17 oktyabr 2018-ci il:
Əsas seçki hazırlıqlarına gələn ildən start veriləcək
Azərbaycanda gələn il keçiriləcək növbəti prezident seçkisinin ilkin tarixi açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının təsdiqlədiyi 2018-ci ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən prezident seçkisi üzrə səsvermənin oktyabrın 17-də keçiriləcəyi gözlənilir.
"XeberBiz" xəbər verir ki, nazirlikdən “Yeni Müsavat”a verilən məlumatda bildirilib ki, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir. Seçki Məcəlləsinin 178-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir və seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində dərc edilir. 2018-ci ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq 2018-ci ilin 17 oktyabr tarixi iş günü hesab edilməyən Azərbaycan Respublikası Prezidentinin seçki günü kimi nəzərə alınır.
Beləliklə, prezident seçkisinə 9 aydan az vaxt qalır. Hakimiyyətin seçki hazırlıqları üçün kifayət qədər insan, maddi, inzibati resurslarının olduğu aydındır. Bu resurslar iqtidarın işini şübhəsiz ki, asanlaşdırır. Seçki kimi ağır prosesdə müxalifət düşərgəsinin işinin heç də asan olmadığı da bəllidir. Artıq müxaliflərin özləri də indiki vəziyyət davam edəcəyi halda seçki ilindən ciddi nəticə gözləmirlər. Bu barədə “Yeni Müsavat”a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, bugünkü vəziyyət davam edəcəyi halda 2018-ci il prezident seçkilərindən də fundamental dəyişiklik gözlənilmir. Bununla belə, S.Cəlaloğlu indi verilən proqnozların əksinin də baş verməsinin istisna olmadığını düşünür: “Dünyada siyasi proseslər o qədər sürətlə inkişaf edir ki, hər dəqiqə siyasi palitra dəyişə bilər. Ona görə də bu gün üçün verdiyimiz proqnozlar özünü doğrultmaya da bilər. Seçkilərə yaxınlaşdıqca daha çox seçkilərlə bağlı mülahizələr yürüdə bilərik. İndiki şərtlər daxilində növbəti seçkilərdə də ciddi nəticələr alınmayacaq, bizim gözlədiyimiz demokratik dəyişikliklərin olması, məncə, baş verməyəcək”.
O ki qaldı bu gün prezidentliyə namizədliyi irəli sürülən və namizədliyi irəli sürüləcəyi gözlənilən siyasi liderlərdən hansının nisbətən şanslı olub-olmadığına, Sərdar Cəlaloğlu dedi ki, Azərbaycanda demokratik seçkilər keçirilərsə, yalnız o zaman şans məsələsi ciddi əhəmiyyət daşıyar: “Seçki demokratik olmayanda, seçki kampaniyası ədalətli olmayanda bu cür seçkilərdə şansın olub-olmamasının əhəmiyyəti olmur. Belə vəziyyətdə hakimiyyət və seçki komissiyaları hansı qüvvənin əlindədir, şans da yalnız ondadır. Hazırkı vəziyyətdə müxalifət düşərgəsindən heç kimin şansı yoxdur. Favorit namizəd isə seçki kampaniyasının gedişində bəlli olur və yəqin ki, bu dəfə də olacaq. Ancaq favorit namizədin olması o demək deyil ki, prezident olmaq şansı da var. Seçki demokratik olmadığı halda hansısa namizədin favorit olması da həlledici əhəmiyyət daşımır. Hansısa namizədin şəxsiyyəti diqqəti cəlb edə, cəmiyyətdə ümid yarada bilər. Amma təkcə bu amil seçkinin taleyini həll eləmir. Böyük maliyyə resursları və xarici dövlətlərin ciddi dəstəyi olmadan kimsə Azərbaycanda seçkilərdə böyük dəyişikliklərə, qələbəyə nail ola bilməz. Müxalifət düşərgəsinin və namizədlərinin üç ciddi problemi var. Birinci problem pulsuzluqdur, ikincisi, xalqdan və beynəlxalq birlikdən dəstəyin olmaması, üçüncü problemi isə seçkinin demokratik keçirilməməsi, seçki komissiyalarının hakimiyyətin əlində olmasıdır. Belə bir şəraitdə Azərbaycan müxalifətinin seçkilərdə böyük nəticə əldə etməsini gözləmək düzgün olmaz”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26