Interposta.Info

Vurulan məmurlar seçki ilində özlərini necə aparacaq -

Ölkə
 2-12-2017, 09:03     10 330

Sərdar Cəlaloğlu: “Müxalifət düşərgəsindən kiminsə son illərdə "vurulmuş" keçmiş məmurlardan, oliqarxlardan hansısa açıq və gizli dəstək gözləməsi hədərdir”; Əli Əliyev: “Vurulmuşlar”, kapitalını itirəcəyindən ehtiyat edənlər də seçkidə hakimiyyətin alternativi olan siyasi qüvvələrə dəstək verə bilərlər"

Prezident seçkisi olması səbəbindən 2018-ci ilin siyasi cəhətdən aktiv il olacağı gözlənilir. Seçki ilinin iqtidar və müxalifət üçün daha məsuliyyətli olduğu da bəllidir. Seçkinin xarakterik tərəflərindən biri də hər iki düşərgənin seçki mübarizəsində bir-birilərinə problemlər yaratmağa çalışmasıdır. Azərbaycanda son illərdə “vurulan” məmurlar, nazirlər, həbsdəki keçmiş məmurlar, keçmiş MTN və rabitə çetesinin seçki ilində özünü necə aparacağı da maraq doğurur.

Sözügedən təbəqə 2018-ci il prezident seçkisi dövründə yaranacaq siyasi aktivlikdən istifadə edə, hakimiyyətə problemlər yaşada, gizlin olsa da hansısa qüvvəyə dəstək verə bilərmi?

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Şplengler nəzəriyyəsinə görə, böyük pullar hansı üsullarla qazanılırsa, həmin üsullarla da sərf olunur. Kapitalı korrupsiya, rüşvət və digər çirkli yollarla qazanılan kapitalı siyasətə qoymazlar. Onlar pulu qanunsuz işlərə qoyarlar. Ona görə də onlar nə seçkiyə qoşula, nə də siyasətə hansısa şəkildə baş vura bilərlər: “Çünki o cür adamlar həddən artıq qorxaqdırlar, gözükölgəlidirlər. Xalqın, dövlətin malını talamış, haram yollarla kapital toplamış və hansısa mərhələdə vəzifədən kənarlaşdırılmış, yaxud həbs edilmiş məmurlar o dərəcədə qorxaq və gözükölgəlidirlər ki, hətta onların əyinlərindən paltarlarını da çıxarsalar belə onlar etiraz etməzlər. Ona görə ki, əyinlərindəki paltarlardan tutmuş, uşaqlarının yediyi çörəyə qədər hamısı qanunsuz yollarla, oğurluqla əldə olunub. Belə şəxsləri istənilən an cinayət məsuliyyətinə cəlb edib hüquqi müstəvidə onun məsələsini həll edərlər. Onlara qarşı kifayət qədər sübut tapmaq su içimi qədər asandır.

Odur ki, o cür adamların siyasətə, seçki prosesinə baş qoşması imkanı sıfırdır. Bu baxımdan da onların seçki ilində iqtidara problem yaratması ehtimalı sıfıra yaxındır. Onların hətta gizli şəkildə də müxalifətə, hakimiyyətə rəqib olan qüvvəyə dəstək verməsi ehtimalı yox dərəcəsindədir. Bu günə qədər biz görməmişik ki, vəzifədən kənarlaşdırılmış o oğrulardan kimsə hansısa bir normal siyasi işə dəstək versin. Başlarına nə qədər müsibət gəlsə də belə, onların cürəti çatmır buna. Başlarına nə oyun açılır-açılsın zamanında elədikləri cinayətləri göz önünə alıb deyəcəklər ki, buna da şükür. Məsələn, keçmiş nazir Ziya Məmmədovun kapitalı əlindən alınır, ancaq ondan səs çıxmır, heç bir siyasi prosesə qoşulmur, dəstək vermir. Sakit dayanaraq deyir ki, alınır-alınsın indiki vəziyyətimə də şükür. Çünki bilir ki, əksini etsə onun daha ağır cəzaya məruz qoyulması üçün daha ağır suçlarının hüquqi gündəmə gətirilməsi ehtimalı böyükdür. Ona görə də onu müflis etsələr belə səsini çıxarası, siyasi proseslərə qoşulası deyil”.

S.Cəlaloğlu bəyan etdi ki, müxalifət düşərgəsindən kiminsə son illərdə “vurulmuş” keçmiş məmurlardan, oliqarxlardan hansısa açıq və gizli dəstək gözləməsi hədərdir.

VİP sədri Əli Əliyev isə hesab edir ki, “vurulmuş” məmurlar, hətta “vurulacağından”, kapitalını itirəcəyindən ehtiyat edənlər də seçkidə hakimiyyətin alternativi olan siyasi qüvvələrə dəstək verə bilərlər. Bu isə hakimiyyət üçün problemlər yaradar: “Azərbaycan böyük bir iqtisadi mərhələ yaşayıb. Bizdə ilkin kapital yığımı oğurluq, proteksiya və digər yollarla olsa da, baş tutub. Bu ciddi faktdır. Misal üçün bizə bənzər, yəni neft tutumlu iqtisadiyyatlara malik keçmiş sovet respublikalarından Rusiya və Qazaxıstanda bu mərhələ fərqli xətt üzrə inkişaf edib. Pulun qazanılma yollarında meyarlar eyni olsa da, onların rəsmiləşməsi baş verib, yəni kapital legitimləşib. Dövlətçilik baxımından bu mühüm faktordur. Amnistiya edilmiş kapitalın ölkə iqtisadiyyatına yatırılması, onun iş yeri yaratması, vergi ödəməsi, əmtəə istehsalı asanlaşır, sərmayə ölkədən qaçmır, vergi cənnətlərinə axıdılmır. Yeri gəlmişkən, prezident seçkisində uğur əldə etsək, bu sahədə ilk fərmanlarımızdan biri maliyyə amnistiyası haqqında olacaq. Adı çəkilən kateqoriya məmur təbəqəsi ciddi kapital sahibləridir. Kapitalın çox maraqlı xüsusiyyətləri var-o dinc dura bilmir, siyasi himayə istəyir və çox ürkək olur. Ən azı bu səbəblərdən nəinki ”vurulmuş", hətta postlarında qalan, lakin artıq vəzifədən saxlanacaqlarına inanmayan, kapitalı üçün rahatsız və nigaran olan seqmentin nümayəndələri bu seçkidə hakimiyyətin inandırıcı rəqiblərinə dəstək verə bilərlər və verəcəklər də. Məhz o səbəbdəndir ki, qeyri-rəsmi səviyyədə dolaşan informasiya axını içərisində oliqarxların “budanması” haqda söhbətlərə rast gəlinir.

Növbəti prezident seçkisində fikrimcə, müəyyən gedişatda həm “vurulmuş”, həm də fəaliyyətdə olan oliqarxların prosesə qoşulmaq, müxalifətdəkilərdən kiməsə dəstək ehtimalı yüksəkdir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26