Interposta.Info

Övladlığa verilən uşaqların sayında kəskin azalma var (RƏSMİ)

Ölkə
 3-02-2020, 10:35     333

Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən və şəhər (rayon) İcra Hakimiyyətlərindən alınan məlumatlara əsasən, 2019-cu il üzrə ümumilikdə 144 uşaq övladlığa verilib.

"İnterPosta" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Rəsmi məlumata görə, uşaqların övladlığa götürüldüyü ailələrdəki həyat şəraiti, inkişafı monitorinq tədbirləri nəticəsində daim nəzarətdə saxlanılır.

Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2018-ci illə müqayisədə 2019-cu ildə övladlığa verilən uşaqların sayında azalma müşahidə olunub:

"2018-ci ildə 751 uşaq övladlığa götürülüb ki, bu da 2017-ci illə müqayisədə 14,4 faiz azdır. Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 13,7 faiz azalaraq 402 nəfər, qızların sayı 15,1 faiz azalaraq 349 nəfər olub.

2018-ci ildə əvvəlki illə müqayisədə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqların sayında 10,5 faiz, 3-5 yaşlı uşaqların sayında 19,2 faiz, 6-10 yaşlı uşaqların sayında 21,0 faiz, 11-17 yaşlı uşaqların sayında isə 11,9 faiz azalma müşahidə olunub və bu yaş qruplarında müvafiq olaraq 376, 139, 132 və 104 uşaq övladlığa götürülüb.

Hesabat dövründə ötən il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülüb ki, onların da 4-ü qızdır.

2018-ci ildə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülməsi barədə qərarların sayı əvvəlki illə müqayisədə 15,5 faiz artaraq 67 olub”.

Qeyd edək ki, 2019-cu il dekabrın 10-da prezident İlham Əliyev idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə" alt sistem yaradılıb. 23 dekabr 2019-cu il tarixli Fərmanla övladlığagötürmə sahəsində bir sıra yeni səlahiyyətlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Onların sırasına övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi, müsahibələrin, təlimlərin keçirilməsi, müəssisədə uşaqla övladlığa götürmək istəyən şəxslərin görüşünün təşkili, uşağın sınaq müddətində övladlığa götürmək istəyən şəxslərin evində yerləşdirilməsi barədə qərar qəbul edilməsi daxildir.

Fərmanla, həmçinin, valideyn himayəsindən məhrum olmuş uşaqları aşkar edən və bu cür uşaqlar haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindəki "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemə daxil edən müvafiq icra hakimiyyəti orqanlarının siyahısı müəyyən edilib. Siyahıya Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları daxildir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26