Interposta.Info

Məmmədyarov oğluna milyonluq ev almasına aydınlıq gətirə bilmədi (POLİTOLOQ)

Paradoks
 16-07-2020, 14:17     821

"Elmar Məmmədyarov milli nazir deyildi".

"İnterPosta" xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Xarici İşlər naziri Elmar Məmmədyarovun istefa xəbərindən danışarkən deyib. Politoloq bildirib ki, Elmar Məmmədyarov oğluna Nyu Yorkda milyonlarla dollara ev alması məsələsinə aydınlıq gətirə bilmədi:

"Elmar Məmmədyarov çoxdan getməli idi. Elmar Məmmədyarov ana dilində danışa, Dağlıq Qarabaq münaqişəsinin həlli məqsədi ilə sərt mövqe ortaya qoya bilmirdi, mənasız danışıqlarda iştirak edirdi. Bunlar azmış kimi, üstəlik Elmar Məmmədyarovun korrupsiya ilə bağlı əlaqələrinin olduğuna dair şübhələr meydana gəldi. Xarici İşlər Nazirliyində böyük korrupsiya faktları ortaya çıxdı, həbslər həyata keçirildi. Oğluna Nyu Yorkda milyonlarla dollara ev alması məsələsinə aydınlıq gətirə bilmədi. Burada da korrupsiya şübhələri var, ona görə onun getməsi labüd idi. Prezident doğru qərar verdi. Amma Məmmədyarov özünə hörmət edib vaxtında istefa verməli idi".

Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycanın milli nazirə ehtiyacı var:

"Elə bir nazir ki, Qarabağ istiqamətində erməni tərəfi ilə sərt danışıqlar aparsın. Düşünürəm ki, yeni nazir Elmar Məmmədyarov kimi olmayacaq".
Qeyd edək ki, bu saatlarda Xarici İşlər naziri Elmar Məmmədyarovun istefa xəbəri yayılıb.

Qeyd edək ki, bir müddət əvvəl Elmar Məmmədyarovun Nyu Yorkda 2 bahalı mənzil aldığı üzə çıxıb. Bu barədə jurnalist Cavanşir Həsənli yazıb: "Elmar Məmməyarov Nyu-York, Riverside Boulevard 120 ünvanında 2 mənzil alıb. Mənzillərdən biri 2015-ci il iyunun 9-da, digəri isə bundan 3 həftə sonra - iyulun 1-də alınıb. Məmmədyarovlar ailəsi birinci mənzilə 2 milyon 200 min, ikinci mənzilə isə 2 milyon 50 min dollar ödəyiblər. Çıxarışlardan da göründüyü kimi mənzillər fərqli əmlak şirkətləri vasitəsilə əldə olunub. Yəni ümumilikdə 4 milyon 250 min dollar!"

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26