Interposta.Info

Rayonlarda özəl məktəblər niyə açılmır? (ŞƏRH)

Ölkə / Müxtəlif
 14-07-2021, 12:17     440

"Xidmət haqqının yüksək olması, vergi güzəştlərinin edilməməsi rayonlarda özəl orta məktəblər açmağa imkan vermir”.

Bunu "İnterPosta"-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycanda fəaliyyət göstərən 34 özəl orta məktəbdən 28-nin Bakıda, yəni 82 faizinin paytaxtda yaradılması fonunda, bölgələrin bu sahədə geri qalmasının səbəblərindən danışarkən deyib.

K. Əsədov bildirdi ki, Azərbaycanda tədris göstəricilərinin keyfiyyəti baxımından özəl orta məktəblərin nəticələri dövlət müəssisələrilə müqayisədə daha yaxşıdır:


"Bunun əsas səbəbi kommersiya marağı olsa da, həmçinin iş sistemində bir sıra peşəkar kompetensiyaların yoxlanılmasıdır”.



Ekspert qeyd etdi ki, xidmət haqqının kifayət qədər yüksək olması, vergi güzəştlərinin olmaması səbəbindən bölgələrdə özəl orta məktəblər açmaq rentabelli deyil:

"Bakıda ən ucuz özəl məktəb təhsil haqqı illik 6 min manatadır. Rayonlarda bu tip məktəblər ona görə yaradılmır ki, onların fəaliyyət göstərmələrinə imkan verən vergi güzəştləri tətbiq edilmir, torpaq sahəsi ayrılmır. Belə məktəblərin rayonlarda da olması üçün böyük vəsaitlərə ehtiyac var. Nazirlər Kabinetinin özəl məktəblərin açılması ilə bağlı 171 saylı qərarında nəzərdə tutulan tələbləri yerinə yetirmək üçün böyük investisiya tələb olunur. Bir belə məktəbin açılması üçün 2,5-4 milyon manatadək vəsait lazımdır. Ona görə də indiki vəziyyətdə rayonlarda belə özəl müəssisələrin yaradılması rentabelli deyil, xərclər kifayət qədər çoxdur”.

Ekspertin fikrincə, dövlət rayonlarda özəl məktəb açmaq istəyən subyektlərə subsidiya ayırmalı, onları vergidən azad etməlidir:

"Özəl məktəblərdə kommunal xərclər 2-3 qat artıq qiymətlə hesablanılır. Bu sahədə də onlara aşağı qiymətlər tətbiq edilməklə güzəştlər edilməlidir. Bu kimi addımlar atılsa, xidmət haqqı aşağı olar və rayonlarda da daha çoxsaylı özəl orta məktəblər açılar. Ümumiyyətlə, təhsil müəssisəsindən vergi alınması absurd və gülüncdür. Çünki özəl təhsil müəssisələri dövlətin görməli olduğu işi görür".

Qeyd edək ki, rəsmi statistikaya görə, Azərbaycanda 34 özəl orta məktəb var. Onun 28-i Bakıda yerləşir. 2-si Sumqayıtda, 2-si Abşeronda, 1-i Biləsuvar, 1-i isə Şəmkirdə fəaliyyət göstərir. Ölkənin digər ərazilərində isə bu tip müəssisələr yoxdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26