Interposta.Info

Masallı sakinlərinin 20 illik yol problemi -

Ölkə
 10-11-2017, 13:07     10 512

Masallı sakinlərinin 20 ildir mövcud yol problemi həllini tapmır.

"Report"un Cənub bürosu xəbər verir ki, rayonun 10 mindən artıq əhalisinin yaşadığı Türkoba, Hişkədərə, Mişkəmi, Miyənkü, Nəzəroba və Kubin kəndlərinə getmək üçün Lənkəran-Boradigah şosesindən ayrılan avtomobil yolunun uzunluğu 8 kilometrdir və bərbad halda olan bu yol sonuncu dəfə 20 il bundan əvvəl təmir edilib.

Yol kənarında su ötürücülərinin olmaması səbəbindən yağış suları yolun üst qatını yuyaraq geniş çalalar əmələ gətirir və bu da kənd sakinlərinin rayon mərkəzinə getməsinə, şagirdlərin, əsasən, payız-qış aylarında məktəbə getməsinə, xəstə olanda kəndə çağırılan təcili yardım maşınlarının gəlməsinə, həmçinin fövqəladə hallarda çətinliklər yaradır.

Vəziyyətdən çıxmaq üçün kənd adamları imkan daxilində vəsait toplayıb yollara qum-çınqıl tökdürsələr də, bu, problemin həlli müvəqqəti xarakter daşıyır. Yağış-qar yağan kimi, yenə çalalar və palçıq səbəbindən hərəkət etmək mümkün olmur.

Sakinlər illərdir problemli vəziyyətdə olan yollarının nə zaman təmir olunacağı günü gözləyirlər. Onlar deyir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, bu məsələnin həllinə nail ola bilməyiblər.

Problemə münasibət bildirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirib ki, yolun təmiri üçün gələn ili gözləmək lazımdır.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 20 min km avtomobil yolu var və bunun yarısı kəndlərarası yollardır ki, onların da 70-80%-nin təmirə ehtiyacı var: “Kəndlərarası yolların əksəriyyətində ümumiyyətlə heç vaxt asfalt örtüyü olmayıb. Onlar torpaq və çınqıl örtüklüdür, SSRİ dövründə təmir edilməyib. Yalnız müstəqillik əldə ediləndən sonra həmin yolların təmirinə başlanılıb. Əvvəlcə magistral yollar təmir olunmağa başlanıldı, sonra rayonlararası yollar və bir-neçə ildir artıq kəndlərarası və qəsəbələrarası yolların da təmiri aparılır. Özü də bu məsələ sırf ölkə rəhbərliyinin diqqətdə saxladığı məsələdir. Çünki, kənd yollarının yenidən qurulması ilə insanların birbaşa həyat şəraitinə müsbət təsir edən həm kənd təsərrüfatı, həm də turizm inkişaf edir, yeni turizm marşrutları yaranır. Ötən il bu istiqamətdə 32 kəndlərarası və qəsəbələrarsı yol yenidən qurularaq istifadəyə verilib, bu il bu rəqəm 40-dan artıqdır. Hazırda ölkənin elə bir rayonu yoxdur ki, orda mütləq şəkildə 1 kəndlərarası yol yenidən qurulmasın. 1 kənd yolu hansısa rayonda yekunlaşan kimi həmin rayonda başqa bir yolun yenidən qurulmasına başlanılır. Bu şərtdir. Birdən-birə də bu işləri hamısını etmək qeyri-mümkündür. Gələn il isə 50-dən artıq kəndlərarası yolun yenidən qurulması nəzərdə tutulub və artıq bu istiqamətdə hazırlıq işlərinə də başlanılıb. Masallı rayonundakı həmin yol da sözügedən siyahıdadır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26