Interposta.Info

Tahir Mirkişili: “Bu rəqəmlər 2022-ci ilin dövlət büdcəsində dəyişikliklərin edilməsi üçün real zəmin və zərurət yaradıb”

Ölkə
 22-06-2022, 11:46     228

Milli Məclisdə çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili layihə barədə məlumat verib.

Musavat.com xəbər verir ki, deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Qanun layihəsi Milli Məclisə təqdim olunub: “Qeyd edim ki, “Büdcə sistemi haqqında qanun”un 23.1-ci maddəsinə əsasən Dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi ilə bağlı dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərtidir. Qanun layihəsinə dair İzahatda 2022-ci il ərzində dövlətin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi bir sıra zəruri tədbirlərin dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin əlavə gəlirləri və mövcud ehtiyatları hesabına maliyyələşdirilməsi üçün “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd edilib. Büdcə sistemi haqqında Qanunun 23.7-ci maddəsinə əsasən dövlət büdcəsinə yenidən baxılarkən, onun gəlir və xərcləri üzrə məbləğinin büdcə gəlirləri təsnifatının, büdcə xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində dəyişdirilməsi nəzərdə tutularsa, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla qanunda göstərilmiş 8 sənəd Milli Məclisə təqdim edilib”.

T.Mirkişili bildirib ki, qanun layihələri haqqında Hesablama Palatasının rəyi də qısa müddətdə hazırlanaraq Milli Məclis üzvlərinə təqdim edilib:

“Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hökumət üzvlərinin, Hesablama Palatasının və müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə qanun layihələri geniş müzakirə olunub. 2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi qəbul olunarkən dövlət büdcəsi gəlirlərinin 26.816 milyon, xərclərinin 29.879 milyon, kəsirinin isə 3.063 milyon manat olacağı planlaşdırılıb. Eyni zamanda 2022-ci ildə ÜDM-in real artım tempinin 3.9%, inflyasiyanın orta illik səviyyəsinin 4%, orta aylıq əmək haqqı artım tempinin isə8.7% olacağı proqnozlaşdırılıb, dövlət büdcəsində hesablamalar neftin bir barelinin orta illik qiymətinin 50 dollar səviyyəsinə uyğun həyata keçirilib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və geo-iqtisadi siyasətin nəticəsi olaraq bu ilin 5 ayı ərzində Azərbaycan iqtisadiyyatı bütün sahələrdə mühüm iqtisadi artım nümayiş etdirmiş, ixracdan əldə edilən valyuta gəlirlərini əhəmiyyətli dərəcədə artırmışdır. Belə ki, 2022-ci ilin 5 ayı ərzində ÜDM 7.2%, qeyri-neft ÜDM-i 11% artım nümayiş etdirmiş, ÜDM-in həcmi 50.8 milyard, qeyri-neft-qaz ÜDM-in həcmi isə 25 milyard manatı keçmiş, qeyri-neft ixracı isə bu ilin 4 ayı ərzində 38,5% artıb. Bu ilin 5 ayı ərzində ilk dəfə olaraq qaz ixracından əldə edilən valyuta gəlirləri neft ixracından əldə edilən valyuta gəlirlərinə yaxınlaşıb. Belə ki, bu müddət ərzində neft ixracından 3.8 mlrd dollar, qaz ixracından isə 3.5 mlrd dollar valyuta gəlirləri əldə etmişik. Qeyd edim ki, bu artımlar son 12 ilin ən böyük artımlarıdır. Eyni zamanda, göstərilən müddət ərzində orta aylıq əmək haqları 14,2% artıb, inflyasiyasının orta illik göstəricisi 12.6%, Azerlight markalı neftin 1 barelinin qiyməti isə 106 dollar olub. Məhz belə makro-iqtisadi konyunktura çərçivəsində 2022-ci ilin beş ayı üzrə dövlət və icmal büdcələrinin operativ icra məlumatına əsasən dövlət büdcəsinin gəlirləri proqnozdan 1.2 mlrd manat və ya 10.8% artıq yerinə yetirilib. Həmçinin, 2022-ci ilin beş ayında dövlət büdcəsinin xərcləri proqnozdan 70 mln manat və ya 0.7% çox icra edilib. Hesabat dövründə dövlət büdcəsində 1.992,4 milyon manat profisit yaranıb ki, bu da proqnozdan 2,4 dəfə çoxdur. Yuxarıda dediyim bütün bu rəqəmlər 2022-ci ilin dövlət büdcəsində dəyişikliklərin edilməsi üçün real zəmin və zərurət yaradıb”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26