Interposta.Info

 

Nurəddin Rəcəbov: “Bir-iki idmançı bizi məyus etdi, gözləntilərimizi doğrultmadılar” - FOTO

Ölkə
 29-06-2023, 15:53     227

“Çox sevindirici haldır ki, İspaniyada üç dəfə Azərbaycan Himni səsləndi. Bizim üçün ən qürurverici andır”.

Bunu Oxu.Az-a açıqlamasında İspaniyada keçirilən U-20 Avropa çempionatında rekord xalla 1-ci yeri tutan yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının böyük məşqçisi Nurəddin Rəcəbov deyib.

O, gənclər millimizin ilk dəfə Avropa çempionu olduğunu bildirib:

“İki dəst medal aldıq. İki qızıl, iki gümüş, iki bürünc qazandıq. İki idmançımız beşinci yeri tutdu. Tarixdə ilk dəfə gənclərdən ibarət yığmamız komanda hesabında Avropa çempionu oldu. İdmançılarımız bacarıqlarını göstərdilər. Yalnız bir-iki idmançı bizi məyus etdi, gözləntilərimizi doğrultmadılar. Çalışacağıq ki, dünya çempionatından öncə bu çatışmazlıqları da aradan qaldıraq”.

Böyük məşqçi rekord xalla Avropanın ən güclüsü olmağın qürurverici olduğunu qeyd edib:

“Bütün Avropa dövlətləri sırasında belə bir nəticə göstərmək, rekorda imza atmaq Azərbaycan kimi az əhalisi olan ölkə üçün böyük bir fəxrdir. Federasiya rəhbərliyinə və nümayəndələrinə, məşqçi yoldaşlarıma təşəkkür edirəm. Çox sevindirici gündür. Uğurumuz müqəddəs Qurban bayramına təsadüf etdi. Belə demək olarsa, bayram bayrama qarışdı. Hər kəsi, bütün xalqımızı təbrik edirəm. İdmançılara, valideynlərinə və məşqçi yoldaşlarıma təşəkkürümü bildirirəm. Əl-ələ verib bu işin öhdəsindən gəldik”.


Xatırladaq ki, Azərbaycan millisi 144 xal toplayaraq komanda hesabında Avropa çempionu olub. Bu, U-20 Avropa çempionatları tarixində yunan-Roma güləşi üzrə millinin topladığı ən yüksək xaldır. Komandamız ən yaxın izləyicisi Gürcüstanı 10 xal qabaqlayıb.

Azərbaycan güləşçilərindən Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Məraim Mustafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıblar.

İnterPosta.info






Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26