Interposta.Info

Elxan Şahinoğlu:

Müxtəlif
 2-08-2017, 19:36     10 522

Dünyanın 2 ən hegemon dövləti, Rusiya və ABŞ arasında son dövrlər yaranan münaqişələr səngimək bilmir. ABŞ-ın Rusiyaya qarşı sanksiyaları günü-gündən sərtləşir, Rusiya isə öz növbəsində ABŞ-a qarşı əməliyyat tədbirlərini gücləndirir. İki ən böyük dövlətin münasibətlərində belə soyuqluq və kəskinlik təbii ki, digər dövlətlərin haqlı narahatlığına səbəb olur. Dünya ölkələri arasında yaranan bu qarşıdurmanı nəticələri nə ola bilər? "Soyuq müharibə" nə qədər davam edəcək?
Elxan Şahinoğlu:


interposta.info
xəbər verir ki, politoloq Elxan Şahinoğlu "Qaynarinfo"ya qısa müsahibəsində Rusiya - ABŞ münasibətlərindəki son durumu şərh etdi:

- Rusiya ümid edirdi ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ Rusiya münasibətləri yaxşılaşacaq. Hətta rus xakerlər prezident seçkisi zamanı müəyyən müdaxilələrə cəhd göstərmişdilər. Bu da ABŞ-da narazılıqlara səbəb olmuşdu. Lakin seçkidən sonra gözlənilən nəticə əldə olunmadı. Belə ki, Tramp prezident seçildi və istəsə də, Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına nail ola bilmədi. Qarşısında Konqres, Dövlət Departamenti, Pentaqon və Mərkəzi Kəşfiyyat idarəsini görən Tramp onların qərarları ilə hesablaşmalı oldu. Onlar isə öz növbəsində Rusiyaya qarşı sərt siyasət tələb edirdilər. Çünki Rusiya 2008-ci ildə Cənubi Asetiya və Abxaziyanı, bir neçə il sonra isə eyni siyasəti davam etdirərək Krımı tutmuşdu. Bu da artıq qırmızı cizgilərin aşılması idi. Nəticə olaraq münasibətlər bu gün çox gərginləşib və biz "Soyuq müharibə" illərinə qayıtmışıq. Bundan sonra da belə davam edəcək. ABŞ müttəfiqlərinin sayını artırır, Rusiyanın təzyiq etdiyi Estoniya və Çernoqoriyaya səfər edib, dəstək olur. Bu da Rusiyada qıcığa səbəb olur və onun alternativ olaraq ABŞ-a qarşı addımlar atmasına gətirib çıxarır. Bu da Avrasiya bölgəsində vəziyyətin gərginləşməsinə səbəb olur. Hazırda tələb olunan odur ki, Rusiya Ukrayna mövzusunda müəyyən adımlar atsın və münasibətlərdəki soyuqluq nisbətən aradan qaldırılsın. Rusiyanın isə belə addım atacağını mən düşünmürəm, proqnozlaşdırmıram. Belə olan halda ABŞ və Rusiya özünə müttəfiq, tərəfdaş yığacaq və dünya dövlətləri arasında da münasibətlər gərginləşəcək.

- Qeyd etdiniz ki, tək çıxış yolu Rusiyanın ən azı Ukrayna ilə bağlı müəyyən güzəştlərə getməsi ola bilər. Amma Rusiyanın bu addımı atacağı gözlənilmir və belə də olduqda dövlətlər arasında gərginlik artacaq. Bu halda ən ağır nəticə nə ola bilər?


- Ümumiyyətlə hazırda nəticə belədir ki, ABŞ Rusiyanı zəiflətmək məqsədilə müəyyən addımlar atır. Bununla da rubl dəyərdən düşür, inflyasiya artır, xarici kapitallar Rusiyanı tərk edir. Hətta Qərbdə Rusiyanın parçalanacağı ideyasını da ortaya atıblar. Düzdür, mən bu fikirlə razılaşmıram amma hər halda hazırki vəziyyətdə Amerikanın əsas hədəfi Rusiyanı zəiflətməkdir. Amma bu halda belə mən hesab etmirəm ki, Rusiya Krımdan və ya Abxaziyadan keçəcək.

- Mövcud siyasi vəziyyətin Azərbaycana nə kimi təsirləri ola bilər?


- Rəsmi Bakı Amerika-Rusiya qarşıdurmasında tərəf tutmaq, seçim etmək istəmir. Rəsmi Bakı həm Rusiya, həm də Amerika ilə tərəfdaş münasibətlərini davam etdirmək istəyir. Ancaq bu siyasəti həyata keçirmək getdikcə çətinləşir. Rusiya Azərbaycanın iştirakçısı olduğu və Amerikanın dəstək verdiyi regional layihələrinin əleyhinə çıxır, bu haqda açıq fikirlər bildirilməsə də, narazılığı ortadadır. Məhz elə bu səbəbdən Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Kreml bu münaqişə vasitəsilə həm Azərbaycana, həm də Ermənistana təsir etmək imkanına malikdir. Azərbaycanın güclənməsi Kremlin maraqlarına cavab vermir. Ona görə də Kreml Azərbaycanın müstəqil siyasətinə hər zaman təsir etməyə çalışacaq. O biri tərəfdən Amerika-Rusiya gərginliyi Minsk qrupu formatının fəaliyyətini də çətinləşdirir. Onsuz da həmsədrlik institutu münaqişənin həllini sürətləndirə bilmir. Ancaq bundan sonra bu format çərçivəsində Rusiya ilə Amerikanın birgə çalışması, münaqişənin həlli ilə bağlı ortaq prinsipdən çıxış etməsi problematikdir. Məsələ burasındadır ki, Rusiya münaqişənin varlığı və mümkün həlli vasitəsilə Cənubi Qafqazda varlığını qorumaq istəyirsə, bu Amerikanın maraqlarına tərs düşür.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26