Interposta.Info

Rusiya İrana girir:

Siyasət
 13-05-2017, 10:22     982

Rusiya İrandakı seçkiyə müdaxilə edir.

Axar.az xəbər verir ki, bu iddia ilə Norveçin “Dagbladet” qəzeti çıxış edib. Qəzet bir neçə həftə Tehrandakı Rusiya səfirliyi önündə aksiya keçirildiyini bildirib:

“Aksiya iştirakçıları səfirliyi casus yuvası adlandırırdılar. Bu şüar bizi 1979-cu ilə qaytarır. O zaman iranlı tələbələr eyni şüarlarla ABŞ səfirliyi qarşısında mitinq keçirirdilər. Rusiya səfirliyi önündəki nümayiş zamanı kiminsə həbs olunması haqqında informasiya yoxdur. Hökumətin belə bir aksiyaya icazə verməsi və buna müdaxilə etməməsi Prezident Putin üçün pis işarə ola bilər.

Bəs nədən Rusiya gözlənilmədən etirazçılar üçün hədəf olub? Səbəbi yaxınlaşan prezident seçkisində axtarmaq lazımdır. Belə ki, burada Rusiya seçki kampaniyasına qarışmaqda və ayətullah İbrahim Rəisini dəstəkləməkdə ittiham olunur. Bu cür müdaxilə çoxlarının xoşuna gəlmir. ABŞ-dakı seçkiyə gizli müdaxilədən fərqli olaraq, görünür, Putin İranda öz mövqeyini açıq şəkildə ortaya qoyub.

İki həftə öncə Rusiya lideri Tatarıstan Prezidenti Rüstəm Minnixanovu şiələr üçün müqəddəs olan Məşhəd şəhərinə göndərdi. 60 nəfərlik nümayəndə heyətinin rəhbəri kimi İrana yollanan Minnixanov burada prezidentliyə üç əsas namizəddən biri olan İbrahim Rəisi ilə görüşdü. Minnixanovun səfəri görünməz formada olmadı.

Ümumiyyətlə, İranda Rəisi Prezident Həsən Ruhanidən fərqli olaraq daha mühafizəkar kurs tərəfdarı sayılır. Putin Moskvada Ruhanini də qəbul edib. Bəzi ekspertlərin fikrincə, Putin Ruhanini amerikayönlü lider kimi tanıyır. Məhz Ruhani Ali dini lider Əli Xameneinin dəstəyi ilə ABŞ, Fransa, Britaniya, Çin, Rusiya və Almaniya ilə nüvə danışıqları aparıb.

Tarixi nöqteyi-nəzərdən Rusiyanın İranla bağlı maraqları olub. 19-cu əsrdə Rusiya və Britaniya İranı (Gülüstan və Türkmənçay müqavilələri nəzərdə tutulur. İranın o zaman rəsmi adı Qacarlar dövləti olub – red.) iki təsir zonasına bölür. Ölkənin şimalı ruslara, cənubu isə britaniyalılara qalır. İkinci Dünya müharibəsi zamanı İran rəsmən neytral olsa da, Rza şah Pəhləvi nasist Almaniyasına simpatiya duyurdu. Buna görə də SSRİ və Britaniya bu ölkəyə girdi. Hakimiyyətə Məhəmməd Rza Pəhləvi gətirildi. SSRİ İranın şimalını (Güney Azərbaycan nəzərdə tutulur – red.) 1946-cı ilə qədər hakimiyyəti altında saxladı.

İranın neftlə zəngin olması, sonradan ABŞ-ın da qoşulacağı oyunda xüsusilə vacib rol oynayırdı. Məhəmməd Rza Pəhləvi ABŞ-ın müttəfiqi idi, lakin onu 1979-da devirən Xomeyni nə ABŞ-a, nə də Rusiyaya yönələcəyini açıqladı. Buna rəğmən mütəmadi olaraq ruslar ölkənin həyatında vacib rol oynamağa başladılar. Bu həm iqtisadi, həm də hərbi planda özünü göstərdi. İndi də Rusiya və İran Suriyada bir mövqedə savaşırlar.

Rusiya-İran münasibətləri iki il əvvəl Vladimir Putinlə Əli Xameneinin görüşündən sonra sistemli olmağa başlad. O zaman İran ali dini lideri beynəlxalq siyasətdə Moskva ilə qabaqcadan razılaşdırmadan ölkəsinin heç bir mövqe tutmayacağını dedi.

Rusiya və ABŞ münasibətləri Donald Trampın prezident olmasından sonra da düzəlmədi. Ola bilsin ki, buna da Vladimir Putinin İran seçkiqabağı kampaniyasında mövqeyini seçməsi səbəb olub. Moskvanın dəstəkləmədiyi Ruhani Qərblə əlaqələri yaxşılaşdırmaq istəyir. İndiki dövrdə isə bu, rusların maraqlarına cavab vermir. Hazırda açıq qalan əsas sual İranda real hakimiyyətin sahibi olan Əli Xameneinin hansı mövqeni tutacağıdır.

Artıq Xameneinin 77 yaşı var. Növbəti 4 ildə çox şeylər ola bilər. Əgər o olmasa, prezident Xameneinin varisinin seçilməsinə təsir imkanı əldə edəcək. Ona görə də bu gün İranda olan prezident seçkisi təkcə Rusiya yox, bütün dünya üçün vacibdir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26