Interposta.Info

Abşeron rayonunun Masazır kəndində həyata keçirilən qanunsuz tikintinin qarşısı alınıb

 

 

Ölkə
 1-06-2022, 20:21     367

“Son günlər bəzi kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə Masazır kəndi ərazisində “Talk.TV” İnternet Televiziyasının müxbiri Təbriz Mirzəyə qarşı jurnalist fəaliyyəti aparan zaman Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən təzyiqə və təhdidə məruz qalması barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılıb”.

Bu məlumat"İnterposta"-a Abşeron Rayon İcra Hakimiyyətindən verilib. Məlumatın davamında qeyd edilir:

“T.Mirzə özünün “facebook” sosial şəbəkə səhifəsində yanlış məlumatlar yayaraq ictimaiyyəti çaşdırmağa, əsl həqiqəti gizlətməyə çalışıb.

Abşeron Rayon İcra Hakimiyyəti məsələ ilə əlaqədar bildirir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Talıbov Əjdər Fərrux oğlu Rayon İcra Hakimiyyətinə ünvanladığı ərizəsində Masazır kəndi ərazisində ona məxsus 0,22 ha torpaq sahəsində Seymur adlı şəxs tərəfindən qanunsuz tikinti işlərinin həyata keçirildiyini bildirib. Vətəndaşın müraciətinin araşdırılması zamanı əraziyə baxış keçirilib. Bu zaman Zaur, Rafiq və Fuad adlı şəxslər tərəfindən ərazidə 8 (səkkiz) sayda evin qanunsuz şəkildə tikintisinin həyata keçirildiyi müəyyən olunub və aparılan inşa işlərinin qarşısı alınıb. Məlumat üçün qeyd edək ki, sözügedən torpaq sahəsi Masazır bələdiyyəsinə məxsusdur və adları qeyd olunan şəxslər tərəfindən qanunsuz olaraq zəbt edilib. Qanunvericiliyin tələbləri qanunsuz tikinti aparan şəxslərə izah olunub və Fuad adlı şəxsin özü tərəfindən aparılan tikintinin bir hissəsi sökülüb.

Lakin sonradan adları qeyd olunan şəxslər əraziyə özünü “Talk” TV-nin əməkdaşı kimi təqdim edən Təbriz Mirzə adlı şəxsi dəvət edərək orada RİH-nin əməkdaşlarını təhqir və şantaj əməlləri etməklə qanunsuz tikinti işlərini davam etdirməyə cəhdlər ediblər.

Bununla əlaqədar olaraq RİH tərəfindən ərziyə polis çağırılıb və qanunsuz tikinti işləri növbəti dəfə dayandırılıb”.

Bildirilib ki, torpaq sahəsinin zəbti faktı ilə əlaqədar yuxarıda adları qeyd olunan şəxslərə qarşı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Masazır bələdiyyəsi tərəfindən müvafiq akt tərtib edilərək baxılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilib:

“Eyni zamanda rayon İcra Hakimiyyəti tərəfindən də Abşeron rayon Polis İdarəsinə məktub ünvanlanaraq qanunsuz şəkildə həyata keçirilən tikinti işlərinin qarşısının alınmasına köməklik göstərilməsi xahiş olunub.

Abşeron Rayon İcra Hakimiyyəti bir daha bildirir ki, rayon ərazisində həyata keçirilən bütün qanunsuz tikinti işlərinin və torpaq zəbtlərinin qarşısı qətiyyətlə alınacaqdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26