Interposta.Info

Sabunçu vağzalında aparılan təmir işləri icarədarları narazı salıb - FOTOLAR

Ölkə
 23-02-2018, 13:13     10 658

Sabunçu rayonunda dəmiryolu stansiyasının təmiri fonunda görülən işlər, stansiya ərazisində icarə obyekt götürüb işlədənləri narazı salıb. Bu barədə musavat.com-a müraciət edən sahibkarlar bildiriblər ki, onlara bir aya qədər vaxt verilib.

Sahibkarların şikayətinə keçmədən öncə qeyd edək ki, ötən il Sabunçu rayonu dəmiryolu stansiyası ərazisində təmir öncəsi təhlükəsizlik tədbirləri çərçivəsində çəpərlənmə işləri aparılmışdı. Bu hal isə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olmuşdu. Onlar musavat.com-a şikayət edərək bildirmişdilər ki, dəmiryolu xətlərinin ətrafı çəpərləndiyi üçün işlərinə gedib-gələ bilmirlər. Ərazidə piyadalar üçün nəzərdə tutulan körpü isə yararsız vəziyyətdə idi. Öyrəndik ki, artıq əraziyə mütəxəssislər gəlib, sakinlərlə görüşüblər. Qərar verilib ki, körpü sökülsün və ərazidə yeraltı piyada keçidi yaradılsın.

Lakin ərazidə yaşayan sakinlərin problemi həll olunsa da, bu dəfə yuxarıda da qeyd etdiyimiz kimi vağzal ərazisində icra obyekt sahibləri çətin duruma düşüblər.

Ərazidə olduğumuz zaman söhbət etdiyimiz obyekt sahibləri söylədilər ki, onlara artıq söküntü ilə bağlı bildiriş gəlib. Həmin bildirişdə qeyd olunur ki, Bakı-sərnişin-Sabunçu-Pirşağı-Sumqayıt-Xırdalan-Biləcəri-Bakı sərnişin dairəvi yolun yenidən qurulması ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC ilə imzalanmış 03 mart 2016-cı il tarixli icarə müqaviləsinə 5 fevral 2018-ci il tarixindən Cəmiyyət tərəfindən xitam verilib. İcarədarlardan xahiş olunur ki, 1 ay müddətində obyektləri boşaldıb, cəmiyyətə təhvil versinlər.

"XeberBiz" xəbər verir ki, Ağdam rayonundan olan məcburi köçkün Ələsgər Məmmədov musavat.com-a bildirib ki, ailədə 9 nəfərdirlər və dolanışıqları da vağzal ərazisində olan obyektindən çıxır: “Bizə bildiriş gəlib ki, obyektləri boşaldın, söküntü işləri aparılacaq. Ailədə 9 nəfərik və tək dolanışıq yerimiz də bu obyektdir. Buradakı sahibkarlar 20 ildir ki, obyektləri icarə götürüb, işlədirlər. Bu illər ərzində bütün kommunal və digər xərclərini ödəmişəm. Ancaq bizə deyirlər ki, bu obyektlər qanunsuzdur. Bu səbəbdən də söküləcək. Necə qanunsuz ola bilər axı, 20 ildir buradayıq və bizə kimsə bir söz demir”.

Digər icarədarlar da bildiriblər ki, məsələ ilə bağlı ölkə prezidentinə müraciət edəcəklər. Onlar vurğulayıblar ki, aparılan təmir işlərindən narazı deyillər:
“Bu abadlıq işlərinin görülməsinə orada fəaliyyət göstərən hər bir sahibkar razıdır. Çünki onların hər biri Azərbaycanın rifahı naminə canını qurban verməyə hazır olan insanlardır. Aramızda Qarabağ Müharibəsi veteranı, əlilliyi olan şəxslər də var. Novruz bayramı ərəfəsində bizim dolanışıq yerimiz kəsilir. Nə edəcəyimizi bilmirik. Azərbaycanda sahibkarların bir nömrəli problemi odur ki, bu gün əksəriyyət çıxarışla deyil, hüquqi sənəd kimi müqavilə əsasında işləyir. Biz də illərdir ki, heç bir çıxarış ala bilmirik və müqavilə ilə çalışırıq. İndi də qəfil gəlib dedilər ki, obyektləri sökəcəyik, çıxın. İndi bu qədər camaat nə etsin?”

Məsələ ilə bağlı münasibət almaq üçün "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova musavat.com-a aşağıdakıları bildirdi: “Onu deyə bilərik ki, ərazidə yoxlama aparılacaq. Hansı şəxsin obyekt üzərində mülkiyyət hüququ varsa, söküntü zamanı onlara kompensasiya ödəniləcək. Kompensasiyanın miqdarı isə hələlik dəqiqləşdirilməyib”.

interposta.info

Sabunçu vağzalında aparılan təmir işləri icarədarları narazı salıb - FOTOLAR
Sabunçu vağzalında aparılan təmir işləri icarədarları narazı salıb - FOTOLAR
Sabunçu vağzalında aparılan təmir işləri icarədarları narazı salıb - FOTOLAR
Sabunçu vağzalında aparılan təmir işləri icarədarları narazı salıb - FOTOLAR
Sabunçu vağzalında aparılan təmir işləri icarədarları narazı salıb - FOTOLAR
Sabunçu vağzalında aparılan təmir işləri icarədarları narazı salıb - FOTOLAR
Sabunçu vağzalında aparılan təmir işləri icarədarları narazı salıb - FOTOLAR
Sabunçu vağzalında aparılan təmir işləri icarədarları narazı salıb - FOTOLAR

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26