Interposta.Info

Bu gündən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır

Ölkə
 20-08-2021, 09:39     213

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) "İnterPosta"-ya bildirilib ki, DİM Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edir.

Abituriyentlərin müsabiqədə iştirakı:

İxtisas seçimi bütün ixtisas qrupları üzrə 2021 ci il avqustun 30-dək internet vasitəsilə aparılır.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna (qruplarına) aid olan 15-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas1/?frm=egov1 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Abituriyentlər, müsabiqə şərtlərini ödədikləri halda, eyni vaxtda 2 ixtisas qrupu (I-IV ixtisas qruplarının hər hansı biri və V ixtisas qrupu) üzrə müsabiqədə iştirak edə bilərlər.

Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Müsabiqə şərtləri ilə tələbə qəbulu haqqında elandan ətraflı tanış ola bilərsiniz.

Subbakalavrların müsabiqədə iştirakı:

Subbakalavrlar ixtisas seçimində iştirak etmək üçün 2021 ci il avqustun 30-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26