Interposta.Info

Ağdamda minaya düşən ata və üç oğlundan XƏBƏR VAR (YENİLƏNİB)

Ölkə
 16-03-2021, 21:51     457

Martın 16-da saat 16 radələrində 6 mülki şəxsin Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan "İnterPosta"ya bildirilib ki, aparılmış araşdırmalarla Hüseynov Akif Muxtar oğlu, Hüseynov Anar Akif oğlu və Abdulov Bəhruz Nadir oğlunun qeyd edilən ərazidə minaya düşmələri nəticəsində çoxsaylı ağır dərəcəli bədən xəsarətləri almaları, Hüseynov Razi Akif oğlu və Hüseynov Bayram Akif oğlunun aldığı xəsarətlərdən həlak olmaları, azyaşlı Hüseynov Hüseyn Razi oğlunun isə hər hansı xəsarət almaması müəyyənləşib.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.


***19:41

Xəbər verdiyimiz kimi, Ağdam rayonunda 6 nəfər minaya düşüb. Minaya düşənlər ata və üç oğuldur. Hadisə bu gün axşam saatlarında qeydə alınıb.

"İnterPosta" xəbər verir ki, minaya düşənlər Hüseynov Akif Muxtar oğlu, Hüseynov Anar Akif oğlu, Hüseynov Razi Akif oğlu və Hüseynov Bayram Akif oğludur.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26