Interposta.Info

 

Bakıda havanı çirkləndirən zavodun rəhbəri cərimələndi

Ölkə
 6-06-2023, 14:48     173

Bakıda havanı çirkləndirən zavodun rəhbəri cərimələnib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ətraf mühitin mühafizəsinə, atmosfer havasının təmizliyinin qorunmasına dəstək məqsədilə “Havanı kim çirkləndirir?” aksiyasına start verilib. Layihə çərçivəsində vətəndaşdan daxil olan şikayət əsasında Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən asfalt-beton zavodundan atmosferə tullantı atıldığı müəyyən olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı “15 nömrəli Xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atıldığı məlum olub.
Faktla bağlı zavodun rəisi Musa Cəbiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimə edilib. Zavoddakı təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etmək, havanın çirkləndirilməsinə yol verməmək üçün M.Cəbiyevə məcburi göstəriş verilib.

Xatırladaq ki, “Havanı kim çirkləndirir?” layihəsinin əsas hədəfi ölkə ərazisində atmosfer havasına normadan artıq tullantıların atılmasına qarşı nəzarət tədbirlərini intensivləşdirmək, geniş ictimaiyyətin diqqətini və dəstəyini ətraf mühitin mühafizəsinə yönəltməkdir.

Ətraf mühitin qorunmasında vətəndaşların həlledici rola malik olduğunu nəzərə alaraq, bütün təbiətsevərlərdən atmosfer havasına tullantıların atılması halları ilə rastlaşdıqda Nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, “168” çağrı mərkəzinə və [email protected] elektron poçt ünvanına məlumat vermələri xahiş olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26