Interposta.Info

“Qarabağ” üçün 10 min avro qıymayan telekanallar

Ölkə
 27-07-2018, 10:31     10 334

Fazil Mustafa: “”Əgər dövlət tərəfindən pul Alışanova ayrılırsa, o, çətin ki, vəsaiti sərf edib oyunu yayımlasın"; Aydın Bağırov: “Əsas problem ”İdman Azərbaycan" kanalı ilə bağlıdır"
“Qarabağ”ın Çempionlar Liqasında “Kukesi” ilə Albaniyadakı oyunu televiziya kanallarında yayımlanmayıb. Qol.az-ın məlumatına görə, Albaniya tərəfi matçın yayımı üçün Azərbaycan kanallarından 10 min avroya qədər pul tələb edib. Amma kanallardan heç biri bu qədər pulu ödəmək gücündə olmadığını açıqlayıb.

Digər məlumata görə, “Qarabağ” klubunun özü də yayım üçün pul ödəmək niyyətində olmayıb. Klub hesab edib ki, komandanın oyununa və yüz minlərlə azarkeşin marağını nəzərə alaraq yerli kanallar özü matçın yayımı üçün pul ödəməlidir.

Məlumdur ki, “Qarabağ” futbol klubu Azərbaycan üçün həm də Qarabağ adının dünyaya tanıdılması, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönündə bir vasitədir. Azərbaycanda bu klubun kifayət qədər azarkeşləri var. Ölkədə isə dövlətin “İdman Azərbaycan” kanalı var ki, bu kanalın işi bilavasitə idman xəbərlərini, oyunlarını yayımlamaqdır.

“Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirib ki, məsələnin mahiyyətini anlamaq lazımdır:

“Əgər dövlət tərəfindən pul Alışanova ayrılırsa, o, çətin ki, vəsaiti sərf edib, oyunu yayımlasın. Çünki gərək insanda məsələnin mahiyyətini anlamaq, dərk etmək olsun. Çox güman ki, hələ başa salmaq olmur ki, vətən, ”Qarabağ" bu komandanın Azərbaycan üçün əhəmiyyəti nə deməkdir. Bu qədər vəsait yeyilir, mənasız yerlərə pullar xərclənir. Ancaq vacib olan məsələdən Azərbaycanın ictimaiyyətini uzaq tuturlar. Bu məsələni dəfələrlə bildirmişik ki, yayım siyasəti olduqca yanlışdır. Yəni “Qarabağ”ın uğurundan da böyük olan Azərbaycan üçün hansısa məsələ varmı? İnsanlar bunu dərk etmirlərsə, sonu necə olacaq? Ona görə hesab edirəm ki, məsələ sırf olaraq müəyyən dərəcədə yeyinti ilə bağlıdır. Başqa tərəfdən də vətən, insanlar üçün pul xərcləməkdə bəzi şəxslər və qurumlar maraqlı olmurlar. Əslində bu vəsaiti “Qarabağ”ın üzərinə qoymaq olmaz. Çünki “Qarabağ” bu gün həm də Azərbaycanı təmsil edir. Bu, Azərbaycanın tanıtımı deməkdir. Ona görə də məsələdə bir qədər vicdanlı davranmağa ehtiyac var".

Xəbəri yayımlayan saytın rəhbəri, idman eksperti Aydın Bağırov da məsələ ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib. O söyləyib ki, bu cür hallar hər dəfə təkrar olunur:

“Əslində bu məsələ yeni deyil. Hər il eyni hal baş verir və bu, davam etməkdədir. Hər il Avropa kubokunun oyunları zamanı təkcə ”Qarabağ" deyil, eləcə də bizim digər klublar var ki, onlar öz şəxsi vəsaitləri hesabına oyunları yayımladıblar. Komandaların səviyyəsindən asılı olaraq, ödəniləcək məbləğ fərqli olur. Yəni 5 min avro da ola bilər, 20, 30 min avro da. Bu, qarşı tərəfin istəyindən asılı olan bir haldır. Bəs bu vəsaitin ödənilməsində kim maraqlı olmalıdır? Normal futbol ölkələrində belə məsələlərdə televiziyalar maraqlı olurlar. Söhbət normal futbol ölkələrindən gedir. Bizdə ölkənin “İdman Azərbaycan” kanalı var. Bu kanal dövlətin büdcəsindən maliyyələşir. Qeyri-rəsmi məlumata görə həmin büdcə təxminən 10 milyon manata yaxındır. Ancaq indəyədək heç bir klub təsdiq edə bilməz ki, “İdman Azərbaycan” kanalı hansısa oyuna pul verib, onu Azərbaycanda canlı yayımlayıb. Belə bir hal olmayıb. Əslində isə bu, olmalıdır. Çünki dövlət tərəfindən ayrılan vəsait də məhz buna görə həmin kanala ayrılıb. Kanal eyni zamanda başqa idman növlərini də canlı olaraq yayımlamalıdır. Problemin ən başında gələn məsələ budur ki, kanal oyunları yayımlamır.

Çempionlar Liqasının iştirakçısı olan və qrupunda oynayan komanda, klubun özü də gözləyir ki, kanallar bu addımı atmalıdır. “Qarabağ” komandası kiminsə şəxsi mülkü deyil və xalqa məxsusdur. Kanal da özü həm peşəkarlıq, həm mənəvi baxımdan da götürəndə maraqlı olmalıdır ki, oyunu alsın. Ancaq görünür, peşəkarlıq məsələsi “İdman Azərbaycan” kanalına bir qədər ziddir. Belə görürük ki, oyun vaxtı onlar üçün hansısa öküz döyüşünü göstərmək daha maraqlıdır. “Qarabağ” komandası da hər dəfə sadəlövhcəsinə inanır ki, kanallar pul verib, oyunu alacaqlar. Son ana qədər gözləyirlər, insanların da əsəbləri tarıma çəkilir. Neçə illərdir ki, bu, belədir. Bizim “CBC sport” adlı digər idman kanalımız da var. Onların adlarını ona görə çəkmirəm ki, bu kanalın büdcəsi olduqca aşağıdır. Bu kanalın günahı yoxdur. Əsas problem “İdman Azərbaycan” kanalı ilə bağlıdır. Məsələ öz həllini tapmalıdır. Çünki belə bir biabırçı durum bu qədər müddət davam edə bilməz".

Ekspert bildirib ki, son oyunu da hər dəfə olduğu kimi, “Qarabağ” klubunun özü pul verib, yayımlatdı: “İllərdir ki, oyunu yayımlayan ”Qarabağ" klubunun özüdür. İndiyə qədər heç bir kanal pul verib, oyunu yayımlamayıb. Yalnız Çempionlar Liqasının qrup oyunları istisnadır. Bunun da əvvəlcədən dövlət kanalları yayım hüququnu alıb. Ona görə də başqa bir variantları olmur. “Qarabağ” klubu bu fikirlə barışmalıdır ki, onsuz da bizim kanallar pul verib, oyun alası deyil. Ona görə də məsələni əvvəlcədən həll etməlidirlər. 3-5 gün əvvəl elan edilməlidir ki, azarkeş də rahat şəkildə oturub, oyunun vaxtını gözləsin".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26