Interposta.Info

Azərbaycan 56 min, Ermənistan isə 1077 nəfər artdı - STATİSTİKA

Ölkə
 13-02-2021, 13:54     571


"Azərbaycanda ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 56292 nəfər və ya 0,6 faiz artıb. 2020-ci ildə təbii atım 55307 nəfər olub ki, bu da əvvəlki ildəkindən 23080 nəfər azdır. Azalmanın bir səbəbi 2020-ci ildə ölənlərin sayının əvvəlki illə müqayisədə 10351 nəfər çox olması, digər səbəbi isə ötən il ərzində doğulanların sayının 12729 nəfər azalmasıdır".


"İnterPosta" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad ibadoğlu bildirib. Ekspertin sözlərinə görə, əhali sayının azalması hakimiyyəti ciddi narahat etməlidir:

"Ötən il Azərbaycanın 2855 nəfər ikinci Qarabağ müharibəsində şəhid olub, 2641 nəfər koronavirusdan vəfat edib, lakin ölkədə təbii artım tempinin aşağı düşməsinə yeni doğulanların sayının azalması daha əhəmiyyətli təsir göstərib. Hesab edirəm ki, bu fakt hər kəsi, xüsusilə də hakimiyyəti ciddi narahat etməlidir".

Qubad İbadoğlu Ermənistanın da demoqrafiq göstəricilərini şərh edib. Məlum olub ki, düşmən ölkədə artım azalıb:

"2020-ci ildə Ermənistanda əhalinin təbii artımı 1077 nəfər və ya əvvəlki illə müqayisədə 0,9 faiz olub. Ötən il Ermənistanda ölüm səviyyəsi 2019-cu ildəki 26186 nəfərdən 35 371-ə qədər və ya 35 faiz artıb. Bu statistikaya müharibədə və koronavirusdan ölənlər də daxil edilib. Nəzərə alanda ki, ötən il 2823 nəfər COVİD-dən ölüb, onda 2019-cu illə müqayisədə artan 9185 ölümün yerdə qalan hissəsinin 6352 nəfərin müharibədə tələf olduğunu ehtimal etmək olar. Bu isə o deməkdir ki, Ermənistan hakimiyyəti müharibədə yalnız 2966 nəfərin öldüyünü deməklə xalqını aldadır. Demoqrafik statistikadan göründüyü kimi ölənlərin gerçək sayı açıqlanandan ən azı 2 dəfə çoxdur".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26