Interposta.Info

Prezident 5 sərəncam, 2 fərman imzaladı

Ölkə
 10-12-2018, 19:15     571

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Xalq artisti”

Əliyeva Lətifə Cahandar qızı

Novruzova Nübar Qulu qızı

“Əməkdar artist”

Abdullayeva Mehriban Abdulla qızı

Əsədov İlham Əsəd oğlu

Hüseynov Elnur Bəhrəmxan oğlu

Şərifova Güşvər Fətulla qızı

“Əməkdar mədəniyyət işçisi”

Rəhimli Rafiq Səfər oğlu.

***

Azərbaycan Respublikası Prezidenti Vaqif Əsədovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Vaqif Firudin oğlu Əsədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ceyhun Topçubaşova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

1. Azərbaycanda səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ceyhun Mustafa oğlu Topçubaşova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası iki ay müddətində:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, tabeliyində elm və təhsil müəssisələri olan qurumların təkliflərini nəzərə almaqla, elmi dərəcə və elmi adların verilməsi qaydalarının, elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, elmi tədqiqatlar haqqında məlumat bazasının yaradılması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi, eləcə də analitik, statistik təhlillərin və hesabatların keyfiyyətinin yaxşılaşdırılması üçün vahid elektron məlumat sisteminin yaradılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

***

Prezident İlham Əliyev övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq, övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığagötürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki, övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılmasını, övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq verilməsini və həmin şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsini, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsini, övladlığagötürmə sahəsində vahid nəzarəti, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasını təmin etmək məqsədilə Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmasını və 2019-cu il iyunun 1-dən fəaliyyətə başlamasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinin və ehtiyatlarının siyahısına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. övladlığagötürmə sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, eləcə də onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun və övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının işçilərinin say həddinin artırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsini stimullaşdıran tədbirlərə, dəstəkləyici mexanizmlərə, habelə övladlığagötürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş altsistemin yaradılması və fəaliyyəti ilə bağlı maliyyələşdirməni iki ay müddətində təmin etsin;

3.5. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan altsistemin fəaliyyətini təmin etmək məqsədilə onunla digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin və elektron xidmətlər göstərilməsinin “Elektron hökumət” portalı vasitəsilə təşkili üçün tədbirlər görsün.

5. Bu Fərmanın 1-ci hissəsi 2019-cu il iyunun 1-dən qüvvəyə minir.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1317-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54; № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 361 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 60-cı hissəsinə “594-cü” sözlərindən sonra “, 600-1-ci” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26