Interposta.Info

Təntənəli marşlar və sərnişin daşınmasındakı çirklər..+ VİDEO

Paradoks
 24-07-2018, 21:47     10 494

Qəzalı Qax-Bakı marşrutu

Bakı Beynəlxalq Avtovağzalının yanından keçərkən onun modern dizaynı və miqyası ilə öyünməyə bilmirsən. "Bakıda avtovağzal məhz belə olmalıdır",- şəhərlərarası sərnişin daşımaları üzrə inhisarçının xidmətlərindən bir dəfə də olsun istifadə etməyən vətənpərvərlər bu cür düşünürlər.

Turan agentliyinin müxbiri 2018-ci il iyulun 19-dan 20-nə keçən 300 km.-ə yaxın Qax-Bakı marşrutu ilə hərəkət edən ikimərtəbəli (birinci mərtəbə baqaj üçün ayrılıb) ağ avtobusda getməli olub.

Bundan öncə Azərbaycan dəmir yolunun kupe vaqonlarında gedirdim, hər zaman da vaqonların, yataq ağlarının təmizliyindən, simvolik məbləğə sərnişinlərə çay təklif edən bələdçilərin xidmətindən razı qalırdım. Düşünürdüm ki, avtobus daşımalarının keyfiyyəti də pis olmayacaq.

2010-cu il mayın 6-dan, sərnişinin həlak olması ilə nəticələnən ağır avtobus qəzasından sonra gecələr, sürücülərin diqqətinin azaldığı vaxtlar sərnişin daşınması qadağan edildi. Amma təxminən üç ildən sonra ölkədə gecələr avtobus xidməti bərpa olundu. Qaxdan Bakıya və geriyə "ElTur" şirkətinin iki köhnə nəhəng avtobusu işləyir. Qaxdan çıxış saat 22:00 və 24:00-dadır.

İlk növbədə avtobus yola düşməzdən öncə bir yerdə gözləmək lazımdır, xüsusən də Qax avtovagzalına gec saatlarda gəldikdə. Azərbaycanın şimal-qərbindəki bu gözəl şəhərdə gözləmə otağında yumşaq mebeli və kondisioneri olan müasir və rahat avtovağzal tikilib.

Amma axşam saat 18:00-19:00-dan sonra vağzal bağlanır, işçilər evə gedirlər. Əgər hava soyuq, isti, yağışlı və ya qarlıdırsa sərnişinlər avtobusun salonunda gözləməli olur və ya vağzal əraisində dolaşmalı, ağacların altında durmalı olur. Belə ki, vağzal var, amma əslində yoxdur.

Həm də ona görə yoxdur ki, avtobuslarda getmək üçün bileti vağzalın kassasında almalı olursan, sürücünün dəftərində qeyd olunaraq biletsiz də getmək olar. Sürücü ilə telefonla əlaqə saxlayıb bilet sifariş etmək olar. "Elektron hökumətdə olduğu kimi", - oxucular deyəcəklər. Çünki xəbərləri yoxdur ki, Qax-Bakı marşrutuna biletə görə sürücü 10 manat alır, ancaq Bakı avtovağzalının saytında biletin qanuni qiyməti 6,43 manat göstərilib. Əgər əldə bilet yoxdursa sərnişinin aldadıldığını və sürücünün vergidən yayındığını sübut edə bilməzsən.

Avtobusda ancaq kondisionerin işləməsi adamı sevindirir. Digər şeylər dəhşət filmlərinin çəkilişi üçün yarayar. Oturacaqların söykənəcəyi sınıqdır, kənar tərəfdə oturan sərnişinlər gecə yatarkən yıxılmaqdan qorxurlar.

Elementar təmizlik, gigiyenadan söhbət belə gedə bilməz. Oturacaqların üzərində heç çirkli örtüklər də yoxdur. Yəni, Almaniya istehsalı olan köhnə avtobuslarda oturacaqlar örtüksüzdür. Üzərində sərnişinlərin yağlı saçlarının ləkələri var. Ancaq Almaniyanın yağ ləkəsi ola bilməz, belə ki, avtobus "Avropa həyatı" sürərkən əminəm ki, oturacaqlar ağ örtüklə örtülmüş olub. Azərbaycanlılar üçünsə hər şey yarayar, üstəlik, avtovağzal rəhbərliyi öz ərazisinə istənilən avtobusu qəbul edir.

Məqalənin əvvəlində təntənəli marşdan danışdım. Bakı avtovağzalının saytı ilə tanışlıq zamanı bu, davam edir. Bəyan edilir ki, "hər bir avtobus Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşməzdən öncə mütləq yuma, təmizləmə, tibbi və texniki prosedurdan keçir. Bu sözlər həqiqətlə o qədər uzlaşmır ki, 2010-cu ildə sərnişinlərdən biri Bakı-Qax marşrutu ilə hərəkət edən avtobuslar haqda videoçarx çəkib:



Sərnişinlərin təhlükəsizliyi ilə əlaqədar gecə reysləri qadağan edilib. Bu qayğını DİN Dövlət Baş Yol Polisi İdarəsi göstərib. 2014-cü ildə qurumun sözçüsü Kamran Əliyevin diliylə şəhərlərarası avtobusların sürücülərinin təhlükəsizlik kəmərlərindən istifadə etməsinin vacibliyini xatırlatmışdı. "Əgər təhlükəsizlik kəmərləri avtobusun konstruksiyası ilə nəzərdə tutulubsa, onlardan istifadə məcburidir. Ona görə də Dövlət Yol Polisi İdarəsi sərnişinləri öz həyat və sağlamlıqlarını qorumaq üçün təhlükəsizlik kəmərlərini bağlamağa çağırır",- K.Əliyev bildirib.

İnzibati Xətalar Məcəlləsinin 153.2-ci maddəsinə əsasən təhlükəsizlik kəmərindən istifadə olunmaması üçün 30 manat məbləğində cərimə nəzərdə tutulur.

"Sürücülər və sərnişinlər bu məsələyə şüurlu yanaşmalıdır və təhlükəsizlik kəmərindən istifadə etməlidir. Heç kim zəmanət verə bilməz ki, qəza olmayacaq. Ona görə də mən bütün sürücü və sərnişinləri təhlükəsizlik kəmərindən istifadə etməyə çağırıram. Əks halda, qanuna görə, onlar inzibati məsuliyyətə cəlb olunacaqlar"- polis polkovniki xəbərdarlıq edib.

Bakı-Qax istiqamətindəki avtobusda sərnişinlər üçün təhlükəsizlik kəmərləri yoxdur. Yol polisi bunu görməyə bilməz, çünki gündüz salondakı sərnişinlər bayırdan görünür. Polis sərnişinlərdə kəmərlərin olmamasını asanlıqla görə bilər, necə ki kəmər bağlamayn sürücüləri aşkar edir. Amma nədənsə polkovnik Kamran Əliyevin əmri yerinə yetirilməyib, heç eşidilməyib də.

Bakı avtovağzalının mətbuat xidmətindən bildiriblər ki, adi günlərdə 300-330 avtobus reysində 7.5-8 min sərnişin daşınır. Bayram günlərində əlavə olaraq 200 ehtiyat avtobus ayrılır və sərnişinlərin sayı 16 min nəfərə çatır. Ölkənin bu qədər vətəndaşı və qonaqları

hər gün həyatlarını təhlükə altına alaraq çirkli avtobus salonlarında əziyyət çəkməli olur.

Şəhərlərarası avtobuslardakı acınacaqlı vəziyyətlə bağlı şərh almaq məqsədilə iyulun 23-də bir neçə dəfə Bakı Beynəlxalq Avtovağzalına telefon etdik. Şikayət və təkliflər, həmçinin jurnalistlərlə əlaqə yaratmaq üçün nəzərdə tutulan telefon nömrələrinə cavab verən olmadı.

Azərbaycanda şəhərlərarası sərnişin daşınmaları ilə bağlı hər nə varsa hökumətin "elektron hökumət" və digər "möcüzələr" barədə hay-küylü hesabatları ilə heç uzlaşmır./pia.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26