Interposta.Info

Azərbaycanda orqan nəqli niyə inkişaf etmir? - Adil Qeybulla səbəbləri açıqladı

Müxtəlif / Manşet
 Dünən, 15:26     4

"Azərbaycanda orqan nəqli və transplantasiyanın inkişafı üçün müasir infrastruktur yaradılmalıdır. Bunun üçün ilk növbədə donor bankı formalaşdırılmalıdır".


Bunu Goldmedia.az açıqlamasında professor Adil Qeybulla deyib.


Professorun sözlərinə görə, donor bankı vahid səhiyyə sistemi kimi fəaliyyət göstərməlidir ki, ölkənin istənilən bölgəsində donor orqanı yarandığı anda onun qısa müddətdə ehtiyacı olan xəstəyə çatdırılması mümkün olsun:


"Belə bir sistem hələlik mövcud deyil. Düzdür, bununla bağlı müəyyən mərkəz yaradılıb və Etika Komissiyası fəaliyyət göstərir. Lakin həmin komissiyanın əsas vəzifəsi orqan verən və qəbul edən şəxslərin yaxın qohum olub-olmadığını, eləcə də prosesdə hər hansı kriminal halın mövcudluğunu araşdırmaqdan ibarətdir".

Professor bildirib ki, ölümündən sonra orqan bağışlanması ilə bağlı tətbiq olunan mexanizm də problemi tam həll etmir:


"Birincisi, həmin şəxslərin nə vaxt vəfat edəcəyi məlum deyil. İkincisi, ölüm anında orqanların transplantasiya üçün yararlı olub-olmayacağı da sual altındadır. Bu, müsbət tendensiyadır, lakin hələlik problemin həllində çox məhdud rol oynayır. Məsələn, dializ xəstələri gözləyə bilmir. Onların vəziyyəti günbəgün ağırlaşır. Kiminsə nə vaxtsa vəfat edəcəyi və həmin orqanın konkret xəstəyə uyğun gəlib-gəlməyəcəyi əvvəlcədən bilinmir. Ona görə də bu, praktik baxımdan real çıxış yolu deyil".


Adil Qeybullanın fikrincə, əsas diqqət beyin ölümü baş vermiş şəxslərin donor kimi istifadəsinə yönəldilməlidir:


"Bu gün belə hallar kifayət qədərdir. Məsələn, ağır yol-nəqliyyat hadisəsi nəticəsində beyin ölümü baş vermiş şəxslərin orqanlarının götürülməsinə hüquqi və tibbi baxımdan operativ icazə verilməlidir. Təəssüf ki, valideynlərin və ümumilikdə cəmiyyətin böyük hissəsi psixoloji baxımdan buna hazır deyil. Bu problem həllini tapmalıdır. Axı niyə qardaş, bacı, ata və ya ana öz orqanını başqa şəxsə verməyə məcbur olmalıdır? İnsanlar bunu çox vaxt çıxılmaz vəziyyətdə edirlər və bununla öz sağlamlıqlarını da riskə atırlar. Dünyada bu məsələ hansı mexanizmlərlə tənzimlənirsə, Azərbaycanda da həmin təcrübə tətbiq edilməlidir".


Professor hesab edir ki, problemin həlli üçün hüquqi baza da tam təkmilləşdirilməlidir:


"Hüquqi prosedurlar elə qurulmalıdır ki, bu sahədə kriminal hallara heç bir imkan qalmasın. Bu, son dərəcə vacib məsələdir. Hələ də orqan transplantasiyası ilə bağlı müxtəlif kriminal söhbətlər dolaşır. Vaxtilə Azərbaycanda orqan qaçaqmalçılığı halları mövcud idi. Milli Təhlükəsizlik Nazirliyi bunun qarşısını aldı. Ancaq yenə də hesab edirəm ki, bu sahədə kriminal risklər tamamilə aradan qaldırılmalıdır. Cəmiyyətin bu məsələyə münasibəti də beynəlxalq humanizm prinsiplərinə və yüksək mərhəmət hissinə əsaslanmalıdır".



Adil Qeybulla qeyd edib ki, hazırda dünyada heyvan orqanlarının, xüsusilə də donuz orqanlarının insanlara transplantasiyası istiqamətində ciddi elmi araşdırmalar aparılır:


"Donuzun genotipi gen mühəndisliyi vasitəsilə insan genotipinə mümkün qədər yaxınlaşdırılır. Məqsəd transplantasiyadan sonra orqanizmin həmin orqanı rədd etməsinin qarşısını almaqdır. Çünki orqan köçürülməsi əməliyyatın sonu demək deyil. Ən böyük problemlərdən biri transplantasiya edilmiş orqanın immun sistemi tərəfindən rədd edilməsidir. Bəzən köçürülmüş orqan orqanizmdə fəaliyyət göstərə bilmir və bədən onu qəbul etmir. Bu proses birbaşa immun sisteminin xüsusiyyətlərindən asılıdır. Ona görə də transplantasiyadan sonra da çoxsaylı tibbi problemlər qalır. Hazırda molekulyar biologiyanın nailiyyətləri sayəsində donuz orqanlarının insanlara uğurla köçürülməsi istiqamətində ciddi elmi işlər aparılır və gələcəkdə bu sahədə mühüm nəticələrin əldə olunacağı gözlənilir"./qaynarinfo.az


Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26