Interposta.Info

Qarabağ Universitetində Qarabağ florasına həsr olunan kitabların təqdimatı keçirilib

Ölkə
 Dünən, 12:28     38

AR ETN Botanika İnstitutunun Birləşmiş Həmkarlar Komitəsinin təşkilatçılığı ilə əməkdaşların Qarabağın işğaldan azad olunmuş ərazilərini ziyarət etməsi və Qarabağ florasına həsr olunmuş kitabların Qarabağ Universitetində təqdim olunması məqsədilə Xankəndi şəhərinə səfər təşkil olunub.

Səfər zamanı Qarabağ Universitetində Qarabağ florasına həsr olunmuş elmi nəşrlərin təqdimat mərasimi keçirilib. Tədbirdə Qarabağ Universitetinin və Botanika İnstitutunun əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Elçin İbrahimov botaniklərin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi elmi-tədqiqat işlərini yüksək qiymətləndirib, Qarabağa həsr olunmuş fundamental nəşrlərin universitetdə təqdim edilməsinin elm və təhsil müəssisələri arasında əməkdaşlığın inkişafına və tələbələrin elmi ədəbiyyatla təminatına mühüm töhfə verəcəyini bildirib.

Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva çıxış edərək Qarabağın flora müxtəlifliyinin tədqiqi istiqamətində son illər aparılan ekspedisiyalar və əldə olunan elmi nəticələr haqqında ətraflı məlumat verib. Professor qeyd edib ki, təqdim olunan nəşrlər Qarabağın və Şərqi Zəngəzurun zəngin biomüxtəlifliyini və regionun bitki örtüyünün müasir vəziyyətini əks etdirən mühüm elmi mənbələrdir.

Sonra Botanika İnstitutunun əməkdaşları biologiya elmləri doktoru, professor Elman İsgəndər, biologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Qaraxani, biologiya üzrə fəlsəfə doktoru Hilal İmanlı və biologiya üzrə fəlsəfə doktoru, dosent Nuri Mövsümova təqdim olunan kitabların mövzuları üzrə çıxış edərək Qarabağ və Şərqi Zəngəzurun ağac və kol bitkiləri, nadir və endemik növləri, etnobotaniki irsi barədə məlumat veriblər.

Tədbirin sonunda professor Səyyarə İbadullayeva Qarabağ florasına həsr olunmuş kitabları Universitetin Nəşriyyat və Kitabxana Mərkəzinin direktoru Dönməz Xəlilova təqdim edib. Eyni zamanda professor öz adından xatirə olaraq gül motivli rəsm əsərini universitetə hədiyyə edib.

Universitet rəhbərliyi bu dəyərli hədiyyələrə görə Botanika İnstitutunun kollektivinə təşəkkürünü bildirib və bu kitabların tələbələr üçün mühüm elmi mənbə olacağını qeyd edib. Həmçinin Botanika İnstitutu ilə Qarabağ Universiteti arasında elmi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Tədbirdən sonra Botanika İnstitutunun əməkdaşları Xankəndi şəhərinin görməli məkanlarını ziyarət edib, şəhərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.

Goldmedia.az


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26