Interposta.Info

Azərbaycanın Rusiyadakı Səfirliyinin təsərrüfat müdiri koronavirusdan vəfat etdi

Ölkə
 12-01-2022, 21:55     303

12 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin təsərrüfat müdiri Həsən Səfər oğlu Hüseynov COVİD-19 virusuna yoluxması nəticəsində vaxtsız dünyasını dəyişib.

Səfirlikdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Həsən Hüseynov uzun müddət Xarici İşlər Nazirliyi sistemində, o cümlədən ölkəmizin Türkiyə Respublikası və Rusiya Federasiyasındakı səfirliklərində işləyib.

"Həmin dövrdə ona verilən bütün tapşırıqları layiqincə yerinə yetirən Həsən Hüseynov peşəkar olması ilə yanaşı, yüksək insani keyfiyyətlərə də malik idi. O, həmkarlarının hörmət və rəğbətini qazanmış, hər zaman onların istər işlə bağlı, istərsə də şəxsi müraciətlərini cavabsız qoymayaraq hər cür köməklik göstərməyə çalışmışdır.

Həsən Hüseynov həm də gözəl ailə başçısı, qayğıkeş ata idi. Övladlarının layiqli böyümələri və yüksək səviyyədə təhsil almaları üçün onlara hər cür dəstək olmuşdur.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin kollektivi və şəxsən öz adımdan uzun illər ərzində mənimlə Moskva şəhərində çalışmış əziz Həsənin ailə üzvləri və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət diləyirəm!", deyə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu adından yayılan məlumatda qeyd olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26