Interposta.Info

Hacıbala Abutalıbov Bakıdan köçüb - Kənddə yaşayır

Ölkə
 6-03-2021, 19:37     125

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) dünən keçirilən qurultayı bir sıra hadisələrlə yadda qaldı. Xüsusilə bir sıra tanınmış YAP-çıların İdarə Heyətindən kənarlaşdırılması daha çox müzakirələrə yol açıb.

YAP-ın İdarə Heyətindən çıxarılanlar arasında Hacıbala Abutalıbov da var. O Hacıbala Abutalıbov ki, üzun müddət (2001-2018) Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini (2018-2019) vəzifələrində çalışıb.

Maraqlıdır ki, dünənki qurultayda Hacıbala Abutalıbov İdarə Heyətindən çıxarılmaqla yanaşı, yeni yaradılan Veteranlar Şurasına da salınmadı. Eyni zamanda, onun üzv olduğu Siyasi Şura da ləğv edildi.

Və beləcə Hacıbala müəllim sıravi YAP-çı kimi qaldı...

Hacıbala Abutalıbovla bağlı belə qərarın verilməsi onun vəzifədən çıxarılıb təqaüdə göndərilməsindən (2019-cu ilin oktyabrı) sonra ümumiyyətlə YAP-a gəlib-getməməsi, partiyanı tamamilə unutması ilə əlaqələndirilir. Məlumata görə, 2019-cu ilin oktyabrında Baş nazirin müavini vəzifəsindən təqaüdə göndərilən Abutalıbov inciyib.

Yeri gəlmişkən, Hacıbala Abutalıbov son bir ildə demək olar ki, heç bir yerdə gözə dəymir, mətbuata çıxmır, jurnalistlərin telefon zənglərinə də cavab vermir. Adətən səs-küylü hadisələrə özünəməxsus tərzdə münasibət bildirən Hacıbala müəllim Qarabağ müharibəsində qazanılan qələbədən sonra da üzə çıxıb danışmadı...

Modern.az saytı “qeybə çəkilən” keçmiş merlə bağlı maraqlı məlumat əldə edib. Onu yaxından tanıyan mənbədən saytımıza verilən məlumata görə, Hacıbala Abutalıbov xeyli müddətdir Bakıdan köçüb. Onun hazırda Qax rayonunun İlisu kəndində yaşadığı bildirilir. İlisu təbiətinin gözəlliyi və təmiz havası ilə bütün Azərbaycanda səfalı yer kimi məşhurdu. Məlumata görə, Abutalıbov hələ vəzifədəykən İlisuda dəbdəbəli villa tikdirib və indi orada yaşayır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26