Interposta.Info

“O Mikayılın verdiyini, bu Mikayıl tutub əlimizdən alır...” - Şairlərdən vergi məsələsinə reaksiya

Paradoks
 9-02-2018, 18:59     10 644

Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşının gənc şairlərdən vergi alınması ilə bağlı verdiyi açıqlama şairlər arasında həm narazılıq, həm də ironiya ilə qarşılanıb. Bəziləri sosial şəbəkələrdə fikirlərini bildirib. Şəbəkə istifadəçiləri də buna öz narazılığını ifadə edib.

Şair Aqşin Yenisey saytımıza açıqlamasında şairlərin bir quru loppağa yaşadığını, bundan nə vergi tutulacağını maraqla gözlədiyini bildirib: "Deyir, Gözəlağa çox gözəl idi, vurdu çiban da çıxartdı. Bu məsələyə yumor hissi qatmadan yanaşmaq üçün adamın əynində, ən azı, 5000 manatlıq kostyum olmalıdır. O vaxt Məhəmməd Füzuli də Sultan Süleymanın verdiyi 9 axcadan vergi tutulduğu üçün bir kəlmə söz deyib, indiyə qədər Osmanlı dövlətinin başına qaxırlar. Yəni Şərqdə həmişə şairə ənam veriblər, Nizami Gəncəviyə hətta kəniz bağışlamışdı dövlət. Biz quru loppağa yaşayırıq, loppağdan nə vergisi tutacaqlar? İkinci, bu işin mistik tərəfi də gülməlidir. Şərqdə belə düşünürlər ki, şairin istedadı allah vergisidir, yəni allah özündə olandan şairə də göndərir. Həm də allah bu vergini bizim vergilər nazirimiz Mikayıl Cabbarovun adaşı Mikayıl adlı mələklə göndərir. O Mikayılın göndərdiyini bu Mikayıl tutub əlimizdən almaq istəyir. Məncə, Qiyamət günü iki Mikayıldan biri tutduğu əməldən peşman olacaq. Ya o verdiyi üçün, ya bu aldığı üçün”.

Şair Cəlil Cavanşir isə bu qərarı "dəstəklədiyini” deyib: "Mən bu qərarı dəstəkləyirəm. Məncə şairlərdən nəfəs aldıqları üçün də vergi tutsunlar. Şairlər onsuz da, boş-boşuna yaşayan adamlardılar”./BakiPost.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26