Interposta.Info

Azər Qasımlının həbsindən apelyasiya şikayəti verilib

Ölkə
 31-05-2018, 08:51     10 403

Mayın 29-da REAL Partiyasının təmsilçisi Azər Qasımlı Yasamal Rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati həbs cəzası alıb. Partiya funksionerinə qarşı İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə ittiham irəli sürülüb.

A.Qasımlı Binəqədi Müvəqqəti Saxlanma Təcridxanasına köçürülüb. Bu barədə “Yeni Müsavat”a A.Qasımlının həyat yoldaşı Samirə Qasımlı məlumat verib: “Azəri mayın 30-da saat 14:00 radələrində saxlanma təcridxanasına gətiriblər. Həmin saata qədər bizə onun harada saxlanıldığı barədə məlumat vermirdilər. Görüşmək üçün təcridxanaya getdim. Lakin sənədləşdirmə işlərinin aparılmadığı və Azərin rəislə hələ görüşmədiyini deyərək, mənə görüşə icazə verilmədi. Amma əşyalarını qəbul etdilər. Mayın 31-də görüş veriləcəyini dedilər”.

A.Qasımlının vəkili Elçin Sadıqov qərardan apelyasiya şikayəti verdiklərini söylədi: “İnzibati xəta üzrə icraata xitam verilməsini və Azər bəyin həbsdən azad edilməsini xahiş etmişik. Ola bilər ki, şikayətimizə ya mayın 31-də, ya da iyunun birində baxılsın. Ümidimiz olduğu üçün apelyasiya şikayəti verdik. Birinci instansiya məhkəməsinin qərarını əsassız və qanunsuz hesab edirik. Ümid edirik ki, Apelyasiya Məhkəməsi ədalətli qərar verəcək. Azər bəy heç bir hüquq pozuntusu törətməyib”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26