Interposta.Info


9 ölkə nüvə arsenallarını kütləvi şəkildə genişləndir - SIPRI

Dünya
 Bu gün, 11:48     106

Dünyanın nüvə silahına malik doqquz dövləti – ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail 2025-ci ildə nüvə arsenalını modernləşdirməyə davam edib.
Qaynarinfo xəbər verir ki, bu barədə iyunun 8-də yayımlanan, Stockholm International Peace Research Institute (SIPRI)-nin illik hesabatında bildirilib.
Hesabata görə, adıçəkilən ölkələrin əksəriyyəti yeni nüvə sistemlərini və ya nüvə başlıqları daşıya bilən texnikanı silahlanmaya daxil edib.
Məlumata əsasən, 2025-ci ilin yanvar ayına olan vəziyyətə görə dünyada təxminən 12 187 nüvə başlığı mövcud olub. Onlardan 9 745-i potensial istifadəyə hazır vəziyyətdə saxlanılır. Təxminən 4 012 başlıq raketlər və təyyarələr üzərində yerləşdirilib, 2 100–2 200 arası başlıq isə yüksək döyüş hazırlığı vəziyyətində olan ballistik raketlərdə saxlanılır. Bu arsenalın böyük hissəsi Rusiya və ABŞ-a məxsusdur.
SIPRI analitikləri bildirirlər ki, Soyuq müharibənin başa çatmasından sonra ABŞ və Rusiyada köhnə nüvə başlıqlarının məhv edilməsi yeni silahların istehsalını üstələyirdi və bu səbəbdən qlobal nüvə ehtiyatları hər il azalırdı. Lakin yaxın illərdə bu tendensiyanın dəyişəcəyi gözlənilir.
İnstitutun tədqiqatçılarından olan Hans Kristensen vurğulayıb ki, nüvə dövlətləri silahsızlanma öhdəliklərini getdikcə daha çox arxa plana keçirir və bu, yeni silahlanma yarışını sürətləndirir.
ABŞ və Rusiyanın payı üstünlük təşkil edir
Hesabata görə, Rusiya və ABŞ dünya nüvə başlıqlarının təxminən 83 faizinə nəzarət edir. Hər iki ölkənin hərbi ehtiyatları 2025-ci ildə əsasən sabit qalsa da, genişmiqyaslı modernləşdirmə proqramları gələcəkdə arsenalın böyüməsinə səbəb ola bilər.
SIPRI qeyd edir ki, Rusiyanın "Sarmat" qitələrarası ballistik raketinin sınaqları uğursuzluqlarla müşayiət olunub. Bununla yanaşı, "Burevestnik" qanadlı raketinin 14 min kilometrdən artıq məsafədə uğurlu sınaq keçdiyi bildirilir.
ABŞ-da isə nüvə arsenalının yenilənməsi proqramı maliyyə çatışmazlığı və planlaşdırma problemləri ilə üzləşib. Bununla yanaşı, prezident Donald Tramp tərəfindən təklif olunan və dəyəri 1,2 trilyon dollar qiymətləndirilən "Qızıl Qübbə" raketdən müdafiə sistemi də əlavə müzakirələrə səbəb olub.
Çin ən sürətlə böyüyən nüvə gücünə çevrilir
SIPRI-nin məlumatına görə, Çinin nüvə arsenalında hazırda təxminən 620 döyüş başlığı var və Pekin bu sahədə dünyada ən sürətli artımı nümayiş etdirir.
Bildirilir ki, Çin ölkənin şimalında yüzlərlə raket şaxtası yerləşdirib və yeni obyektlərin tikintisini davam etdirir. Bununla belə, ekspertlər hesab edirlər ki, hətta 2030-cu ildə Çin 1 000 nüvə başlığı həddini keçsə belə, bu göstərici yenə də ABŞ və Rusiyanın arsenalından xeyli aşağı olacaq.
 
Avropa da nüvə strategiyasını yenidən nəzərdən keçirir
Qlobal təhlükəsizlik mühitindəki dəyişikliklər fonunda Avropa ölkələri də nüvə müdafiə imkanlarını gücləndirməyə çalışır.
2026-cı ilin martında Fransa prezidenti Emmanuel Makron ölkəsinin nüvə arsenalının artırılacağını və onun dəqiq ölçülərinin məxfi saxlanılacağını açıqlayıb. Fransa artıq Almaniya və Böyük Britaniya ilə nüvə əməkdaşlığı imkanlarını müzakirə edir.
Bundan başqa, Böyük Britaniya ABŞ istehsalı olan F-35A Lightning II qırıcılarından 12 ədəd almaq qərarına gəlib. Bu təyyarələrin Amerika nüvə bombalarının daşınması üçün istifadə olunacağı bildirilir.
Ekspertlər hesab edirlər ki, silahlara nəzarət mexanizmlərinin zəifləməsi, geosiyasi gərginliyin artması və yeni texnologiyaların inkişafı qlobal nüvə təhlükəsini son illərin ən yüksək səviyyəsinə çatdıra bilər.
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26