Rəqəmsal uşaqlıq uğrunda mübarizə: Azərbaycan hansı yolu seçir? (TƏHLİL)
Sosial şəbəkələr uzun müddət internetin adi bir hissəsi kimi qəbul olunurdu. Lakin son illərdə vəziyyət dəyişib. TikTok, Instagram Reels, YouTube Shorts və oxşar platformalar artıq təkcə ünsiyyət vasitəsi deyil, uşaqların diqqətini, davranışlarını, informasiya qavrayışını və gündəlik vərdişlərini formalaşdıran güclü rəqəmsal mühitə çevrilib.
Məhz buna görə dünyanın müxtəlif ölkələrində uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı yeni məhdudiyyətlər və müdafiə mexanizmləri gündəmə gəlir. Bir neçə il əvvəl əsasən ekspert dairələrində müzakirə olunan bu məsələ artıq hökumətlərin, parlamentlərin və tənzimləyici qurumların prioritet mövzularından biridir.
Azərbaycanda hazırlanmış yeni qanunvericilik dəyişiklikləri də bu qlobal tendensiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Məqsəd sosial şəbəkələri qadağan etmək deyil, yetkinlik yaşına çatmayanların rəqəmsal mühitdə daha təhlükəsiz iştirakını təmin etməkdir.
Problem nədən ibarətdir?
Müzakirələrin mərkəzində bir neçə əsas riskdayanır.
İlk növbədə, uşaqların yaşlarına uyğun olmayan məzmuna çıxışı narahatlıq doğurur. Kibertəqib, zorakılıq səhnələri, özünəxəsarət çağırışları, seksual xarakterli materiallar və manipulyativ məzmun növləri sosial şəbəkələrdə geniş yayılıb.
Digər mühüm məsələ platformaların iş prinsipi ilə bağlıdır. Müasir sosial şəbəkələr istifadəçinin diqqətini mümkün qədər uzun müddət saxlamaq üçün qurulub. Sonsuz sürüşdürmə (infinite scroll), avtomatik video oynatma, fərdiləşdirilmiş tövsiyələr və alqoritmik məzmun seçimi xüsusilə yeniyetmələrə ciddi təsir göstərir.
Elmi araşdırmalar da bu narahatlıqların əsassız olmadığını göstərir. 2025-ci ildə aparılmış tədqiqatlardan birinə görə, 13 yaşlı istifadəçilər üçün yaradılan hesablar zərərli məzmunla 18 yaşlı istifadəçilərə nisbətən daha tez və daha çox qarşılaşır. Araşdırma zamanı bəzi hallarda belə videoların cəmi bir neçə dəqiqə ərzində istifadəçiyə təqdim olunduğu müəyyən edilib.
Bununla yanaşı, sosial şəbəkələrin uzunmüddətli təsirləri hələ tam öyrənilməyib. Bununla belə, diqqətin parçalanması, informasiyanın səthi qavranılması və rəqəmsal asılılıq riskləri beynəlxalq səviyyədə geniş müzakirə olunur.
Azərbaycan nəyi dəyişmək istəyir?
Milli Məclisdə müzakirə olunan dəyişikliklərə əsasən, 16 yaşını tamamlamamış şəxslərin müəyyən ediləcək sosial şəbəkə platformalarında fərdi hesab yaratmasına icazə verilməməsi nəzərdə tutulur. Platformaların istifadəçilərin yaşını yoxlamaq üçün texniki mexanizmlər tətbiq etməsi, 16-18 yaş qrupu üçün isə əlavə təhlükəsizlik və valideyn nəzarəti imkanları yaratması təklif olunur.
Qanun layihəsi yalnız yaş məhdudiyyəti ilə kifayətlənmir.
Platformalar:
- yaşın yoxlanılması sistemini tətbiq etməli;
- zərərli məzmunun yayılmasının qarşısını operativ şəkildə almalı;
- yeniyetmələrin məlumatlarından kommersiya məqsədləri üçün istifadə etməməli;
- valideyn nəzarəti alətləri təqdim etməli;
- Azərbaycanda rəsmi qeydiyyatdan keçməlidirlər.
Layihənin diqqətçəkən tərəflərindən biri də məsuliyyətin yalnız istifadəçilərin deyil, sosial şəbəkə şirkətlərinin üzərinə qoyulmasıdır.
Bununla belə, qanun layihəsinin müəlliflərinin də vurğuladığı kimi, məsələ yalnız hüquqi mexanizmlərlə həll oluna bilməz. Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət, ailə və təhsil sisteminin birgə fəaliyyətini tələb edir. Valideyn nəzarəti, məktəblərdə mobil telefonlarla bağlı aydın qaydalar və media savadlılığı bu siyasətin ayrılmaz hissəsi hesab olunur.
Avstraliya: sərt məhdudiyyətlər modeli
Bu sahədə ən çox diqqət çəkən nümunələrdən biri Avstraliyadır.
Ölkədə 2025-ci ilin dekabrından etibarən 16 yaşdan aşağı şəxslərin bir sıra sosial şəbəkələrdə hesab saxlamasını faktiki olaraq qadağan edən qanun qüvvəyə minib. Facebook, Instagram, TikTok, Snapchat, X, Reddit, YouTube və digər iri platformalar yaş məhdudiyyətlərinin tətbiq olunduğu sistemlərə daxil edilib.
Bu modelin əsas xüsusiyyəti məsuliyyətin valideynlərin və ya uşaqların deyil, platformaların üzərinə qoyulmasıdır.
Şirkətlər 16 yaşdan aşağı istifadəçilərin hesab yaratmasının və ya hesab saxlamasının qarşısını almaq üçün qanunda nəzərdə tutulan tədbirləri görməlidirlər. Əks halda, 49,5 milyon Avstraliya dollarınadək maliyyə sanksiyaları tətbiq oluna bilər .
Qanunun qüvvəyə minməsindən əvvəl və tətbiqin ilk mərhələsində "Meta” təxminən 544-550 min yeniyetmə hesabının bağlanmasına başlayıb . Platformalar yaşın müəyyənləşdirilməsi üçün süni intellekt texnologiyalarından, sənəd yoxlamasından və digər vasitələrdən istifadə etməyə məcbur olublar.
Lakin Avstraliya təcrübəsi bir sıra problemləri də üzə çıxarıb. Tənqidçilər hesab edirlər ki, yaş məhdudiyyətləri texniki baxımdan tam effektiv deyil. Yeniyetmələr VPN xidmətləri, saxta məlumatlar və alternativ platformalar vasitəsilə məhdudiyyətləri aşmağa çalışırlar. İlkin araşdırmalar da göstərir ki, uşaqlar bu cür texnoloji maneələri qısa müddətdə keçməyin yollarını tapırlar.
Bu səbəbdən ekspertlər hesab edirlər ki, sərt qanunların qəbulu vacib olsa da, onların effektivliyi yalnız texniki məhdudiyyətlərdən asılı deyil.
Fransa: balanslı yanaşma
Fransa fərqli model seçib.
Burada əsas məqsəd uşaqları sosial şəbəkələrdən tam uzaqlaşdırmaq deyil, valideynlərin prosesdə daha fəal iştirakını təmin etməkdir.
Fransada 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə qeydiyyatı üçün valideyn razılığı tələb olunur. Platformalar həmin razılığın mövcudluğunu təsdiqləyən mexanizmlər yaratmalıdır.
Bu modelin üstünlüyü məsuliyyətin ailə institutuna da həvalə edilməsidir. Dövlət texniki çərçivəni müəyyənləşdirir, valideyn isə prosesin iştirakçısına çevrilir.
Lakin bu yanaşma da problemlərdən kənar deyil. Əsas mübahisələr yaşın necə müəyyənləşdirilməsi ilə bağlıdır. Platformalar hansı məlumatları toplamalıdır? Məxfilik necə qorunmalıdır? Bu mexanizmlər Avropa İttifaqının rəqəmsal hüquq normaları ilə nə dərəcədə uzlaşır? Bu suallar hələ də tam cavablandırılmayıb.
Son dövrdə Fransada daha sərt məhdudiyyətlər barədə də müzakirələr aparılır. 2026-cı ilin yanvarında Milli Assambleya 15 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrə daha geniş məhdudiyyətləri nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Eyni zamanda, yeniyetmələr üçün "rəqəmsal komendant saatı" ideyaları da müzakirə olunub .
Bu da göstərir ki, valideyn razılığına əsaslanan model problemləri tam həll etməyə kifayət etməyib.
Türkiyə: regionda yeni tendensiya
Azərbaycan üçün maraqlı nümunələrdən biri də Türkiyədir.
2026-cı ildə Türkiyə parlamenti 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun qəbul edib. Yeni qaydalar platformalar üçün yaş yoxlama sistemləri və əlavə təhlükəsizlik mexanizmləri nəzərdə tutur. Bununla belə, qanunun tətbiq mexanizmlərinin praktikada necə işləyəcəyi hələ tam aydın deyil .
Türkiyə modelində əsas diqqət platformaların öhdəliklərinin genişləndirilməsinə yönəlib. Şirkətlər yalnız istifadəçinin yaşını yoxlamaqla kifayətlənməməli, uşaqlar üçün xüsusi təhlükəsizlik rejimləri yaratmalıdırlar. Bu yanaşma müəyyən mənada Azərbaycanın təklif etdiyi modelə yaxındır.
Həm Türkiyə, həm də Azərbaycan uşaqların qorunmasını yalnız fərdi məsuliyyət məsələsi kimi deyil, platformaların hüquqi öhdəliyi kimi təqdim edir.
Bununla belə, Türkiyədə də müzakirələr davam edir. Bir sıra ekspertlər bu tədbirlərin uşaqların müdafiəsinə xidmət etdiyini bildirir, digərləri isə tətbiq mexanizmlərinin effektivliyinin zamanla qiymətləndiriləcəyini vurğulayırlar.
Azərbaycan üçün əsas dərs nədir?
Avstraliya, Fransa və Türkiyə təcrübələri bir vacib nəticəni ortaya qoyur.
Sosial şəbəkələrlə bağlı problemlər artıq heç bir ölkədə yalnız valideyn məsuliyyəti ilə izah edilmir. Eyni zamanda, heç bir model təkcə qanun qəbul etməklə kifayətlənmir.
Ən effektiv yanaşma bir neçə istiqamətin paralel tətbiqini tələb edir:
- aydın qanunvericilik çərçivəsi;
- platformalar üçün konkret öhdəliklər;
- valideyn nəzarəti;
- məktəblərdə mobil telefonlarla bağlı siyasət;
- uşaqlar və müəllimlər üçün media savadlılığı proqramları;
- rəqəmsal təhlükəsizlik üzrə davamlı maarifləndirmə.
Azərbaycanın təklif etdiyi dəyişikliklərin əsas məntiqi də bundan ibarətdir. Söhbət sosial şəbəkələri qadağan etməkdən deyil, uşaqların rəqəmsal mühitdə müdafiəsini daha sistemli şəkildə təşkil etməkdən gedir.
Qlobal tendensiyalar göstərir ki, yaxın illərdə uşaqların rəqəmsal təhlükəsizliyi internet siyasətinin əsas istiqamətlərindən birinə çevriləcək. Bu baxımdan Azərbaycanın bu müzakirələrə indidən qoşulması və yeni yanaşmaların formalaşmasında iştirak etməyə çalışması təsadüfi görünmür./qaynarinfo.az
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



