Interposta.Info

Azərbaycanın silah cəbbəxanasını gücləndirərkən İsrailə üstünlük verməsi... – Hərbi ekspert

Ölkə
 13-08-2021, 15:00     488

"Azərbayanın öz silah cəbbəxanasını gücləndirərkən İsrail kimi ölkələrə üz tutması yalnız və yalnız bazardakı balansa uyğun olaraq müasir, daha səmərəli, ağıllı silahları əldə etmək niyyətilə bağlıdır. Bu hal heç bir halda ölkəmizin İsrail, Türkiyə və yaxud Rusiyaya münasibəti kimi dəyərləndirilməməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbçi ekspert İbrahim Rüstəmli Azərbaycanın 2 milyard dollarlıq silah almaq üçün İsraillə danışıqlar aparması ilə bağlı bu ölkə mediasında gedən məlumat fonunda artıq Bakının bu məsələdə Moskva ilə deyil, Təl-Əvivlə əlaqələrə daha geniş önəm verməsinə münasibət bildirərkən deyib.

Ehtiyatda olan polkovnik-leytenant bildirib ki, Azərbaycanın indiki halda sözügedən məsələdə İsrailə üstünlük verməsi silah bazarında balansın dəyişməsilə bağlıdır:

"İsraildən 2 milyard dollarlıq silah almağımız fonunda Azərbaycanın Rusiyadan silah alışını azaldacağını söyləmək uğursuz və konfliktə aparan müqayisədir. Burada məsələyə müqayisəli şəkildə deyil, sadəcə bazar iqtisadiyyatı təfəkkürü ilə yanaşmlıyıq. O mənada ki, Azərbaycan özünə lazım olan silahları İsraildə görürsə, ondan, Rusiyada görürsə, rusdan alacaq. Bir zamanlar Azərbaycan silahları əsasən Rusiyadan alırdı. Bu gün isə Türkiyə, İsrail və digər ölkələr var ki, müasir silah istehsalında Rusiyanı üstələyir. Bu isə avtomatik olaraq bazardakı balansı dəyişir”.



Ekspert qeyd etdi ki, Azərbaycan ən müasir silah və hərbi texnikanı hansı ölkə istehsal etsə, bundan sonra da ilk növbədə məhz ona müraciət edəcək:

"Azərbaycan zaman-zaman Rusiyadan böyük miqdarda silah-sursat alıb. Ölkəmiz son 30 il ərzində dünyanın ən mötəbər hərbi təlim və sərgilərində iştirakçı, ya da müşahidəçi kimi iştirak edərək, nümayiş olunan silahların ən yaxşılarını əldə edib. Müasir dünyada daim inkişaf prosesi baş verir. Dövlət başçısı demişkən, nəinki XXI əsrin, hətta XXII əsrin müharibəsinə hazır olmalıyıq. Azərbaycan bundan sonrakı təhdid, təvavüz və təzyiqlərə də lazımınca cavab verəcək. Bunun üçün də bizə müasir silahlar lazımdır. Onu kim istehsal edirsə, Azərbaycan da silahı ondan alır və alacaq.

Rusiyanın silah bazarındakı nüfuzu aşağı düşərsə, İsrail, Fransa və digər ölkələr Rusiya silahının keyfiyyət göstəricisindən daha yaxşılarını istehsal edərlərsə, Azərbaycan da təbii ki, silah alarkən onlara müraciət edəcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26