Interposta.Info

“NUR Art House” sənət məbədində “Macar qobelen rəssamları” Assosiasiyasının nüməyəndə heyəti ilə görüş keçirilib

Ölkə
 10-10-2019, 23:59     10 347

Qədim İçərişəhərin mədəni mühitində öz yeri olan, Azərbaycan mədəni irsinni təbliğ və təşviq etməyi, keçmişdən gələcəyə körpü ataraq, böyüməkdə olan nəsillər arasında bu istiqamətdə maarifçilik fəaliyyətini həyata keçirən “NUR Art House” Azərbaycan xalçası və dekorativ-tətbiqi sənəti məbədidir. 2016-cı ildən sənətsevərlərin ixtiyarına verilmiş sənət ocağı uşaqdan-böyüyə, həvəskardan-peşəkara hamının zövqünü oxşayan daimi və dəyişən ekspozisiyaları, rəngarəng sərgi və proqramları ilə, eyni zamanda Azərbaycanda ilk dəfə tətbiq olunan proqram-sərgiləri ilə artıq ustad sənətkarlarımızla sənət vurğunlarının və dekorativ-tətbiqi sənət sahəsində özünü sınamaq istəyənlərin ünsiyyət məkanına çevrilib.
Oktyabrın 7-də “NUR Art House” sənət ocağında “Macar Qobelen rəssamları” Assosiasiyasının tekstil üzrə mütəxəsisləri Eszter Kneisz, Livia Papai, Ida Lencses, Edit Lazarne Balogh, Kozsuharov Ognjan ilə “Azərbaycan xalçaçıları” İctimai Birliyi üzvlərinin görüşü keçirilib. Görüş zamanı qonaqlar qalereyanın ekspozisiyası ilə tanış olub, onlara Azərbaycan xalça sənətinin tarixi haqqında danışılıb. Görüşdə Azərbaycan xalça mərkəzlərindən bəhs edilən zaman Qarabağ xalça mərkəzinin özəllikləri üzərində xüsusilə dayanılıb, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasının Hökumətlərarası Komitəsinin QHT Forumunun üzvü kimi “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sənətin yaşadılması, xüsusilə işğal altında olan Qarabağdan məcburi köçkün düşmüş qaçqınlar arasında xalçaçılıq ənənələrinin dirçəldilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilıb. İctimai Birliyin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağdan olan məcburi köçkün qadınlara xalçaçılıq kurslarının təşkil edilməsi” layihəsi çərçivəsində Qarabağın “Şəddə” və “Dəstərxan” xovsuz xalçalarının toxunma üsulları nümayəndə heyətinə əyani şəkildə nümayiş olunub, hər xalçanın daşıdığı məna yükü, onların etnoqrafik dəyəri qonaqlara izah edilib. Həm İctimai Birliyin, həm də qalereyanın mədəni irsimizin qorunub saxlanılması, yaşadılması və tanıtımı sahəsində geniş fəaliyyət göstərərək bunu əsas missiyaları hesab etdikləri vurğulanıb.
Daha sonra qonaqlarla tarixi Böyük İpək Yolunun toxuculuq sənətinin inkişafına, mədəniyyətlərarası mübadilənin isə incəsənətə təsiri ətrafında müzakirələr aparılıb.
Macarıstandan olan qonaqlar Assosiasiyanın 1996-ci ildən fəaliyyət göstərdiyini, Macarıstanla yanaşı, Belçika, Fransa, İsveçrə və Rumiyadan 80 üzvü ətrafında birləşdirdiklərini, öz ölkələrində və onun hüdudlarından kənarda yüzlərlə müxtəlif beynəlxalq miqyaslı sərgilərdə iştirak və təşkil etdiyini bildiriblər. Bundan başqa assossasiya 2000, 2005 və 2017-ci illərdə Macarıstanın paytaxtı Budapeşt şəhərində ”Qobelen” beynəlxalq sərgisini təşkil edib. Rəssamlar müxtəlif üslub və istiqamətləri təmsil edirlər. Onlar həmçinin tələbələrə toxuculuq sənətinin sirlərini öyrədirlər. Assosiasiya daim yaşayan, lakin forma, ifadə vasitələri və dəyərləri dəyişən ənənəvi qobelen texnikasının təmsilçisidir. Qobelen üzrə rəssamlar yeni materiallarla eksperimentlər edərək, köhnə texnikaları dirçəldirlər.
Qonaqlar bildirdilər ki, Assosasiyanın nümayəndə heyətinin Azərbaycan Xalça Muzeyində “İplər vasitəsilə harmoniya” adlı sərgisi açılacaq. Sərgidə ənənəvi toxuculuq məmulatları ilə yanaşı, sənətkar təxəyyülünün, arzularının ifadəsi olan, mədəni müxtəliflikdən bəhrələnərək yaradılan əsərlər nümayiş olunacaq.

İnterPosta.info

“NUR Art House” sənət məbədində “Macar qobelen rəssamları” Assosiasiyasının nüməyəndə heyəti ilə görüş keçirilib
“NUR Art House” sənət məbədində “Macar qobelen rəssamları” Assosiasiyasının nüməyəndə heyəti ilə görüş keçirilib
“NUR Art House” sənət məbədində “Macar qobelen rəssamları” Assosiasiyasının nüməyəndə heyəti ilə görüş keçirilib
“NUR Art House” sənət məbədində “Macar qobelen rəssamları” Assosiasiyasının nüməyəndə heyəti ilə görüş keçirilib

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26