Interposta.Info

“Lukoil”də açıq-aşkar soyğunçuluq - Sürücünün pulunu “yedilər”

Paradoks
 30-03-2018, 13:18     10 771

"Lukoil" yanacaq doldurma məntəqələrində daha bir benzin fırıldağının üstü açılıb.

interposta.info
xəbər verir ki, bu barədə məlumatı BakuPost-a "Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov verib. Onun sözlərinə görə, vətəndaşların aldadılmasıyla bağlı rəhbərlik etdiyi quruma şikayət daxil olub.

E. Hüseynovun sözlərinə görə, şikayətçi Nuranə Göktaş Bakı şəhəri Xətai rayonu R. Quliyev küçəsi 6 ünvanında yerləşən "Lukoil” yanacaq doldurma məntəqəsində aldadıldığını deyir: "Sürücünün sözlərinə görə, həmin tarixdə çəni tam doldurdub ondan 56 AZN pul alıblar və qəbz veriblər. Sürücü operatora tam boş çənin 55 litr tutduğunu və bunun da dəyərinin 49,50 AZN etdiyini bildirib, artıq alınmış pulun qaytarılmasını tələb edib. Lakin ona "böyüklərdən heç kəs yoxdur” deyərək imtina ediblər”.

E. Hüseynov qəbzi də götürərək hadisə yerinə gedib: "20.03.2018 tarixində mən ora getdim, İlkin adında şəxsə qəbzi göstərib iradımı bildirdim, artıq alınmış pulu tələb etdim. O , qəbzi götürüb kiminləsə məsləhətləşdi, mənə zəng vurub nəticəni söyləyəcəyini bildirdi. Özünü "Lukoil”in bölgə üzrə nümayəndəsi adlandıran Bahadur adlı şəxs də "araşdıracağam” deyib, getdi”.

Şikayətçi aidiyyəti qurumlardan bu YDM-lərdə yoxlama aparılmasını xahiş edib:
""Lukoil” yanacaq doldurma məntəqələrdə buna oxşar hallar müşahidə etdiyim üçün bu məntəqələrin aparatlarının yoxlanılmasını, benzinin kəmiyyəti və keyfiyyəti baradə araşdırma aparılmasını xahiş edirəm”.

Xatırladaq ki, "Lukoil”lə bağlı mətbuatda dəfələrlə şikayətlər dərc olunub. Şikayətlərin ən sonuncusunda isə Çingiz Özgür adlı sürücünün aldadıldığı bildirilirdi. Həmin materialı BURADAN oxuya bilərsiniz.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26