət verir. Donald Tramp həm də biznesmendir və demək, onu Azərbaycan kimi ölkələrlə əməkdaşlıqdan əldə olunacaq siyasi və iqtisadi qazanc da maraqlandırır. Buna görə də rəsmi Bakı ümid edir ki, Donald Tramp administrasiyası Barak Obama administrasiyasından fərqli olaraq Azərbaycanın daxili işlərinə qarışmayacaq. Bu, Bakı ilə Vaşinqton arasında tərəfdaşlıq münasibətlərinin inkişafına dəstək verə bilər. Rəsmi Bakının Vaşinqtondan ən böyük gözləntisi yaxın illərdə İlham Əliyevi ABŞ-a rəsmi səfərə dəvət etməsi olacaq. Buna baxmayaraq, Bakı çalışacaq ki, Azərbaycan-Amerika münasibətləri Azərbaycan-Rusiya münasibətlərinə zərər verməsin. Ancaq məsələ burasındadır ki, Rusiyadakı siyasi mərkəzlər özləri Azərbaycanla münasibətlərdə problemlər yaradırlar. Bunlardan haqqında ən çox danışılanı Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvidir".

E.Şahinoğlunun sözlərinə görə, Amerika-Rusiya münasibətlərinin gərginləşməsi işğal faktına təsir etmir: “Tramp administrasiyası Obama administrasiyası kimi Qarabağ münaqişəsinin həllinə maraq göstərməyəcək. Bu münaqişəyə əsas təsir imkanı olan dövlət Rusiyadır. Bunu ötən il aprel savaşı da göstərdi. Savaşa məhz Rusiyanın müdaxiləsi ilə ara verildi. Moskvadan edilən çoxsaylı zənglər, Azərbaycanın və Ermənistanın Baş Qərargahlar rəislərinin Moskvaya çağırılması, üstəgəl, Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının Sankt-Peterburqda görüşü də bundan xəbər verir. Torpaqlarımızı güc yolu ilə azad etmək istəyiriksə, birinci növbədə Rusiyanın müxtəlif təzyiqlərinə hazır olmalıyıq. Müharibənin yenidən başlayacağı halda Amerikanın bundan çox narahat olacağını, Rusiya kimi çox fəal olacağını düşünmürəm. Rusiyanın əsas dərdi odur ki, Azərbaycan müharibə yoluyla öz torpaqlarını geri qaytarmasın. Amerikanın isə belə dərdi yoxdur”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26