Interposta.Info

“Qağayı”da məskunlaşan məcburi köçkünlər

Ölkə
 14-02-2017, 08:51     533

“Qağayı”da məskunlaşan məcburi köçkünlər

interposta.info xəbər verir ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Qağayı” pioner düşərgəsində yaşayan məcburi köçkünlər etiraz aksiyası keçiriblər. “Yeni Müsavat” qəzetinin müxbiri adıçəkilən ərazidə olub, onları dinləyib.


100-ə yaxın məcburi köçkün məskunlaşdıqları düşərgənin həyətində toplaşaraq etirazlarını bildiriblər. Etirazın səbəbi illərdir ki, yaşadıqları acınacaqlı şəraitlə bağlı olub. Sakinlərin dediyinə görə, burada Laçın, Şuşa, Füzuli, Zəngilan və başqa rayonlardan ümumilikdə 250-dən çox məcburi köçkün ailəsi yaşayır. “Pioner düşərgəsi” adlanan bina bərbad durumdadır.


Qəzalı binalarda və onların həyətində daxmalarda yaşayan ailələrin durumu çox acınacaqlıdır. Taxta konstruksiyadan tikilən evlər yaşanmaz hala gəlib. Evlərdə nə qaz, nə də su xətti yoxdur. Bundan əlavə, elektrik üçün sayğacların quraşdırılması onları narahat edir. Evlərdə qaz olmadığından elektrik enerjisindən çox istifadə edilir. Aksiya iştirakçılarının əsas tələbi qaz və su xəttinin çəkilməsidir. Əks halda, elektrik sayğaclarının quraşdırılmasına icazə verməyəcəklərini bildirdilər.


Qeyd edək ki, əhali 360 tonluq su anbarı ilə təmin olunur. Lakin yanvar ayının 18-dən etibarən su verilişi dayandırılıb. Məcbur köçkünlər su qabları ilə kilometrlərlə məsafədən su daşımağa məcbur olurlar. Halbuki yaşadıqları evlərə yaxın 1 km-ə yaxın məsafədə su xətti var. Onlar “Azərsu” ASC-yə məktub göndərdiklərini, lakin bir cavab ala bilmədiklərini dedilər.


Binaların divarları uçmuş vəziyyətdədir, damları dağılmaq üzrədir. Hava küləkli olan zaman bu, bədbəxt hadisələrə yol aça bilər. Elektrik xətləri yararsız vəziyyətə düşüb. Yağışlı havalarda tez-tez qısaqapanmalar olur.


Məcburi köçkünlər yeni evlərlə təmin olunmalarını istəyirlər. Balaca, ensiz otaqlarda 5-6 nəfərin yaşaması çətindir. Evlərin rütubət içərisində olması müxtəlif xəstəliklərə yol açır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26