Interposta.Info

3 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı məhkəmə bitdi -

Ölkə
 26-02-2018, 18:45     10 512

Ölümlə nəticələnən avtomobil qəzası törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vüsal Abdullayevin və Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Vüsal Abdullayevin 10 il, Rəşad Məmmədovun isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmədə Vüsal Abdullayev özünü qismən təqsirli bilib. Rəşad Məmmədov isə özünü tam təqsirli bildiyini deyib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 263.3-cü (iki və daha artıq şəxsin ölümü ilə nəticələnən avto qəza törətmə) maddəsi ilə ittiham edilir.

Hadisə Kürdəxanı qəsəbəsində baş verib. Ağır qəzada 3 nəfər dünyasını dəyişib. Qəza zamanı 1999-cu il təvəllüdlü Həsənov İbrahim Bəhruz oğlu, 1994-cü il təvəllüdlü Səmədova Sevinc Şahin qızı və 22 yaşlı Ramilə Cəfərova dünyasını dəyişib.
1991-ci il təvəllüdlü Qocayev Elxan Məmməd oğlu isə ağır xəsarət alıb.

Dünyasını dəyişənlər və yaralanan şəxslər taksi fəaliyyəti ilə məşğul olan Rəşad Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobildə olublar.

Qəzada iştirak edən digər maşın isə "188" evakuator xidmətinə məxsus "90-JZ-887" dövlət qeydiyyat nişanlı "MAN" markalı yük maşını olub. Evakuatorun sürücüsü Vüsal Abdullayev yol hərəkəti qaydalarınl pozaraq yolu qadağan olunmuş hissədən dönüb. Yüksək sürətlə gələn "Mercedes" isə sürəti azalda bilməyib və evakuatora çırpılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26