Interposta.Info

Qəbul imtahanlarının ikinci mərhələsinə qeydiyyat başladı

Ölkə
 1-06-2019, 10:56     10 385

Ali təhsil ocaqlarına birinci (yaz) qəbul imtahanları başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) İnterPosta.info-ya verilən məlumata görə, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Belə ki, mayın 30-dan iyunun 10-dək aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktivdir:

Elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da iştirak etmək istədikləri halda göstərilən tarixlərdə qeydiyyatdan keçməlidirlər.

Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir. V ixtisas qrupu və kolleclərə aid bəndi elektron ərizələrinə əlavə etmək istəyənlər tələb olunan müsabiqə şərtlərini (V ixtisas qrupu, kollec) ödəməlidirlər.

Buraxılış imtahanını vermiş, lakin15 mart – 15 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə (yalnız cari ilin məzunları) ərizələrini doldurub təsdiq etməklə ali təhsil müəssisələrinin I-IV, V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər. V ixtisas qrupu və kolleclərə aid bəndi elektron ərizələrində qeyd etmək istəyənlər tələb olunan müsabiqə şərtlərini (V ixtisas qrupu, kollec) ödəməlidirlər.

DİM bildirir ki, qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyənlər müsabiqəyə buraxılmırlar.

Qeyd edək ki, dövlət dili kimi "Azərbaycan dili” fənni üzrə keçirilən imtahandan "qeyri-məqbul” qiymət alanlar müsabiqəyə buraxılmırlar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26