Interposta.Info

“2018-də yeni "Rüstəm İbrahimbəyov ssenarisi" ortaya çıxarıla bilər"-

Siyasət
 24-05-2017, 09:59     520

Moskvanın Azərbaycanda seçkiyə hazırlaşdığı barədə iddialar

2013-cü ildə keçirilən prezident seçkilərinə təxminən bir il qalanda tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov siyasi meydanda parlamağa başladı və qısa zamanda elə bir proses həyata keçirildi ki, İbrahimbəyov ənənəvi müxalifət düşərgəsinin əksər hissəsi tərəfindən lider qəbul edildi. Ardınca Rusiyadakı Azərbaycan əsilli bir qrup məşhur adamın daxil olduğu “Milyarderlər ittifaqı” yaradıldı. Beləliklə, get-gedə aydın oldu ki, Rüstəm İbrahimbəyov, “Milyarderlər ittifaqı” və Milli Şura Moskvanın Azərbaycandakı prezident seçkiləri öncəsi təşkil etdiyi layihədir. Bununla Azərbaycan iqtidarına təzyiq etmək məqsədi güdülüb.

Qarşıda Azərbaycanı növbəti prezident seçkisi gözləyir. Növbədənkənar prezident seçkiləri təyin edilməyəcəksə növbəti prezident seçkisinə 1 ildən bir qədər artıq zaman qalıb. Seçkiyə yaxınlaşdıqca Rusiyadan yeni bir “Rüstəm İbrahimbəyov ssenarisi” işlənə və növbəti bir “İbrahimbəyov” meydana çıxarıla bilərmir?

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, əgər 2018-ci ildə prezident seçkiləri keçiriləcəksə, o zaman Azərbaycanda istənilən siyasi proseslərdə aktyor olmağa alışmış Rusiya təbii ki, sakit dayanmayacaq:
“Moskva hansısa istəklərini reallaşdırmaq üçün Azərbaycanda seçkiləri həmişə fürsət kimi görür. Növbəti seçkilərdə də ənənəvi davranışı nümayiş etdirə bilər. Əvvəlcə hansısa şəxsi önə verib onun ”təhlükəli rəqib" obrazını yarada və hakimiyyəti bu yolla sıxışdıra bilərlər. Nəzərdə tutduqları hansısa maraqları təmin etdikdən sonra isə proyekti bir kənara qoya və hakimiyyətin namizədinə ən azından loyal yanaşa bilərlər. Keçən dəfəki seçkidə demək olar ki, belə bir ssenari həyata keçirilmişdi. Bu dəfə də buna bənzər ssenarinin olmayacağını əminliklə söyləmək mümkün deyil. Ancaq bu dəfə ssenarinin sonda özünü hakimiyyətin namizədinə dəstək verilməsi ilə yekunlaşması hakimiyyətlə Rusiya arasında əldə olunacaq razılıqdan asılı olacaq. Hələliksə müşahidələr onu göstərir ki, belə bir razılıq əldə olunmayıb. İstər Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi, istərsə də ordudakı casus əməliyyatında sətraltı Rusiyanın adının hallandırılması aradakı narazılıqların açıq nümunəsidir. Məlum məsələdir ki, münasibətlər bu istiqamətdə gedərsə Rusiyanın sonadək öz namizədi olacaq. Bu namizədin kimliyi isə seçkilər yaxınlaşdıqca daha aydın bilinəcək. Düzdür, düşünürəm ki, artıq Rusiyada fəaliyyət göstərən iş adamlarından birinin adı bu və ya digər formada bu rolda hallanır. Özü bunu inkar etsə də hakimiyyətə yaxın informasiya mənbələrində ona olan hücumlar düşündüklərimizi təsdiq edir. Rusiyanın 2018-ci il prezident seçkilərində aktiv iştirakçı olacağı dəqiqdir. Bu iştirakın hansı formada olacağı isə seçki yaxınlaşdıqda aydın olacaq. İndidən nə isə dəqiq fikir demək olmur. Zamanla bunun konturları daha aydın görünəcək".

AMİP katibi Əli Orucov isə bildirdi ki, “Rüstəm İbrahimbəyov ssenarisi” müxalifət düşərgəsinin məlum qanadının da daxil olduğu ən pis və ən uğursuz ssenari idi. Həmin ssenari sonda müxalifətin zərərinə, hakimiyyətin xeyirinə işlədi: “2018-ci il seçkiləri əvvəlki seçkilərdən fərqli olaraq gərgin keçəcək. Ona görə yox ki, müxalifət birləşib güclü namizədlə çıxacaq. Bu seçkini gərgin edəcək əsas səbəblər region uğrunda böyük dövlətlərin və hakimiyyətdaxili qruplaşmalar arasında ziddiyyətlərin dərinləşməsi, iqtidardaxili müxalifətin mübarizəyə qoşulması olacaq.

Bununla yanaşı Moskva yeni “İbrahimbəyov ssenarisi” hazırlasa belə, zənn etmirəm ki, Azərbaycanda iqtidar dəyişikliyində maraqlı olsun. Həlledici anda Rüstəm İbrahimbəyovu oyundan çəkdilər, müxalifət düşərgəsi oyunda uduzduruldu, hakimiyyətin namizədinin önündə güclü rəqib olmayan bir vəziyyət yaradıldı. Azərbaycanda hakimiyyət dəyişikliyinə cəhd Qərbdən gələ bilər ki, bunu da hələ işartıları gözlə görünəcək qədər zəifdir. Qərbin buna getməsi üçün isə ilk növbədə daxildən təşəbbüs gəlməli, demokratik düşərgədə canlama baş verməli, düşərgə özünün alternativ olmasına diqqəti cəlb edə bilməlidir. Hələlik isə bu da müşahidə edilmir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26