Interposta.Info

Ölkədəki özəl orta məktəblərin fantastik qiymətləri

Ölkə
 19-04-2019, 08:42     10 466

Araşdırma zamanı məlum olur ki, bu qiymətlər 1500 manatdan başlayaraq, 40 min ABŞ dollarına qədər yüksəlir
Son vaxtlar dövlət məktəblərində xoşagəlməz hadisələrin baş verdiyinin şahidi oluruq. Bu baxımdan bəzi valideynlər özəl məktəb və liseyləri təqdir etməklə, gələcəkdə övladlarının bu cür məktəblərdə təhsil almağına can atacaqlarını bildirirlər. Maraqlıdır, bəs özəl məktəblər dövlət məktəbləri ilə müqayisədə hansı fərqliliklərə malikdir? Özəl lisey və məktəblərdə də neqativ, xoşagəlməz hadisələr baş verirmi?

Təbii ki, özəl məktəb və liseylərdən söz düşərkən, ilk ağıla gələn bu təhsil ocaqlarının fantastik təhsil ödənişləri olur. Araşdırma zamanı məlum olur ki, bu qiymətlər 1500 manatdan başlayaraq 40 min ABŞ dollarına qədər davam edir. Məsələn, “The International School of Azerbaijan” məktəbində təhsil bağça yaşından başlayır. Burada valideynlər uşaqlarının məktəbə hazırlığı üçün 11 min ABŞ dolları ödəməlidir. 1-ci sinifdən 9-cu sinfədək isə təhsil haqqı illik olaraq 34 min ABŞ dolları təşkil edir. 9-cu sinifdən yuxarı təhsil haqqı təxminən 40 min ABŞ dollarıdır.

Və yaxud hazırda 600-ə yaxın şagirdin təhsil aldığı Baku Oxford School tam orta ümumtəhsil məktəbinin illik təhsil haqqı 15 500 manatdır. Burada 1-ci sinifdən 11-ci sinfə qədər təhsil haqları eynidir. Bu məbləğə servisdən başqa hər şey daxildir.

Məktəbin Şəmkir filialında təxminən 200 şagird təhsil alır. Məktəbdə illik təhsil haqqı hazırda 7000 manatdır. Məktəbə bir evdən iki uşaq gedəndə bir nəfər üçün 10 faiz endirim edilir. Həmçinin bu məbləğ 10 aya bölünür və valideyn hər ayın müəyyən olunmuş günündə təhsil haqqını ödəyir. Məktəbdə 8-ci sinifdən başlayaraq şagirdin xaricdə təhsil almasını nəzərə alıb, onu həmin istiqamət üzrə hazırlayırlar.

Bakı Fransız Liseyi Təhsil Kompleksində ibtidai siniflərdə təhsil haqqı 13000 manat, aylıq 1300 manatdır. Yuxarı siniflər üçün illik təhsil haqqı 14000, aylıq isə 1400 manat təşkil edir.

Bakı İstedadlar və Təhsil Kompleksində təhsil ingilis dilindədir. Burada ibtidai siniflər üçün illik təhsil haqqı 14900, yuxarı bölmə üçün 15900 manatdır. Güzəşt yalnız SOCAR işçilərinə tətbiq edilir.

İngilis dilində təhsil verən Oxbridge Academy məktəbində 1-ci sinifdən başlayaraq 6-cı sinfə qədər (6-cı sinif də daxil olmaqla) illik təhsil haqqı 6500 dollardır. 7,8,9-cu siniflər üzrə 7500 dollar, 10 və 11-ci siniflər üzrə 8500 dollar, 12,13-cu siniflər isə 10500 dollardır.

Bakı Atatürk Liseyində isə qiymətlər sadaladıqlarımızla müqayisədə xeyli aşağıdır. Belə ki, burada birinci il üçün illik təhsil haqqı 2000 manat, növbəti ildən isə 1000 manatdır. Liseydə tədris 3 hissəyə bölünür: 1-ci sinifdən 5-ci sinfə qədər, 5-ci sinifdən 8-ci sinfə qədər, 9-cu sinifdən 11-ci sinfə qədər. Dövrlər üzrə bağlanan müqaviləyə əsasən təhsil haqları ödənilir. Müqavilə bitəndən sonra artım olarsa, bu, nəzərə alınır.

İnterPosta.info-nun məlumatına görə, mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb: “Qeyd edim ki, ölkədə hazırda 4472 ümumorta təhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Lakin bununla müqayisədə ölkədə özəl məktəblərin sayı kifayət qədər aşağıdır. Yəni lisenziyalı fəaliyyət göstərən özəl məktəblərin sayı təxminən 30-a yaxındır. Ümumilikdə cəmi 3 minə yaxın şagird bu cür məktəblərdə təhsil alır.

Ali məktəblərə qəbul imtahanlarının nəticələrini təhlil edəndə məlum olur ki, özəl, təhsil haqları fantastik həddə olan məktəblərin nəticələri o qədər də yüksək deyil.

Bu baxımdan düşünməyək ki, əgər özəl lisey və məktəblərdə hər kəsin təhsil almaq imkanı olmadığı üçün orada problemlər yoxdur. Bu cür məktəblərdə də problemlər var. Birincisi, özəl təhsil məktəbləri ictimaiyyətə, mətbuata qapalıdır. Oradakı informasiyalar kənara verilmir. Əlbəttə ki, bu cür məktəblərdə müşahidələr aparsaq, görərik ki, orada vəziyyət heç də dövlət məktəblərindəkindən yaxşı deyil. Sadəcə, orada xidmətlər çoxdur. Yəni uşaqların asudə vaxtlarının dəyərləndirilməsi, onların bu və ya digər vərdiş, bacarıqlarla formalaşdırılması məsələləri var. Həmçinin bu cür məktəblərə heç bir qurumdan nəzarət olunmur, araşdırma aparılmır ki, pedaqoqların ixtisas səviyyəsi necədir.

Bu məktəblərin sayının az olması ilə bərabər, kontinentlər də azdır. Yəni dövlət məktəblərində, məsələn, hər 25-30 şagirdə 1 müəllim düşürsə, özəl məktəblərdə hər 6-7 şagirdə 1 müəllim düşür. Belə olan halda şagirdlərin nəzarətdə saxlanılması kifayət qədər asandır.

Həmçinin digər fərq ondan ibarətdir ki, dövlət məktəbləri ilə müqayisədə özəl məktəblərə şagird qəbul edərkən seçim aparılır. Amma qeyd etdiyim kimi, qəbul imtahanlarının son nəticələrini müqayisə edərkən məlum olur ki, məsələn, Neftçala rayon məktəbinin nəticələri ilə Bakıdakı illik ödənişi 7-8 min manat olan özəl məktəbin nəticəsi eynidir. Və yaxud özəl gimnaziyalar, liseylər olimpiadalara çox az şagird verirsə, amma Neftçala rayon məktəbinin şagirdləri neçə dəfə qalib gəlib. Beləliklə, təəssüf ki, ölkədə təhsil bazarı keyfiyyətə xidmət göstərmir. Sadəcə, insanlar daha az problem yaşasın deyə övladlarını özəl məktəblərə göndərir".

Təhsil eksperti qeyd etdi ki, dövlət məktəbləri kimi, özəl məktəblərə də nəzarət gücləndirilməlidir: “Təhsil Nazirliyi təkcə özəl məktəblərin nizamnaməsinə rəy verməməli, eyni zamanda təhsil-tədris proqramından tutmuş, digər məsələlər barədə maraqlanmalıdır. Özəl məktəblər ictimaiyyətə, valideynlərə açıq olmalıdır. Beləliklə, özəl məktəblərdə təhsil-tədrisin çox yüksək səviyyədə olan mifi dağıdılmalıdır. Həmin qiymətlər xüsusi şirkətlərdə çalışan şəxslərin övladları üçün nəzərdə tutulub. Amma gəlin baxaq, bu qədər yüksək ödənişin qarşılığında həmin məktəblər yüksək təhsil verirmi? Bu məktəblər Azərbaycan üçün hansı uğurlar əldə edib? Qəbul imtahanlarının nəticələri necədir? Yəni qiymətin baha olması şərt deyil. Beləliklə, ölkəmizdə olan özəl məktəblərdə qiymətlər çox bahalı, keyfiyyət isə aşağıdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26