Interposta.Info

Təmayülləşmə niyə “gəncləşdi” - 5-6-cı sinif şagirdləri ixtisas seçməyə məcbur edilir

Ölkə
 27-06-2018, 19:22     10 730

Azərbaycanda 6 ildən çoxdur ki, orta məktəblərin son siniflərində tətbiq edilən təmayülləşmə sistemi xeyli "gəncləşib”. Əvvəllər əsasən 9-cu sinifdən başlayan bu proses artıq 5-6-cı siniflərə kimi düşüb. Belə ki, ibtidai sinfi bitirdikdən 1 il sonra şagirdlərdən, yaxud da valideynlərindən uşağın hansı ixtisas qrupunu seçəcəyi ilə bağlı sorğu-sual edilir. Hətta bəzi hallarda valideyn və şagirdlər sıxışdırılaraq qrup seçməsi istənilir.

"XeberBiz" xəbər verir ki, bu barədə BakuPost-a bir neçə müxtəlif məktəblərin şagirdlərinin valideynlərindən şikayət daxil olduğundan məsələni araşdırdıq.
Məlum oldu ki, bu, məktəblərdə aparılan təmayülləşmə ilə bağlıdır. Təmayülləşmənin bu qədər aşağı siniflərdə aparılması, məsələn, hələ kimya fənninin nə olduğunu belə bilməyən şagirdin ixtisas qrupu seçməyə məcbur edilməsi nə dərəcədə doğrudur?

Təhsil eksperti Kamran Əsədov BakuPost-a açqlamasında bildirib ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqində əsas məqsəd ümumi orta təhsil səviyyəsində təhsil nailiyyəti ilə fərqlənən, bu və ya digər fənn qrupu üzrə təhsillənməyə xüsusi meyl və maraq göstərən, ali məktəbdə təhsillərini davam etdirmək potensialına malik şagirdlərin müəyyən edilməsi və onlara səmərəli təhsil şəraitinin yaradılmasından ibarətdir.

Onun sözlərinə görə, növbəti, 2018-ci dərs ilində ümumtəhsil məktəblərində təmayülləşmənin tətbiqi əvvəlki illərlə müqayisədə genişləndiriləcək, təmayül siniflərində şagirdlərin sayı minimum 20 nəfər olmaqla komplektləşdiriləcək: "Bu, artıq bir çox məktəblərdə direktor və müəllimləri narahat etməyə başlayıb.

Belə ki, şagird sayı təmayül və yaxud adi siniflərin yaradılması üçün yetərli olan bütün məktəblərdə həmin siniflər təşkil ediləcək. Hər hansı bir məktəbdə şagirdlərin sayı və seçimi təmayül sinfi təşkil etməyə imkan vermədiyi halda, bu və ya digər təmayül istiqamətini seçmiş şagirdlər yaxın ərazidəki həmin təmayül sinfi təşkil edilmiş məktəbdə təhsilini davam etdirə biləcək. Təmayül istiqamətini seçməmiş şagirdlər üçün isə məktəblərdə mövcud uşaq sayı ilə adi siniflər açılacaq.

Məhz məktəblərində təmayül sinifləri təşkil olunmayacaq müəllimlər indidən bu istiqamətdə fəaliyyətə başlayıblar. Amma onlar bilməlidir ki, təmayülləşmənin tətbiqi ilə bağlı rayon və şəhərlər üzrə hər bir məktəbin imkanları, yol infrastrukturu, maddi-tədris bazası və kadr potensialı nəzərdən keçirilib şagirdlərin meyl və maraqlarına əsasən təmayül sinifləri təşkil olunacaq”.

K. Əsədov aşağı siniflərdə təmayülləşmə prosesinə hazırlığın aparılmasına qarşı olduğunu, bunun düzgün olmadığını düşünür: "Təəssüf ki, son tədris ilində yuxarı siniflərdə dərs deyən müəllimlər aşağı siniflərə daxil olub şagirdlər və onların valideynləri ilə bu barədə yönləndirici görüşlər və söhbətlər aparırlar.
Nəzərə alsaq ki, şagirdlər IX sinfə qədər ümumi təhsil alırlar və deməli, onların IX sinfə qədər ixtisas, peşə seçmək kimi qəti bir təsəvvürləri ola bilməz.

Ona görə də bunu edən müəllimlər şagirdlərin hüquqlarını pozurlar.

Bir çox hallarda məktəb direktorları da bu kimi qanunsuzluğa imkan verirlər”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərilib. Nazirliyin mövqeyi dərc ediləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26