Interposta.Info

Türkiyə və İsrail nədən barışa bilmir?

Siyasət
 10-05-2017, 22:51     515

Ankara və Tel-Əviv bir-birinə ehtiyacın fərqində olsalar da, hər iki tərəfin vaz keçə bilmədiyi məqamlar var

İsrail və Türkiyə arasında münasibətlər yenidən gərginləşib. Türkiyənin İsraildəki səfiri Kamal Ökəm Xarici İşlər Nazirliyinə çağırılaraq xəbərdarlıq məktubu verilib. Buna səbəb isə Türkiyə prezidentinin bir neçə gün əvvəl İstanbulda keçirilən Beynəlxalq Qüds Vəqfi toplantısında İsrailin Qüds siyasətini tənqid etməsi olub.

Qeyd edək ki, dünən türk lider sözügedən toplantıda İsrail hökumətinin Qüdsdə azan qadağasını tətbiq etməsinə əsla icazə verilməyəcəyini bildirmişdi. Beynəlxalq Qüds Vəqfləri Toplantısında çıxış edən prezident Ərdoğan Qüdsün 3 səmavi dinin müqəddəs şəhəri olduğunu, bu şəhərə sahib çıxmanın hər bir müsəlmanın vəzifəsi olduğunu, yalnız fələstinlilərin işi olmadığını bildirib.
Türkiyə və İsrail nədən barışa bilmir?


Sitat: “Səlib yürüşlərindən bu yana qan tökdüyümüz Qüds o gündən bu yana hüzur görmədi Fələstinli qardaşlarımızın haqq və ədalət mübarizəsinə dəstək verməliyik. Əleyhinə onlarla qərar verilməsinə baxmayaraq işğal, zülm, zorakılıq və Qüdsü müsəlmanlarsız yaşamağa və yaşatmağa davam edir. İsrail hakimiyyətinin mövcud fəaliyyətlərinin keçmişdə ABŞ-da, yaxın dönəmə qədər Cənubi Afrika Respublikasında tətbiq olunan irqçi siyasətdən nə fərqi vardır? Qərbi Şəriəni sarmaşıq kimi dolaşan, fələstinli qardaşlarımızın həyatını zindana çevirən anlayış hansı hüquqda yer alır? Fələstin, Qəzza, Qərbi Şəriə ilə bir bütövdür, güzəştə gedilə bilməz”.

Təbii ki, bu fikirlər Təl-Əvivdə sərt etirazla qarşılanıb. Səfirə etiraz məktubu verilib. Məsələ ondadır ki, İsrail və Türkiyə arasında siyasi münasibətlər 2008-ci il Davos zirvəsində soyuqlaşıb, 2010-cu il mayın 31-də İsrail ordusunun “Mavi Marmara” humanitar yardım gəmisinə hücumundan sonra iki ölkə arasında böhran yaranıb. Hər iki ölkə səfirləri geri çağırıb. Münasibətlər yalnız son iki ildə yumşalmağa başlayıb və səfirlər yenidən iş başına dönüblər, hökumətlər arasında əməkdaşlığın yenidən bərpa olunması istiqamətində addımlar atılmağa başlayıb.
Türkiyə və İsrail nədən barışa bilmir?


Ancaq eyni zamanda Ankara Qüds və Fələstin mövzusunda yenə də İsraili narahat edən açıqlamalarını davam etdirir. Məsələ ondadır ki, hazırkı Türkiyə hökuməti müsəlman həmrəyliyi, xüsusən də Qüds və Fələstin mübarizəsini əsas kurs elan edən bir hərəkatdan çıxıb. Ərdoğanın və indiki hakimiyyətin Qüds ritorikasından imtina etməsi və ya necə deyərlər, bu günə qədər davam edən xətdən geri çəkilməsi mümkün deyil. Bu isə o deməkdir ki, bu cür qarşılıqlı ittiham və cavablamalar davam edəcək.

Uzun illər İsrail Türkiyənin Yaxın Şərqdə ən etibarlı müttəfiqlərindən biri olub. ABŞ-ın müttəfiq ölkələri olaraq Türkiyə və İsrail arasında müxtəlif sahələrdə, o cümlədən hərbi və silah texnologiyası sahəsində ciddi əməkdaşlıq əlaqələri olub. Ancaq son 15 ildə rəsmi əlaqələrdə müəyyən soyuqluqlar, hətta böhranlar qeydə alınıb. Türkiyə hökumətinin islamçı ritorikası İsraildə narazılıqla qarşılanır. Lakin siyasi anlaşılmazlıqlara baxmayaraq, iki ölkə arasında bir sıra sahələrdə əlaqələr hələ də çox güclüdür. Hər iki ölkə bir-birinə olan ehtiyacını anlayır. Bu faktı hətta prezident Ərdoğan da çıxışlarının birində etiraf etmişdi. Yaxın Şərqdə iddialı oyunçu olmaq istəyən Türkiyənin İsrail kimi dövlətlə problemlərinin olması onun üçün ciddi başağrısı ola bilər.
Türkiyə və İsrail nədən barışa bilmir?


Eyni zamanda İsrailin də Türkiyə kimi güclü region dövləti ilə münasibətləri isti saxlamağa ehtiyacı var. Lakin bununla belə hər iki ölkənin siyasi liderlərinin “vazkeçilməz”ləri var və bu səbəbdən münasibətlərin zaman-zaman soyuqlaşması necə deyərlər qaçılmazdır. Məsələnin ən maraqlı tərəfi isə İsrailin indi regionun ərəb dövlətləri ilə münasibətlərini istiləşdirməsidir. Görünən odur ki, indi ərəbləri Fələstin məsələsindən daha çox İran amili narahat edir və İsraillə keçən illərdəki düşmənçiliyi unudub ortaq düşmənə qarşı yaxınlaşmağa meyllidirlər. Bu isə istər-istəməz Türkiyənin də xarici siyasət konsepsiyasına, regional münasibətlər sisteminə yenidən göz gəzdirməsini tələb edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26