Interposta.Info

Apelyasiya Şuralarınə iş görür: fəaliyyətsizlik, yoxsa...?

Ölkə
 17-01-2018, 11:57     10 347

Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli fərmanı ilə Mərkəzi, Yerli İcra Hakimiyyəti orqanları yanında Apelyasiya Şuralarının yaradılmasından artıq 2 il keçir. Apelyasiya Şuralarının yaradılmasında əsas məqsəd sahibkarlarla dövlət qurumları arasında yaranan mübahisələri məhkəmə getmədən yerində həll etmək və sahibkarlara dəstək göstərməkdir.

Lakin ötən müddət ərzində bəzi dövlət qurumları yanındakı şuraların fəaliyyəti ilə bağlı məlumatlar verilsə də, əksəriyyətinin fəaliyyəti, indiyə qədər hansı işləri həyata keçirmələri barədə ümumiyyətlə məlumat yoxdur. Təbii ki, belə hallar, yəni hesabatlılıq sisteminin ictimaiyyətə çatdırılmasındakı zəif təşkilatlanma sahibkarların da bu təşəbbüsə olan inam və etimadını zədələyir, ortaya belə bir mənzərə çıxır: Apelyasiya Şuralarının ya sadəcə adı var, fəaliyyətləri isə yox, ya da mövcud qurumlar lazımi hesabatları ictimaiyyətə çatdırmaqda maraqlı deyillər.

interposta.info xəbər verir ki, Qaynarinfo-ya açıqlama verən Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev Apelyasiya Şuralarının yaradılmasının gözəl təşəbbüs olduğunu, sahibkarlara kömək göstərildiyini bildirib. Sabiq millət vəkili piar məsələlərində, hesabatların ictimaiyyətə çatdırılmasında zəif təşkilatlanmanın olduğunu təəssüflə qeyd edib:


"Apelyasiya Şuralarının yaradılamsında əsas məqsəd sahibkarlıq subyektləri ilə dövlət orqanları arasında yaranan mübahisələrə daha operativ şəkildə münasibət bildirməkdir. Bu da biznes mühitinin yaxşılaşdırılmasına və inkişafına əhəmiyyətli dərəcədə təsir göstərə biləcək bir addım oldu. Çünki məhkəmələrə müraciət zamanı uzunmüddətli prosedurlar tələb edilir. Bu da xeyli vaxt itkisi deməkdir ki, bütövlükdə biznes mühitinə mənfi təsir göstərən amildir. Ona görə də 2016-cı ildə cənab prezident biznes mühitinin yaxşılaşdırılması ilə bağlı dövlət orqanları ilə sahibkarlar arasında yaranan mübahisələrin operativ həlli üçün belə bir şuraların yaradılması haqqında fərman verdi və mərkəzi, yerli icra hakimiyyəti orqanlarının, həmçinin Prezident Administrasiyası yanında da belə şuralar yaradıldı.

Bildiyiniz kimi il ərzində bu şuralar görülən işlərlə bağlı prezidentə hesabatlar verirlər. Deyə bilərəm ki, ötən müddət ərzində çoxsaylı sahibkarların müraciətlərinə baxılıb və əsas etibarilə sahibkarların xeyrinə qərarlar çıxarılır. Təəssüf ki, bir sıra hallarda Apelyasiya Şuraları öz fəaliyyətləri ilə bağlı geniş məlumatı ictimaiyyətə zamanında vermirlər. Düzdür, bəzi qurumlar öz hesabatlarını saytlarında yerləşdirirlər, lakin əksər hallarda hesabatlılıq sistemində piar məsələləri zəif təşkil edilir, halbuki onlar müxtəlif işlərə baxır və pozitiv qərarlar da qəbul edirlər. Əgər bu məsələlərə diqqət ayrılsa, sahibkarların bu işə inam və etimadı daha da artar.

Əgər onlar bizimlə əlaqəli şəkildə işləmək istəsələr, biz də böyük məmnuniyyətlə Açıq Hökumət Platforması olaraq bu məsələləri cəmiyyətə çatdırmağa hazırıq.

Yeri gəlmişkən onu da qeyd edim ki, bu günlərdə Apelyasiya Şuraları haqqında fərmana dəyişiklik olundu. Belə ki, artıq Apelyasiya Şuralarına sahibkarlıq məsələləri ilə bağlı yaranmış mübahisələrlə yanaşı, həmçinin dövlət qulluğuna qəbulla bağlı müsahibə mərhələsindən sonra şikayət yaranarsa, həmin məsələlərə də baxmaq hüququ verilib.

Biz Açıq Hökumət Platforması olaraq Azərbaycan Respublikası Prezidentinin "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqini həyata keçiririk. Həmin monitorinqdə bu məsələlər də var. Biz onun da qiymətləndirilməsini aparacağıq və bu ilin may ayında geniş şəkildə hesabat yazırlayıb, təqdim edəcəyik.

Hələlik isə aparılan təcrübələr onu göstərir ki, bəzi Apelyasiya Şuralarının fəaliyyətində dəyişikliklərin edilməsinə ehtiyac var".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26