Interposta.Info


Beynəlxalq Kosmik Stansiya mübahisəsi: Okeana düşəcək, amma...

Dünya
 Dünən, 15:39     7

NASA-nın istismardan çıxarılacaq Beynəlxalq Kosmik Stansiyanı 2031-ci ildə Sakit okeana endirmək planı ekoloji təşkilatların sərt tənqidinə səbəb olub. Tənqidçilər hesab edirlər ki, açıq dənizləri qoruyan aydın beynəlxalq hüquqi mexanizmlərin olmaması kosmik agentliklərə okeanlardan faktiki olaraq tullantı sahəsi kimi istifadə etməyə imkan verir.
Goldmedia.azxəbər verir ki, bəşəriyyətin orbitdəki ən böyük qurğusu olan Beynəlxalq Kosmik Stansiyanın yaxın illərdə istismardan çıxarılması planlaşdırılır. Lakin "NASA”nın bu prosesi həyata keçirmə ssenarisi ekoloji təşkilatlar və dövlət nəzarət qurumları arasında ciddi müzakirələrə səbəb olub.
Rəsmi plana əsasən, proses 2028-ci ildə stansiyanın Rusiya seqmentinin həyata keçirəcəyi manevrlərlə başlayacaq. Daha sonra "SpaceX” tərəfindən hazırlanmış xüsusi kosmik aparat stansiyaya birləşdirilərək onu okeana doğru istiqamətləndirəcək. Əsas əməliyyatın 2030-cu ilin sonu və ya 2031-ci ilin əvvəlində həyata keçirilməsi nəzərdə tutulur. Hədəf isə Sakit okeandakı ən ucqar nöqtələrdən biri olan "Nemo Point”dir.
Hüquqi boşluq narahatlıq yaradır
Vaşinqtonda fəaliyyət göstərən "Ocean Foundation” təşkilatının prezidenti Mark Spoldinq hesab edir ki, bu əməliyyat beynəlxalq hüquqda ciddi boşluqları üzə çıxarır.
Hazırkı Kosmik Məsuliyyət Konvensiyasına əsasən, kosmik tullantılar hər hansı dövlətin ərazisinə zərər vurarsa, onları orbitə çıxaran ölkə kompensasiya ödəməlidir. Lakin söhbət açıq dənizlərdən getdikdə kosmik agentliklərin nə təmizləmə, nə də ekoloji bərpa ilə bağlı hüquqi öhdəliyi mövcuddur. Buna görə də agentliklər idarə olunan enişlər zamanı bu hüquqi boşluqdan istifadə edərək okeanları hədəf seçirlər.
Ekoloji təsirlərlə bağlı suallar qalır
Mütəxəssislərin fikrincə, futbol meydançası böyüklüyündə olan bu qurğunun atmosferə daxil olması zamanı bütün hissələri tamamilə yanmayacaq. Ağır metallardan ibarət qalıqlar dəniz dibinə çökdükdə həssas ekosistemə necə təsir göstərəcəyi isə hələ də məlum deyil.
Bundan əlavə, bu miqyasda idarə olunan enişin atmosferə uzunmüddətli məcmu təsirləri də kifayət qədər araşdırılmayıb.
Mark Spoldinq milli yurisdiksiyadan kənarda yerləşən dəniz mühitinin qorunmasını nəzərdə tutan "BBNJ” Açıq Dənizlər Sazişinin bu əməliyyata tətbiq edilməsinin vacibliyini vurğulayır.
Əməliyyatdan əvvəl şəffaflıq tələb olunur
"Ocean Foundation” Sakit okeanda həyata keçiriləcək əməliyyatdan əvvəl bir sıra addımların atılmasını tələb edir. Təşkilatın fikrincə, aşağıdakı tədbirlər həyata keçirilməlidir:
* Dəniz dibinə düşəcək qalıqların və atmosferə mümkün təsirlərin hərtərəfli ekoloji qiymətləndirilməsi aparılmalıdır;
* Okeana düşəcək bütün materialların siyahısı ictimaiyyətə tam şəkildə açıqlanmalıdır;
* "London Protocol” və BMT-nin Dəniz Hüququ Konvensiyası çərçivəsində hüquqi öhdəliklər ətraflı təhlil edilməlidir.
Ekoloji təşkilatlar bildirirlər ki, açıq dənizlərin hüquqlarını qoruyan vahid beynəlxalq qurum yoxdur. Onların fikrincə, bəşəriyyət kosmosdakı nailiyyətlərinin ekoloji yükünü müdafiəsiz dəniz ekosistemlərinin üzərinə qoymaqdan imtina etməlidir. Beynəlxalq Kosmik Stansiyanın istismardan çıxarılması prosesi açıq dənizlərlə bağlı beynəlxalq hüquqdakı boşluqların aradan qaldırılması istiqamətində mühüm dönüş nöqtəsinə çevrilə bilər.\qaynarinfo.az
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26