Interposta.Info

Prezident bu nazirliyə yeni səlahiyyət verdi (FƏRMAN)

Ölkə / Manşet
 15-02-2022, 16:16     397

Prezident İlham Əliyev "Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında" fərman imzalayıb.

"İnterPosta" xəbərinə görə, fərmanla 2022-ci il noyabrın 1-dən himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin, o cümlədən himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron qaydada aparılması, valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yerləşdirilməsi, habelə həmin müəssisələri tərk etməsi ilə bağlı qərarların qəbul edilməsi, sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların müəssisələrdən ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsi və müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanması sahəsində səlahiyyətlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Sənədlə Nazirlər Kabinetinə himayədar ailə institutunun inkişaf etdirilməsi və təşviqi ilə, habelə bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş digər məsələlərlə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərini yeddi ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, 2022-ci il noyabrın 1-dək Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təkmilləşdirilməsini təmin etmək tapşırılıb.

Aidiyyəti dövlət orqanları (qurumları) bu Fərmandan irəli gələn məsələlərin həllinə zəruri kömək göstərməlidirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26