Interposta.Info

Yaralı əsgər: Generalımızın şəhadət xəbərini eşidəndən sonra üç gün göz yaşı axıtmışam

Ölkə
 21-11-2020, 23:19     921

Yaralı əsgər: Generalımızın şəhadət xəbərini eşidəndən sonra üç gün göz yaşı axıtmışam
"Vətən müharibəsinə çox böyük sevinc hissi ilə qatıldım. Bu günləri çoxdan gözləyirdik. Ölüm məni qorxutmurdu, bütün xidmət yoldaşlarımızla birlikdə haqlı qalibiyyətimizə inandığımız üçün qürur hissi ilə döyüşürdük. General Polad Həşimovun şəhid olması xəbərini eşidəndən özümə gələ bilmirdim, üç gün göz yaşı axıtmışam. Müharibənin başladığı ilk günlərdən könüllülük üçün müraciət etdim".

Bu sözləri 24Media-ya 1996-ci ilin fevral ayının 4-ü Daşkəsən rayonu Qabaqtəpə kəndində dünyaya göz açmış müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, kiçik çavuş Orucov Samir Surxay oğlu deyib.


“2016-2019-cu illərdə həqiqi hərbi xidmət qulluqçusu olmuşam. Müqaviləm başa çatdıqdan sonra ailəmin vəziyyəti ilə əlaqədar müqavilənin vaxtını uzatmadım. Amma haqq müharibəmizin ilk günlərindən könüllü olmaq üçün dostlarımla birgə 8 nəfər yollandıq hərbi komissarlığa. Mənim təcrübəmi nəzərə alaraq məni ordu sıralarında xidmətə göndərdilər. Çox sevindim. Bütün rayon bizi böyük izdihamla yola saldı. Əmin idik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə gedən Vətən müharibəmizdə qələbə qazanacağıq!"

"Döyüşə gedəndə Allaha şükür edirdim ki, yaxşı ki, torpaqlarımızın alınması bizim dövrümüzə düşdü. Haqlı olan tərəf bizik, bunu dünya bilir, torpaqlarımız da gec, ya tez qayıtmalı idi.
Kəlbəcər istiqamətində döyüşürdük. Döyüşdə başımdan güllə və qəlpə yaraları aldım. Bədənimin bir tərəfi iflic olmuşdu. Amma həkimlərimizdən çox razıyam. Müalicəm əla gedir, çox sağ olsunlar həkimlərimiz. Artıq hərəkət edə bilirəm, yavaş-yavaş əlimi də hərəkət etdirə bilirəm. Hazırda Bakıda müalicəm davam edir, çox yaxşıyam, şükürlər olsun. Hətta bu vəziyyətimdə də Ali Baş Komandanımız əmr versə, yenə də döyüşə getməyə hazıram”.

İntedPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26