Interposta.Info

"Zəfər: qədim və müasir naxışlarda" adlı xalça eskizlərindən ibarət sərgi davam edir - FOTO

Ölkə
 11-11-2022, 17:11     317

“NUR Art House” qalereyasının təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Rəssamlar İttifaqı, “Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi” İctimai Birliyi və Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə “Azərbaycan xalçaçıları” İB-nin üzvü, istedadlı xalçaçı-rəssam Natiq Nəcəfzadənin “Zəfər, qədim və müasir naxışlarda” adlı xalça eskizlərindən ibarət ilk fərdi sərgisi açılıb.
Sərgi Şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb.
Daha sonra Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev qonaqları salamlayaraq Zəfər Gününü təbrik edib. Şəhidlərimizin qanı, Qazilərimizin canı bahasına qazanılan bu şanlı Qələbənin tariximizin qızıl səhifəsi olduğunu vurğulayıb.
Sərgidə həmçinin “Dünya Azərbaycanlılarınin Mədəniyyət Mərkəzi” İB-nin üzvü, “Xarıbülbül” ədəbi məclisinin sədri, yazar Nəzakət Kərimova-Əhmədova, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, 1-ci Qarabağ müharibəsi qazisi, yazar Zaur Ustac çıxış edərək gənc rəssam Natiq Nəcəfzadəni təbrik edib, ona müvafiq olaraq Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Fəxri diplomu”nu və “Ziyadar” mükafatını təqdim ediblər.
“Azərbaycan xalçaçıları” İctimai Birliyi İdarə Heyətinin üzvü, xalçaçı-rəssam Eldar Hacıyev “NUR Art House” qalereyasının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru professor Röya Tağıyevanın adından hamını Zəfər Günü münasibətilə təbrik edib, Şəhidlərimizə ehtiramımızı, Qazilərimizə təşəkkürümüzü bildirib. O, Natiq Nəcəfzadənin xalça eskizlərindən söhbət açarkən, “Zəfər” xalçasına xüsusilə diqqəti cəlb edib, konusun Vətən müharibəsində mənfur erməni təxribatına qarşı əks-hücum həmləsi ilə Şuşamıza qədər aparan Zəfər yolunda nümayiş etdirdikləri ruh yüksəkliyinin və əbədiliyin mücəssəməsi olduğunu və “NUR Art House” qalereyasının bu xalça eskizini reallaşdıraraq onu xalça şəklində yaşatmaq məramını qeyd edib. O, həmçinin sərgi boyu 10 gün ərzində tamaşaçılara eskizlər arasında ən çox bəyənilən əsəri seçmək və rəssamın arzularını gerçəkləşdirmək imkanı yaradıldığını bildirib.
Açılış mərasimində həmçinin Şəhid ailələrinin üzvləri ürək sözlərini söyləyiblər, Qazilər adından mayor Ramil Əkbərov çıxış edərək, Vətənin keşiyində durmaq hər bir azərbaycanlı kişisinin borcu olduğunu və döyüşə gedərkən şəxsi heyətin sona qədər gedib qələbə qazanmaq inamı ilə irəlilədiklərini, silahdaşlarının qanını yerdə qoymadan ərazi bütövlüyümüzün bərpası uğrunda Dəmir Yumruq kimi birləşərək, arxa cəbhədə olan soydaşlarımızdan ruhlanaraq vuruşduqlarını bildirib.
Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı, tanınmış yazıçı Əkbər Qoşalı, geologiya-mineralogiya elmləri namizədi Şahmurad Əlimuradov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlili, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalının əməkdaşı və başqaları çıxış ediblər.
Onlar Zəfər Gününə həsr olunmuş bu sərginin Natiq Nəcəfzadənin poetik ruhunun xalça dili ilə izharı, qədim naxışlara müasir baxışının təcəssümü olduğunu bildiriblər.
Tədbir zamanı balaca aparıcılar Aytac və Aynur Pirizadələr, Xatun və Humay Zalıyevalar tədbirə dəvət olunmuş Şəhid ailəsi üzvlərindən aldıqları müsahibələr əsasında hazırladıqları Şuşa uğrunda döyüşlər zamanı Şəhadətlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımız Bilal Qənbərov, Fərid Əliyev, Suqovuşanda qəhrəmancasına Şəhid olmuş İsrayıl Cəfərzadə və Vətən müharibəsində cəsarətlə vuruşmuş, 2021-ci ilin noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Qaraheybət poliqonunda hərbi təlim zamanı helikopterin qəzaya uğraması nəticəsində Şəhid olmuş Murad Məmmədov haqqında məlumatları təqdim ediblər.
Sərginin açılışında gənc rəssam Natiq Nəcəfzadə onun yaradıcılığına göstərilən diqqətə görə təşkilatçılara, xüsusilə “NUR Art House” qalereyasının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevaya öz minnətdarlığını bildirib. Rəssam sərginin qonağı olan Prezident təqaüdçüsü, şairə-publisist İradə Əliliyə çəkdiyi portreti hədiyyə edib.
Aşıq və müəllim Sevil Xıdırovanın tələbələri ilə birlikdə hazırladıqları və Zəfər Gününə həsr etdikləri sazlı-sözlü kompozisiya tədbirə xüsusi rəng qatıb.
Qeyd edək ki, sərgi noyabrın 18-nə kimi davam edəcək, sənətsevərlər xalçaçı-rəssam, rəngkar və qrafik Natiq Nəcəfzadənin noyabrın 12-si saat 16:00-da, noyabrın 13-ü saat 14:00-da və noyabrın 17-si saat 18:00-da təşkil olunacaq “Ustad dərs”lərinə qoşularaq onunla xalça aləminə səyahət edib, naxışların sirrini, kompozisiya quruluşu haqqında fikirləri, xalça sənətində rəng həllinin özəlliklərini öyrənəcəklər. Ustad dərslərinə gəlmək istəyənlərdən bazar ertəsindən başqa hər gün saat 11:00-18:00 arası +99412 497 04-54 nömrəli telefonla əlaqə saxlayıb əvvəlcədən qeydiyyatdan keçmək xahiş edilir.
Daim gənc istedadlara, sənətdə ilk addımlarını atan və milli mədəni irsimizi yaşatmaq arzusunda olan gənclərə dəstək olan “NUR Art House” qalereyası bu istiqamətdə məqsədyönlü fəaliyyətini gələcəkdə də davam etdirmək niyyətindədir. Ünvan isə dəyişməzdir, İçərişəhər, Qəsr küçəsi 27.

İnterPosta.info











Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26