Interposta.Info

Bakıdakı 100 yaşlı bina hər an uça bilər - Ərazidən REPORTAJ

Ölkə
 21-02-2018, 19:39     10 468

Bakının mərkəzi ünvanlarından birində yerləşən 100 yaşlı bina hər an uçma təhlükəsi ilə üz-üzədir.

APA TV-nin xəbərinə görə, Səbail rayonu Arif İsmayılov 51 ünvanındakı bu bina əvvəllər neftçilərin yataqxanası olub, daha sonra məcburi köçkünlər və yerli əhali də orada məskunlaşıb.

Zemfira Məmmədova deyir ki, evim 2015-ci ildə zədələndi: "2014-cü ildə bu ərazidə olan iki qəzalı binanı sökəndə ətraf evlər kimi, mənim də evim ciddi zədə aldı. Söküntü işlərində yük maşınlarının ağırlığına evlər tab gətirmədi. Qızım, insan yaşamaz burda. 2015-ci ildə Avropa Oyunları ərəfəsində sakinlərə dedilər ki, buraları söküb hər şeyi qaydasına salacağıq. Yollarımız yaman gündədir".

Musayevlər ailəsi uzun illərdir bu mənzildə yaşayır. Mənzilin hazırkı durumu çox acınacaqlıdır, rütubət qoxusundan nəinki burda yaşamaq, nəfəs almaq belə olmur. Ailənin 3 azyaşlı övladı olmasına baxmayaraq, kommunal problemlərin məngənəsində yaşamaqda davam edirlər. Divarların hər an uçma təhlükəsi var.

Kommunal çatışmazlıqlar bir tərəfə, binanın ən əsas problemi deformasiyaya uğramasıdır. A.İsmayılov küçəsi, bina 51-də mənzillərdə rütubət olduğundan, çürümə prosesi gedir və yuxarı mərtəbələrin sütunları sıradan çıxır.

Binanın eyvanları yamaq-yamaqdır. Sakinlər öz bacardıqları qədər eyvanlarda bərkitmə işləri aparsalar da, bu, binanın ümumi görünüşünü də vahiməli edir. Sanki bina hər an üstünə gələcək kimi bir vəziyyət alıb. Bundan əlavə, 6-cı mədən sakinlərinin təkcə qəzalı bina deyil, həm də yol və marşrut problemi var: "Binaya gələn yollar da bağlıdır. Gördüyünüz hər iki binada 300 nəfərə yaxın ailə yaşayır. Bütün bu insanlar evinə gəlmək üçün yol bağlı olduğundan, Bibiheybəti fırlanıb qayıdırlar. Nə yeraltı, nə də yerüstü keçid yoxdur bu ərazidə. Bəs buna kim baxacaq?"

Bina sakinləri marşrutdan istifadə etmək üçün kilometrlərlə yolu piyada, palçıq içərisində getməli olurlar. Palçıq binanın həyətindən başlayır və A.İsmayılov küçəsi boyunca davam edir.

Gördüyünüz bu mənzərə Arif İsmayılov küçəsinin sakinlərinin mərkəzi yola çıxması üçün keçiddir. Binaya gedən su xətlərinin üstü açıqdır. Sakinlər bildirir ki, səhər saatlarında suyu təzyiqi yüksək olduğundan, hətta yay aylarında da burdan keçmək təhlükəli vəziyyət yaradır. Dəfələrlə "Azərsu" ASC-yə olunan müraciətlər isə digər müraciətlər kimi cavabsız qalıb.

Təxminən 300 nəfər yaşadığı bu binada elektrik naqilləri bir-birinə dolanıb. Bu baxımdan burda yaşayan azyaşlıların həyətə çıxmaq imkanları da yoxdur. Onlar həm rütubətin, həm də pis şəraitin qurbanlarıdır. Elə valideynlər də hər həftə həkimlərdə olduqlarını deyirlər.

Mənzillərdə isə vəziyyət daha dəhşətlidir. Bəzi evlərin tavanı, sadəcə, betonla örtülüb, beton döşəmə ilə sakinləri yalnız bir xalça ayırır. Kommunal xidmət də elə də ürəkaçan vəziyyətdə deyil.

Binanın həyətində köhnə tikinti materiallarından tikilən daxmalara sığınanların həyat şəraiti də ürək ağrıdır. Onlarla məcburi köçkün ailəsi binanın həyətində özlərinə kiçik daxmalar tikib yaşayır. Dediklərinə görə, yağış yağanda elə vəziyyət yaranır ki, kanalizasiya suları daşıb evlərin içinə dolur. Ətrafa yayılan üfunət qoxusu isə dözülməz olur.

Su İdman Sarayının aydın göründüyü bu boş ərazidə qəzalı vəziyyətdə olan iki bina sökülüb. Hazırda ərazi boşdur, dörd bir tərəfdən hasara alınıb. Əraziyə marşrut xəti işləmir, yaxınlıqda ərzaq mağazası belə yoxdur. Sakinlərin çağırışına təcili tibbi yardım maşınları belə gəlmir.

Sözügedən ünvanda Zəngilan rayonu 4 saylı ümumi orta məktəbin binası da yerləşir. Bu təhsil ocağında 108 şagird təhsil alır. Təhsil ocağının direktoru Xanməmməd Xanməmmədovun sözlərinə görə, məktəb dövrün tələblərinə cavab versə də, qəzalı bina ilə üz-üzə olduğundan, uşaqlar hər an təhlükə ilə üzləşə bilər: "Məktəbimiz qəzalı olmasa da, üz-üzə olduğumuz binanın damı bərbad durumdadır. Binanın arxa tərəfi tam yararsız durumdadır. Bu durum isə ümumilikdə məktəb üçün təhlükəlidir".

Səbail Rayon İcra Hakimiyyətindən bildirildi ki, Arif İsmayılov 51 ünvanındakı hər iki yaşayış binası SOCAR-ın və 3 saylı Mənzil Kommunal Departamentinin balansında olduğundan, ərazinin pilot layihəyə salınması qeyri-mümkündür. Buna baxmayaraq, Səbail Rayon İcra Hakimiyyəti sakinlərin təhlükəli durumda olması ilə bağlı aidiyyəti qurumları məlumatlandırıb.

İnanırıq ki, ümidi yalnız Allaha qalan bina sakinlərinin də səsinə səs verən tapılacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26