Rusiya silah satışında ikinci oldu
2017-ci ildə silah istehsalçıları satış həcmlərini artırıblar.
Axar.az xəbər verir ki, bu məlumatı Stokholm Beynəlxalq Sülh Problemləri İnstitutu (SİPRİ) yayıb. Məlumata görə, 2017-ci ildə Rusiyanın hərbi şirkətləri Britaniya firmalarını sıxışdıraraq, ABŞ-dan sonra ikinci yeri tutub. Britaniya şirkətləri isə 3-cü yerdə qərarlaşıb. Belə ki, bu, ingilis şirkətlərinin son 15 ildə silah satışı sahəsində ilk geriləməsi olub.
SİPRİ 2017-ci il ərzində 398,2 milyard dollar silah satıldığını bildirib. Bu isə 2016-cı illə müqayisədə 2,5% çoxdur.
Dünyada silah satışının 9,5%-ni Rusiya şirkətləri həyata keçirib. 2016-cı illə müqayisədə rus şirkətlərinin satışı 8,5% artaraq 37,7 milyard dollar olub.
Dünyanın 100 ən böyük hərbi şirkəti arasında “Almaz Antey” 13-cü yerdən 10-cu yerə yüksəlib. Belə ki, keçən il ərzində bu şirkət silah satışının həcmini 17% artıraraq 8,6 milyard dollara çatdırıb.
İlk yüzlüyə düşən digər 3 rus şirkəti - Birləşmiş Mühərrikqayırıcı Korporasiya, Yüksək Dəqiqlik Kompleksləri, Taktiki Raket Silahlanması Korporasiyasında isə 15% artım müşahidə edilib. Siyahıda ümumilikdə 9 rus şirkəti yer alıb.
İlk yüzlükdə ABŞ-ın 42 hərbi şirkəti var. Onlar 2017-ci ildə də əsas dominantlığı qoruyub saxlayıblar. Belə ki, bu şirkətlər ümumi silah satışının 57%-ni (226,6 milyard dollarlıq hissəsini) nəzarətdə saxlayıblar. Bu isə 2016-cı illə müqayisədə 2% çoxdur. Bu şirkətlərdən 5-i silah satışı üzrə reytinqdə ilk onluqda yer alıb.
ABŞ hərbi şirkətləri arasında ən böyük silah istehsalçısı “Lokhid Martin” və “Boinq”dir. “Lokhid Martin” şirkətinin 2017-ci ildə satış həcmi 44,9 milyard dollar olub. Şirkət bu gəliri daha çox F-35 təyyarələrinin, raketlərin, raket əleyhinə raketlərin, Aegis sistemlərinin satışından əldə edib.
İlk yüzlükdə həmçinin 24 Qərbi Avropa şirkəti yer alıb. Bu şirkətlərin gəliri 2017-ci ildə 94,9 milyard dollar təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 3,8% çoxdur. Qərbi Avropa ölkələrinin hərbi şirkətləri 2017-ci ildə dünyanın silah satışının 23,8%-ni həyata keçiriblər.
Qərbi Avropada Britaniya hərbi şirkətləri ilk pilləni tutub. İlk yüzlükdə 7 Britaniya şirkəti yer alıb. Qərbi Avropada ümumi silah satışının 35,7%-ni məhz bu 7 şirkət həyata keçirib. Britaniyanın ən böyük hərbi şirkəti olan “BAE Sistems” isə 2017-ci ildə 22,9 milyard dollarlıq silah satıb.
SİPRİ həmçinin Türkiyə şirkətlərinin silah satışının kəskin şəkildə artdığını bildirib. 2017-ci ildə bu şirkətlərin silah satışının həcmi 24% artıb. Bu isə daha çox Türkiyənin öz hərbi sənayesini inkişaf etdirmək, xaricdən silah alışını azaltmaq istəkləri ilə bağlı olub.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26