Interposta.Info

Xalq artisti Şuşada Əməkdar artistə görə niyə xəcalət çəkib?

Ölkə
 3-03-2022, 17:19     305

"Şuşada bir kənara çəkilib özüm-özümə oxumuşam, Şamil Süleymanov bunu görüb və gəlib efirdə danışıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, tanınmış xanəndə Cabir Abdullayev Xalq artisti Şamil Süleymanovun "Cabir Abdullayevə görə Şuşada xəcalət çəkdim” fikirinə aydınlıq gətirərkən deyib.

Xanəndə deyib ki, ifaçı ürəyi istədiyi yerdə oxuya bilər:

"Şuşada oxumaq mənim arzum olub. Şuşa Qarabağın brendidir, üzüyün brilliant qaşıdır. Biz "Xarı bülbül” festivalına gedəndə bir kənara çəkilib özüm-özümə oxumuşam. İnsanam da, ürəyimdən həmin anda oxumaq keçib. Sən demə, Şamil müəllim də mənim oxuduğumu görüb, arxada sakitçə oturub məni dinləyirmiş.

Yaz aylarıydı, bağda əkmək üçün gül-çiçək alırdım. Şamil Süleymanovu gördüm, salamlaşdıq. Baxdım ki, məni tanımadı, dedim, mənəm Cabir Abdullayevəm. Dedi, üzürlü hesab elə, tanımadım. Özü də pis oldu. Dedim ki, burda nə var ki, gözümüz öyrəşib bir-birimizi səhnə geyimində görməyə. Həyatda isə sadə, gündəlik paltarda olanda bəzən bizi tanımırlar. Bu hadisənin ikisini də Şamil Süleymanov efirdə danışıb. Efirdən çıxandan sonra da mənə zəng etdi ki, olanları deyib. Nə etmək olar, Allah hamıya can sağlığı versin”.

Qeyd edək ki, Xalq artisti Şamil Süleymanov efirlərin birində çıxışı zamanı muğam ifaçısı, Əməkdar artist Cabir Abdullayevlə bağlı xatirələrini bölüşüb: "Xəcalət çəkdim, Cabir Abdullayevi küçədə tanımadım. Bazardan gül alırdı, çiçək əkmək istəyirdi. Mənə dedi Cabir Abdullayevəm, yəqin yaşlılıqdandır. Cıdır düzündə gördüm elə bilir onu heç kim görmür, şeir deyirdi. Bilmirəm yaxşı, yoxsa pis müğənnidir. Kənara çəkilib, qayaların dibində oturub, Cıdır düzündən baxır, oxuyur. Bilmirəm ağlayır, bilmirəm gülür, bilmirəm nədir. Utandığımdan yaxınlaşa da bilmədim. Gəlib oturub, qulaq asdım".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26