Interposta.Info

"Qorxurdum ki, atamın cənazəsini verməzlər..." - jurnalistin atasının ölüm işi

Ölkə
 8-12-2017, 17:46     10 446

Jurnalist İmdad Əlizadənin atasını maşınla vurub, ölümünə səbəb olan şəxsin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Məhkəmə hakim Samir Məmmədovun sədrliyi ilə keçirilib. Prosesdə İmdad Əlizadə bir neçə vəsatətlə çıxış edib. İlk vəsatət təqsirləndirilən şəxsin qəza zamanı maşını idarə edərkən telefonla danışıb-danışmamasının müəyyənləşdirilməsi, təqsirləndirilən şəxsin hava qaralan zaman görmə qabiliyyətinin zəif olub-olmamasının yoxlanılması ilə bağlı olub.

İ.Əlizadə bildirib ki, əgər S.Qarayev hadisə vaxtı telefonla danışıbsa, məsuliyyətsizlik edib və qaydaları pozub. Həmçinin İ.Əlizadənin fikrincə, təqsirləndirilən şəxsin görmə qabiliyyəti zəifdir və istisna edilmir ki, o, sürücülük vəsiqəsini alarkən müvafiq qurumları aldatmış ola bilər.

İ.Əizadə digər vəsatətində təqsirləndirilən şəxsin məhkəmə zalından həbs edilməsini istəyib. Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin vəkili vəsatətlərin təmin edilməməsini istəyiblər.

Təqsirləndirilən şəxsin vəkili Mirzəmmət Rəhimovun vəsatətlərə reaksiyası vəkil etikasına yaraşmayan şəkildə olub. Belə ki, İ.Əlizadənin vəsatətlərinə vəkil gülərək, "nağıl danışır" deyə reaksiya verib. Zərərçəkmişin hüquqi varisi buna etiraz edərək, vəkili etik qaydalara riayət etməyə dəvət edib.

Məhkəmə müşavirədən sonra vəsatətlərin heç birinin təmin edilmədiyini açıqlayıb.

Prosesin davamında İ.Əlizadə məhkəmədə çıxış edib. O, qəza baş verən ərəfədə və atasının 504 gün reanimasiyada qaldığı günlərdə yaşadıqlarını danışıb: "Burada baş verənləri yenidən xatırlamaq, 504 gün atamın reanimasiyada qaldığı günlərdə çəkdiyimiz çətinlikləri danışmaq mənim ürəyimi parçalayır. Hadisə günü səhər saatlarında qohumlardan biri mənə zəng elədi. Atamla İsmayıllı rayonuna yas məclisinə gedəcəkdilər. Atam təyin edilən görüş yerinə getməmişdi. Qohum dedi ki, atamla "Koroğlu" metrostansiyasının yanında görüşməli imişlər. Amma 2 saatdan çox keçsə də o, gəlməyib. Dəfələrlə zəng elədik, amma telefonuna zəng çatmırdı. "102" xidmətinə, təcili yardıma, Bakı Metropliteninə, Bakı Avtovağzalına zəng etdik. Amma bir xəbər ala bilmədik. Bir neçə saat sonra polisdən xəbər gəldi ki, atam "Semaşko"dadır, vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib".

İ.Əlizadə atasının əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) müalicə edildiyini, dəvət edilən həkimlərin məsləhəti ilə daha yaxşı xəstəxanaya köçürülməsi ilə bağlı qərar qəbul etdiklərini deyib: "Amma atamın vəziyyəti ağır olduğu üçün onu nə özəl, nə də digər dövlət xəstəxanaları qəbul etmirdi. Uzun xahişlərdən sonra atamı Mərkəzi Klinik Xəstəxanaya köçürə bildik. Mən atamı xəstəxanadan çıxararkən ərizə yazdım ki, öz razılığım var və həkimlərdən narazı deyiləm. Nə olsa, məsuliyyəti öz üzərimə götürdüm. Bu, məni o qədər qorxutmuşdu ki, yazdıqlarımda 4 dəfə səhv etdim. Mərkəzi Klinik Xəstəxanada 67810 manat xərc çəkdik. Bu məbləği dostlar verdi, borc aldıq. Xəstəxanaya yerləşdirərkən depozit olaraq 2500 istədilər. Ailəmiz yalnız bunun min manatını düzəldə bilmişdi. Müalicəni daha sonra "Avrasiya” Hospitalda davam etdirdik. Atam orada beyin əməliyyatı edildi. 50 min manatdan çox həmin klinikada müalicəyə pul xərcləndi. İndi də həmin klinikaya 11200 manat borcumuz var. Daha sonra xərcləri qarşılaya bilmədiuimizi görüb, Bakı Sağlamlıq Mərkəzinə köçürdük. Artıq atamı itirə biləcəyim ehtimalı ilə də barışmışdım. Amma qorxurdum ki, əgər atam klinikada vəfat edərsə və mən xərcləri ödəməsəm, atamın cənazəsini mənə verməyəcəklər".

İ.Əlizadə atasının ümumilikdə 504 gün koma vəziyyətində müalicə olunduğunu deyib. Məcburi köçkün ailəsi olduqlarına deyən İ.Əlizadənin sözlərinə görə, xəstəxanaların xərclərini yalnız xeyirxah insanların, dostların, yaxınların köməyi ilə ödəyə biliblər. O, bildirib ki, müalicəyə kömək məqsədi ilə 2 dəfə atasının "54 gün erməni mühasirəsində" kitabının satış aksiyasını keçiriblər və yığılan pullar qəpiyinə qədər müalicəyə xərclənib.

Qəzanı törədən şəxsin hərəkətlərindən narazı qaldığını deyən İ.Əlizadə bunu özlərinə qarşı hörmətsizlik kimi qarşıladığını söyləyib: "Qəza baş verən gün mən heç maraqlanmadım ki, hadisə necə olub. Tək məqsədim atamı xilas etmək idi. Seymur Qarayev isə məni aldadıb. Etibarımdan sui-istifadə edib. Cəmi 4 min manat maddi yardım edib. Seymur Qarayev məni dəfələrlə aldatdı ki, "gəlirəm, pul verəcəm". Lakin həmin vədlərinə indiyə qədər də əməl etməyib. Hətta bu gün də dostlar və qohumlar buna görə məni qınayırlar. Onlar bildirirdilər ki, "Sən niyə Seymur Qarayevlə yumşaq davranırsan?" Seymur Qarayev də mənim onunla yumşaq davranmağımdan istifadə etdi və indi də edir. Mənim bu günə qədər “Avrasiya” Hospitalına 11 min 270 manat borcum qalıb. Həmin borcların da yaranmasına səbəb Seymur Qarayev oldu. Çünkü mənə hər dəfə deyirdi ki, "pulu gətirirəm, yoldayam". Amma hər dəfə yalançı çıxırdı. Nə özü, nə də yaxınları keçirdiyimiz aksiyalara gəldi, əməliyyatdan sonra bir dəfə də maraqlanmadılar".

Zərərçəkmişin hüquqi varisi bir daha vurğulayıb ki, təqsirləndirilən şəxsə qarşı 166 min 531 manat mülki iddia qaldırıb və o, xəstəxanalara ödənilmiş məbləğlərin qəbzlərini məhkəməyə təqdim edib. Təqsirləndirilən şəxsin müdafiəçisi mülki iddianı qəbul etmədiklərini deyib.

İttihamda yazılır ki, S.Qarayev 2016-cı ilin fevral ayının 14-də saat 06:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "GAC MİNİK" markalı, 99-AD-434 qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olarkən yolun Z.Bünyadov prospekti, 70A saylı ünvanın qarşısına düşən hissəsində "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinin 1-ci hissəsinin - sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir, kimi tələbləri pozaraq, piyadalar Əliyev Əli Əlqəmə oğlu və Talıbov Əliəskər Məmmədli oğlunun yolu onun hərəkət istiqamətinə nəzərən sağdan sola keçdiklərini gördüyü halda idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməyib və həmin avtomobilin qabaq tərəfi ilə piyadaların hər iksini vurub.

Nəticədə o, ehtiyatsızlıqdan Ə.Əliyevin sağlamlığına ağır kəllə-beyin travması, kəllə əsası sümüklərinin sınığı, baş beyində çoxsaylı lokal qansızma ocaqları, yan mədəcikdə qansızma, burun sümüyünün sınığı, sol baldır sümüklərinin çox qəlpəli sınıqları, ağciyərdə kontuziya ocaqları, sağ VI-VII qabırğalarda öndə sınıq, hər iki döş boşluğunda sərbəst yağıntı kimi həyat üçün təhlükəli və ölümü ilə birbaşa səbəbli əlaqədə olan ağır zərər vurmaqla ölməsinə səbəb olan qəza törədib və bu zaman yol nəqliyyatı qaydalarını pozub. Digər zərərçəkmiş Ə.Talıbovun sağlamlığına ağır zərər vurmaqla yol nəqliyyatı qaydalarını pozub.

Elan olunmuş ittiham üzrə S.Qarayev özünü təqsirli bilib, amma mülki iddianı qəbul etməyib. S.Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, Ə.Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biri olub. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Ə.Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Ə.Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən "54 gün mühasirədə” adlı sənədli film çəkilib. O, həmçinin "54 gün erməni mühasirəsində” kitabının müəllifidir. Ə.Əliyev altı övlad böyüdüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26